Az    |     En
      

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 188

Bakı şəhəri, 11 may 2016-cı il

 

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun

təsdiq edilməsi barədə

 

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 mart tarixli 826 nömrəli Fərmanının 3.1.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi" təsdiq edilsin (1 nömrəli əlavə).

2. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin strukturu" təsdiq edilsin (2 nömrəli əlavə).

3. "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 noyabr tarixli 180 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1182; 2013, № 6, maddə 764; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 fevral tarixli 49 nömrəli qərarı) ləğv edilsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası Baş nazirinin müavini  Abid Şərifov

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı il 11 may

tarixli 188 nömrəli qərarı ilə

təsdiq edilmişdir

1 nömrəli əlavə

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin

NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

1.1. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) "Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamına, "Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 28 dekabr tarixli 1659 nömrəli Sərəncamına və "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 mart tarixli 826 nömrəli Fərmanına əsasən fəaliyyət göstərən qurumdur.

1.2. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.

1.3. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ-hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.

1.4. Cəmiyyətin aparatı, idarə, nümayəndəlik və filialları, həmçinin törəmə cəmiyyətləri Cəmiyyətin strukturunu təşkil edir.

1.5. Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir:

tam halda "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti;

qısaldılmış halda "Azəravtoyol" ASC;

ingilis dilində tam adı "Azeravtoyol" Open Joint Stock Company;

ingilis dilində qısaldılmış adı "Azeravtoyol" OJSC.

1.6. Cəmiyyətin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, 2025-ci məhəllə.

 

2. Cəmiyyətin hüquqi statusu

2.1. Cəmiyyət hüquqi şəxsdir, müstəqil balansa, banklarda hesablaşma hesabına və digər hesablara malikdir.

2.2. Cəmiyyətin ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, qanunvericiliyə uyğun olaraq əqdlər, sazişlər, müqavilələr bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququna malikdir, həmçinin vəzifələr daşıyır, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir.

2.3. Cəmiyyət üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və Cəmiyyətin Azərbaycan dilində adı göstərilmiş möhürə, müvafiq ştamplara və blanklara, emblemə, loqotipə və digər fərqləndirici nişanlara malikdir.

2.4. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, həmçinin törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ya ləğv edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Nizamnaməyə və digər müvafiq qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir.

2.5. Cəmiyyət yol infrastrukturunun səmərəliliyinin yüksəldilməsi və inkişafı ilə bağlı zəruri hallarda xarici dövlətlərdə özünün filiallarını, nümayəndəliklərini və törəmə müəssisələrini yarada, yenidən təşkil və ləğv edə bilər.

2.6. Dövlət Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və Cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün dövlətə məxsus səhmlərin dəyəri həddində risk daşıyır.

2.7. Cəmiyyət dövlətin üzərinə götürdüyü hər hansı öhdəliklərinə görə cavabdeh deyildir.

 

3. Cəmiyyətin əsas məqsədləri və fəaliyyət istiqamətləri

3.1. Cəmiyyətin əsas məqsədləri Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmətlərin göstərilməsindən, balansına verilmiş avtomobil yollarının (bundan sonra - avtomobil yollarının), habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsindən, istismarından, bərpasından, təmirindən, yenidən qurulmasından, tikilməsindən, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasından və onların vəziyyətinə nəzarət edilməsindən, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsindən ibarətdir.

3.2. Cəmiyyət bu məqsədlərə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

3.2.1. avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmir edilməsi, yenidən qurulması, tikintisi, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi işlərinin ayrılıqda və ya kompleks şəkildə yerinə yetirilməsi;

3.2.2. avtomobil yollarının inkişaf etdirilməsi və müasirləşdirilməsi ilə bağlı proqramların hazırlanması və aidiyyəti dövlət orqanlarına təqdim edilməsi;

3.2.3. yol təsərrüfatında vahid texniki, maliyyə, kredit və məqsədli investisiya siyasətinin əsaslarının işlənilib hazırlanmasında iştirak edilməsi;

3.2.4. fəaliyyət dairəsinə aid olan sahədə qanunvericilik aktlarının təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;

3.2.5. təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar malların (işlərin və xidmətlərin) satın alınması üçün satınalmalar haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada tenderlərin (müsabiqələrin) keçirilməsinin təşkili və təmin edilməsi;

3.2.6. fəaliyyət dairəsinə aid olan sahənin inkişaf etdirilməsinə dair təkliflərin hazırlanması və aidiyyəti dövlət orqanlarına təqdim edilməsi;

3.2.7. Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin iqtisadi və maliyyə vəziyyətinin təhlil edilməsi və onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə tədbirlərin görülməsi;

3.2.8. təsərrüfat fəaliyyətinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizlik normalarının tələblərinə riayət edilməsinin, habelə ekologiyanın və əhalinin sağlamlığının mühafizəsi tələblərinin yerinə yetirilməsinin təmin edilməsi;

3.2.9. avtomobil yollarının torpaq sahəsində qoruyucu meşə zolaqlarının və digər yaşıllıq sahələrinin salınması, bərpası, mühafizəsi məqsədi ilə tədbirlərin görülməsi;

3.2.10. fəaliyyət dairəsinə aid olan sahə üçün kadrların hazırlanması və ixtisaslarının artırılması ilə əlaqədar məsələlərin həlli;

3.2.11. Cəmiyyətin işçilərinin sosial müdafiəsinin və əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsi;

3.2.12. avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının qorunmasının təmin edilməsi;

3.2.13. Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin səfərbərlik və mülki müdafiə hazırlığının təmin edilməsi;

3.2.14. Cəmiyyətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş mənbələrdən (dövlət büdcəsinin vəsaiti, kreditlər, qrantlar, texniki yardımlar) daxil olan vəsaitlərin təyinatı üzrə xərclənməsinin təmin edilməsi;

3.2.15. yol təsərrüfatının maddi-texniki bazasının gücləndirilməsi üzrə tədbirlərin görülməsi, ondan səmərəli istifadə olunmasının təmin edilməsi;

3.2.16. fəaliyyət istiqamətlərinə uyğun yol təsərrüfatı üçün zəruri olan xammalın və materialların istehsalı və satışı;

3.2.17. yol infrastrukturunun inkişaf etdirilməsi məqsədi ilə bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi, qanunla müəyyən edilmiş qaydada xarici ölkələrin müvafiq qurumları və təşkilatları ilə əməkdaşlığın həyata keçirilməsi;

3.2.18. təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar müqavilə əsasında elmi təşkilatların, şirkətlərin, mütəxəssislərin, o cümlədən xarici mütəxəssislərin cəlb edilməsi;

3.2.19. yol təsərrüfatının inkişafı ilə bağlı tədbirlərin görülməsi;

3.2.20. avtomobil yollarının torpaq sahələrində tikili və qurğuların inşasına razılığın verilməsi və verilmiş razılığın şərtlərinə riayət olunmasına nəzarət edilməsi;

3.2.21. avtomobil yolları, habelə körpülər, tunellər və digər yol qurğuları üzərindən müvafiq mühəndisi kommunikasiyaların çəkilməsinə razılığın verilməsi;

3.2.22. Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi ilə bağlı təkliflərin verilməsi;

3.2.23. respublika və yerli əhəmiyyətli avtomobil yollarının siyahısında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflərin verilməsi;

3.2.24. avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolağında reklam və digər məlumat qurğuları lövhələrinin yerləşdirilməsinə yazılı razılığın verilməsi və müvafiq müqavilələrin bağlanılması;

3.2.25. avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolağında reklam və digər məlumat qurğuları lövhələrinin yerləşdirilməsi standartlarına uyğunluğunun müəyyən edilməsi;

3.2.26. təbii fəlakət və fövqəladə hallar zamanı avtomobil yollarında hərəkətin müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmış yol sahələri barədə aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldırılması;

3.2.27. təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədi ilə balansında olan avtomobil yollarının və yol qurğularının bərpası üzrə işlərin həyata keçirilməsi;

3.2.28. avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının tikintisi, yenidən qurulması, təmiri və bərpası üzrə layihə və smeta sənədlərinin şəhərsalma və tikinti qanunvericiliyində nəzərdə tutulmuş qaydada ekspertizasının keçirilməsi üçün tədbirlərin görülməsi;

3.2.29. avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, idarə olunması, saxlanılması, qorunması, cari, orta və əsaslı təmiri, yenidən qurulması işlərinin yerinə yetirilməsi üçün lisenziya tələb olunduqda, həmin işlərin lisenziya alınmadan yerinə yetirilməsi;

3.2.30. avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının istismara qəbul edilməsi məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi;

3.2.31. qorunma (mühafizə) zolaqlarının hüdudlarının işarələnməsinin həyata keçirilməsi;

3.2.32. yolkənarı xidmət obyektlərinin avtomobil yollarına birləşmələrinin yenidən qurulması və təmiri işlərinin görülməsi üçün texniki şərtlərin verilməsi;

3.2.33. Azərbaycan Respublikasında və xarici dövlətlərdə avtomobil yollarının, habelə körpülərin və digər yol qurğularının yenidən qurulması və tikintisi ilə əlaqədar layihələrin həyata keçirilməsi üçün layihəçi və podratçı təşkilatların seçilməsi məqsədi ilə keçirilən tenderlərdə (müsabiqələrdə) müvafiq qanunvericiliyə uyğun olaraq iştirak etməsi;

3.2.34. avtomobil yollarının, habelə körpülərin və digər yol qurğularının bərpası, təmiri, yenidən qurulması və tikintisi ilə əlaqədar layihələrin həyata keçirilməsi zamanı texniki və müəllif nəzarətinin həyata keçirilməsi;

3.2.35. mövcud körpülərin və digər yol qurğularının texniki sınağının keçirilməsində iştirak edilməsi, habelə texniki sınağın keçirilməsi məqsədi ilə ixtisaslaşdırılmış müəssisələrin cəlb olunması üçün tədbirlərin görülməsi;

3.2.36. fəaliyyət istiqamətləri üzrə təkliflərin verilməsi.

 

4. Cəmiyyətin nizamnamə kapitalı, əmlakı və mənfəəti

4.1. Cəmiyyətin nizamnamə kapitalı onun Nizamnaməsinə uyğun olaraq, təsisçinin qərarı ilə Cəmiyyətin mülkiyyətinə verilmiş və qanunla müəyyən edilmiş qaydada qiymətləndirilmiş aktivlərin balans dəyərindən təşkil olunur.

4.2. Cəmiyyətin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər maddi və qeyri-maddi aktivlərdən ibarətdir. Cəmiyyətin əmlakı onun müstəqil balansında əks olunur. Cəmiyyət balansında olan əmlaka münasibətdə sərəncam vermək, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə vermək hüquqlarına malikdir.

4.3. Cəmiyyətin əmlakının dəyəri onun balansında göstərilir.

4.4. Cəmiyyətin nizamnamə kapitalı 249993906 (iki yüz qırx doqquz milyon doqquz yüz doxsan üç min doqquz yüz altı) manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 2 (iki) manat olan 124996953 (yüz iyirmi dörd milyon doqquz yüz doxsan altı min doqquz yüz əlli üç) ədəd sənədsiz adi adlı səhmdən ibarətdir.

4.5. Cəmiyyətin əmlakı aşağıda göstərilən mənbələr hesabına təşkil olunur:

4.5.1. nizamnamə kapitalına daxil olan əmlak;

4.5.2. maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən daxil olan gəlirlər;

4.5.3. qanunla qadağan olunmayan digər mənbələr.

4.6. Cəmiyyətin nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

4.7. Cəmiyyətin nizamnamə kapitalına qoyulan maya puldan, qiymətli kağızlardan, əmlak hüquqlarından və pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.

4.8. Cəmiyyət qanunlarda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra özünün, törəmə cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəəti mərkəzləşdirilmiş fondlarda cəmləşdirmək və həmin vəsaitlər üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

 

5. Cəmiyyətin ali idarəetmə orqanı

5.1. Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır.

5.2. Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 mart tarixli 826 nömrəli Fərmanına uyğun olaraq həll edilir.

 

6. Cəmiyyətin icra orqanı

6.1. İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır.

6.2. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə Cəmiyyətin səhmdarlarının ümumi yığıncağına, habelə bu Nizamnamə ilə Cəmiyyətin sədrinə verilmiş səlahiyyətlər istisna olmaqla, İdarə Heyəti Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir.

6.3. İdarə Heyətinin tərkibi beş nəfərdən - Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədrindən və onun iki müavinindən, Cəmiyyətin sədri tərəfindən təyin edilən Aparatın rəhbərindən və Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsinin rəisindən ibarətdir.

6.4. İdarə Heyətinin işinə Cəmiyyətin sədri rəhbərlik edir.

6.5. İdarə Heyəti:

6.5.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada hesabat verir;

6.5.2. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;

6.5.3. Cəmiyyətin Nizamnaməsində, strukturunda, habelə nizamnamə kapitalında dəyişikliklər edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;

6.5.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edir;

6.5.5. aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;

6.5.6. Cəmiyyətin fəaliyyətinə dair illik iş proqramlarını, onların yerinə yetirilməsi haqqında hesabatları təsdiq edir;

6.5.7. Cəmiyyətin xarici şirkətlərlə birgə işinin məqsədəuyğunluğu barədə məsələlərə baxır;

6.5.8. Cəmiyyətin inkişafı strategiyasının formalaşdırılmasına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;

6.5.9. Cəmiyyətin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində müəyyən edir;

6.5.10. yeni texnologiyaların tətbiqi ilə bağlı qərarlar qəbul edir;

6.5.11. Cəmiyyətin daxili intizam qaydalarını müəyyən edir;

6.5.12. Cəmiyyətin aparatının struktur bölmələrinin, idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin səlahiyyətlərini müəyyən edir;

6.5.13. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərarlar qəbul edir;

6.5.14. Cəmiyyətin digər hüquqi şəxslərə kapital qoyuluşu barədə qərarlar qəbul edir;

6.5.15. Cəmiyyətin saxlanılması və ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunda nəzərdə tutulmuş mənbələrdən (kreditlər, qrantlar, texniki yardımlar, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən daxilolmalar və s.) Cəmiyyətin sərəncamına daxil olan məqsədli vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin edir;

6.5.16. Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququnu həyata keçirir;

6.5.17. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin büdcələrini təsdiq edir;

6.5.18. Cəmiyyətin iştirak etdiyi birgə layihələrə əmlak və (və ya) pul şəklində pay qoyur;

6.5.19. Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin istifadəsi üçün ayrılmış dövlət torpaqlarını təyinatı üzrə istifadə edir;

6.5.20. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, həmçinin törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ya ləğv edilməsi haqqında qərar qəbul edir.

6.6. İdarə Heyətinin iclası üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul olunur. Həmin qərarlar Cəmiyyətin sədri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir.

6.7. Cəmiyyətin İdarə Heyətinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə Cəmiyyətin sədri, o, olmadıqda isə iclasa sədrlik edənin səsi həlledici hesab edilir.

6.8. Avtomobil yolları sahəsində elmi-tədqiqat, layihə-axtarış, tikinti-quraşdırma fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı avtomobil yolları, körpülər və digər yol qurğuları üzrə yüksəkixtisaslı mütəxəssislər və alimlər cəlb edilməklə, Cəmiyyətin tərkibində sədrin müavinlərindən birinin rəhbərliyi ilə Elmi-texniki Şura yaradılır.

 

7. Cəmiyyətin sədri

7.1. Cəmiyyətin sədri:

7.1.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir;

7.1.2. sədrin müavinlərinin vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;

7.1.3. sədrin müavinləri arasında vəzifə bölgüsünü müəyyənləşdirir;

7.1.4. Cəmiyyətin İdarə Heyətinin fəaliyyətini təşkil edir və reqlamentini təsdiq edir;

7.1.5. Cəmiyyətin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, onun hüquq və öhdəliklərinin həyata keçirilməsi üçün zəruri tədbirlər görür;

7.1.6. Cəmiyyət adından etibarnaməsiz fəaliyyət göstərir, habelə Cəmiyyəti bütün dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarda, o cümlədən beynəlxalq təşkilatlarda təmsil edir;

7.1.7. Cəmiyyətin işçilərinin say həddini, ştat cədvəlini, əməkhaqqı sistemini və xərclər smetasını təsdiq edir;

7.1.8. Cəmiyyətin səmərəli fəaliyyət göstərməsini təmin edir;

7.1.9. Cəmiyyətin aparatının struktur bölmələrinin əsasnamələrini, idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, törəmə cəmiyyətlərinin nizamnamələrini, həmçinin Cəmiyyətin idarə olunması ilə əlaqədar sənədləri (bu Nizamnamənin 6.5.11-ci yarımbəndində nəzərdə tutulmuş hal istisna olmaqla) təsdiq edir, onlarda müvafiq dəyişikliklər edilməsi haqqında qərarlar qəbul edir;

7.1.10. Cəmiyyətin aparatının, idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin strukturunu və ştat cədvəlini təsdiq edir, Cəmiyyətin aparatının (sədrin müavinləri istisna olmaqla) işçilərini, idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin rəhbərlərini və onların müavinlərini, baş mühəndislərini və baş mühasiblərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirlərini tətbiq edir;

7.1.11. əmək fəaliyyətində fərqlənən işçilərə fəxri adların və digər təltiflərin verilməsi barədə aidiyyəti qurumlara təqdimat verir;

7.1.12. Cəmiyyətin qərarlarının yerinə yetirilməsinə nəzarəti təşkil edir;

7.1.13. bu Nizamnamənin 6.5.4-cü və 6.5.5-ci yarımbəndlərinin tələbləri nəzərə alınmaqla, əqdlər (o cümlədən, xarici şirkətlərlə) bağlayır və onların yerinə yetirilməsini təmin edir;

7.1.14. etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır, hesabları və tədiyə tapşırıqlarını imzalayır;

7.1.15. Cəmiyyətin idarə edilməsi, cari fəaliyyətinin tənzimlənməsi üçün ona verilmiş səlahiyyətlər daxilində icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir;

7.1.16. Cəmiyyətdə, onun idarə, filial və nümayəndəliklərində, habelə törəmə cəmiyyətlərində beynəlxalq maliyyə, kadr, təchizat və digər idarəetmə qaydalarının və standartlarının tətbiqi ilə bağlı müvafiq tədbirlər görür;

7.1.17. fəaliyyət məqsədlərinə uyğun olaraq, komissiyalar və işçi qrupları yaradır;

7.1.18. Cəmiyyətin mərkəzləşdirilmiş fondlarının yaradılması və istifadə olunması qaydaları barədə qərarlar qəbul edir;

7.1.19. Cəmiyyətin idarə, filial və nümayəndəlikləri, habelə törəmə cəmiyyətləri arasındakı münasibətlərdə yaranan mübahisələri həll edir;

7.1.20. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin işinin təşkilini və onların təsdiq edilmiş gəlir və xərclər smetası üzrə xərclərinin ödənilməsini həyata keçirir;

7.1.21. Cəmiyyətin fəaliyyətini səmərəli təşkil etmək üçün hüquqi şəxs yaratmaqla (birgə müəssisələr) və ya hüquqi şəxs yaratmadan birgə layihələri həyata keçirir və bu layihələri təsis sənədlərinə uyğun olaraq idarə edir;

7.1.22. fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür.

7.2. Cəmiyyətin sədri vəzifələrini yerinə yetirərkən, vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, dövlətin və Cəmiyyətin maraqlarına sadiq olmağa və bu maraqları öz maraqlarından üstün tutmağa və ehtiyatlı olmağa borcludur və bu vəzifələrin lazımi qaydada yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.

7.3. Cəmiyyətin sədri öz vəzifələrini yerinə yetirə bilmədikdə, ezamiyyətdə və ya məzuniyyətdə olduqda, onun səlahiyyətlərinin icrası Cəmiyyətin sədri tərəfindən təsdiq edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilir.

 

8. Cəmiyyətdə uçot, hesabat və nəzarət

8.1. Cəmiyyət "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, statistik uçotunu aparır və statistik hesabatları tərtib edir.

8.2. Cəmiyyət "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları"na uyğun olaraq, mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

8.3. Cəmiyyətin birinci maliyyə ili onun dövlət qeydiyyatına alındığı tarixdən başlayır və həmin ilin dekabrın 31-də başa çatır. Növbəti maliyyə ili isə yanvarın 1-dən başlayır və dekabrın 31-də başa çatır.

8.4. İdarə Heyətinin sədri və ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (filial, nümayəndəlik, idarə və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada açıqlamalıdırlar.

8.5. Cəmiyyət idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılma-sının aparılmasını təmin edir.

 

9. Audit

9.1. Cəmiyyət daxili audit xidmətini təsis edir. Daxili audit xidmətinin əməkdaşları öz funksiyalarını yerinə yetirərkən, qanunauyğun olaraq müstəqil qiymət vermək və nəticə çıxarmaq hüququna malikdirlər.

9.2. Cəmiyyətin daxili audit xidmətinin əməkdaşları ali iqtisadi və ya hüquqi təhsilə və ya digər ixtisas üzrə ali təhsilə və audit, yaxud əlaqədar sahələrdə 4 il iş stajına malik olmalıdırlar.

9.3. Daxili audit xidməti aşağıdakıları yerinə yetirir:

9.3.1. Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə və Cəmiyyətin daxili sənədlərinə uyğunluğunu yoxlayır;

9.3.2. Cəmiyyətin təsərrüfat fəaliyyətinin, habelə maliyyə vəziyyətinin dəqiq qiymətləndirilməsi məqsədi ilə bütün aidiyyəti sahələrdə aparılan əməliyyatlara mütəmadi nəzarətini aparır;

9.3.3. daxili audit yoxlamalarının nəticələri, habelə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması haqqında Cəmiyyətin sədrinə məlumat və təkliflər verir;

9.3.4. Cəmiyyətin saxlanılması və ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunvericiliklə qadağan olunmayan mənbələrdən Cəmiyyətin sərəncamına daxil olan məqsədli vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət edir.

9.4. Cəmiyyətin bütün əməkdaşları daxili auditi həyata keçirən əməkdaşların tələbi ilə zəruri olan sənədləri təqdim etməyə, onlara öz vəzifələrinin icrası üçün lazımi şərait yaratmağa borcludurlar.

 

10. Cəmiyyətin müstəqil (kənar) auditi

10.1. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

 

11. Cəmiyyətin idarə, filial və nümayəndəlikləri, habelə törəmə cəmiyyətləri ilə qarşılıqlı münasibətləri

11.1. Cəmiyyətin idarə, filial və nümayəndəlikləri, habelə törəmə cəmiyyətləri ilə qarşılıqlı münasibətləri Azərbaycan Respublikasının qanunlarına, bu Nizamnaməyə, habelə onların əsasnamələrinə (nizamnamələrinə) və Cəmiyyətin daxili sənədlərinə uyğun olaraq tənzimlənir.

11.2. Cəmiyyət idarə, filial və nümayəndəlikləri, habelə törəmə cəmiyyətləri ilə qarşılıqlı münasibətlərdə aşağıdakı səlahiyyətlərə malikdir:

11.2.1. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin idarəetmə orqanlarını formalaşdırmaq;

11.2.2. Azərbaycan Respublikasının qanunlarına və bu Nizamnaməyə uyğun olaraq, idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin balansında olan əmlakın hüquqi və fiziki şəxslərə icarəyə verilməsinə və onlar tərəfindən hər hansı əmlakın icarəyə götürülməsinə razılıq vermək;

11.2.3. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin təsərrüfat fəaliyyəti üzrə proqnoz göstəricilərinin formalaşdırılmasına və hesabatlarına nəzarət etmək, bu məsələlərə aid tövsiyələr və təkliflər vermək;

11.2.4. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin fəaliyyətlərinin yekunlarına baxılmasını təmin etmək;

11.2.5. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin təqsiri üzündən Cəmiyyətə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək;

11.2.6. bu Nizamnamənin 8.5-ci bəndində nəzərdə tutulmuş fəaliyyətinin təhlil və təftişini həyata keçirmək;

11.2.7. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasını və ya ləğv edilməsini, həmçinin törəmə cəmiyyətlərinin yaradılmasını, yenidən təşkilini və ya ləğv edilməsini bu Nizamnamənin 6.5.20-ci yarımbəndinə uyğun olaraq həyata keçirmək.

 

12. Cəmiyyətin yenidən təşkili və ləğvi

12.1. Cəmiyyətin yenidən təşkili və ləğvi barədə qərarlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir.

 

Qeyd. Bu Nizamnamədə dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra edilə bilər.