Az    |     En
      

 

                      Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu

                                                  Avtomobil yolları haqqında

 

                                AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu qanun Azərbaycan Respublikasında avtomobil yollarının və onlarla əlaqədar mühəndisi qurğuların layihələndirilməsi, tikilməsi, istifadəsi, saxlanılması, qorunması və inkişaf etdirilməsinin, habelə yol təsərrüfatının idarə edilməsinin hüquqi, texniki-iqtisadi və təşkilati prinsiplərinin ümumi əsaslarını müəyyənləşdirir və yol təsərrüfatı subyektləri arasında yaranan əsas münasibətləri tənzimləyir. Bu Qanun mülkiyyətçisindən, istifadəçilərindən və əhəmiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının bütün avtomobil yollarına şamil edilir.[1]

Fəsil I

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

 

Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

avtomobil yolu - dövlət standartlarına, yol hərəkəti qaydalarına və digər normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik sürəti tənzimlənən avtomobil nəqliyyatı vasitələrinin bütün il boyu fasiləsiz, təhlükəsiz və rahat hərəkətini təmin edən konstruksiyalar və mühəndisi qurğular sistemidir;

avtomagistral - müəyyən məsafədə avtomobil nəqliyyatı vasitələrinin məhdudlaşdırılmayan sürətlə və maneəsiz hərəkətini təmin edən, yüksək hərəkəti buraxma qabiliyyətinə və ayırıcı zolağa malik olan, eyni səviyyədə kəsişmələri olmayan, habelə hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilmiş, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilmiş avtomobil yoludur;[2]

yol fəaliyyəti - yolların yaradılması, inkişafı, saxlanılması və idarə edilməsi məqsədi ilə həyata keçirilən fəaliyyət növlərinin məcmusudur;

avtomobil yollarının yaradılması - müvafiq proqramlar əsasında yol tikintisi məqsədi ilə torpaq sahələrinin ayrılması, elmi tədqiqat, layihə axtarış, tikinti-quraşdırma və yenidənqurma işlərinin aparılmasıdır;

avtomobil yollarının saxlanılması - yolun müvafiq layihəyə uyğun olaraq istifadəçilərin tələblərinə cavab verməsini təmin etmək məqsədi ilə bütün il boyu yola və yol qurğularına xidmət göstərilməsi, onların müayinəsi, yoxlanması və mühafizəsi tədbirlərinin məcmusudur;

avtomobil yollarının təmiri - yol geyiminin, torpaq yatağının və mühəndisi qurğuların gücləndirilməsi və genişləndirilməsi, o cümlədən deformasiyalara və dağılmalara məruz qalmış konstruksiyaların və ya onların ayrı-ayrı hissələrinin bərpası, səmərəli və möhkəm elementlərlə əvəz edilməsi, yol örtüyünün hamarlılığının, ilişmə keyfiyyətlərinin yaxşılaşdırılması ilə bağlı işlər kompleksidir. Yolların təmiri növlərinə görə cari, orta və əsaslı olurlar;

avtomobil yollarının yenidən qurulması - mövcud yolun və yol qurğularının nəqliyyat-istismar göstəricilərinin yüksəldilməsi, yolun bütövlükdə və ya ayrı-ayrı hissələrinin daha yüksək texniki dərəcəyə keçirilməsi məqsədi ilə həndəsi parametrlərin normativ texniki sənədlərin tələblərinə uyğun olaraq dəyişdirilməsi ilə müşayiət olunan işlər kompleksidir;

avtomobil yollarının tikintisi – texniki iqtisadi əsaslandırma və normativ texniki sənədlərin tələblərinə uyğun olaraq iki məntəqə arasında zəlzələyə, digər təbii və texnogen təsirlərə davamlı yeni avtomobil yolunun və yol qurğularının inşasıdır;

avtomobil yolu təsərrüfatı - tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq konkret ərazidə mövcud olan avtomobil yolları şəbəkəsinin, həmçinin onların inkişafı, saxlanılması və əlaqələndirilməsi ilə məşğul olan subyektlərin məcmusudur;

yol təsərrüfatı orqanları - müvafiq icra hakimiyyəti orqanı və avtomobil yol fəaliyyətinin idarə edilməsi funksiyalarını həyata keçirən bələdiyyələrin orqanlarıdır;

avtomobil yolunun istifadəçiləri - öz ehtiyaclarını ödəmək və ya başqalarına xidmət göstərmək məqsədi ilə avtomobil yolları ilə hərəkət edən nəqliyyat vasitələrinin mülkiyyətçiləri, sürücülər, sərnişinlər və piyadalardır;[3]

yol təsərrüfatının subyektləri - yol fəaliyyətini həyata keçirən və yoldan istifadə edən hüquqi və fiziki şəxslərdir;

avtomobil yolları şəbəkəsi - müəyyən ərazidə sərnişin və yük daşımalarını təmin edən bütün avtomobil yollarının vahid sistemidir;

hərəkəti buraxma qabiliyyəti - yolun və ya onun hər hansı bir hissəsinin vahid vaxt ərzində müəyyən edilmiş sürəti və təhlükəsizliyi təmin etməklə keçirə biləcəyi avtomobil nəqliyyatı vasitələrinin maksimum sayıdır;[4]

hərəkət şiddəti - vahid vaxt ərzində yoldan və ya onun hər hansı bir hissəsindən hər iki istiqamətdə keçən avtomobil nəqliyyatı vasitələrinin sayıdır;

yol qurğuları - yolda hərəkətin fasiləsizliyini və təhlükəsizliyini habelə yoldan istifadə edənlərə xidmət göstərilməsini təmin edən zəruri keçidlər, qurğular, tikililər və avadanlıqlardır;

torpaq yatağı - yol geyiminin konstruktiv laylarının və yolun digər elementlərinin yol zolağında səmərəli və dayanıqlı yerləşdirilməsini təmin edən qrunt tərkibli konstruksiyadır;

yol geyimi - torpaq yatağı üzərində yerləşən və avtomobil nəqliyyatı vasitələrinin yola təsirindən meydana gələn gərginliklərin torpaq yatağına ötürülməsini təmin edən yol örtüyü də daxil olmaqla bir və ya çox laylı möhkəm və dayanıqlı monolit konstruksiyadır;

avtomobil yollarının sahibləri - dövlət avtomobil yollarına münasibətdə müvafiq icra hakimiyyəti orqanı, yaxud təsərrüfat məqsədləri və ya operativ idarəçilik üçün avtomobil yollarına təhkim olunmuş hüquqi şəxslər, bələdiyyə və özəl avtomobil yollarına münasibətdə müvafiq olaraq bələdiyyələr və mülkiyyətində və (və ya) istifadəsində avtomobil yolları olan hüquqi və fiziki şəxslərdir;

ağırçəkili nəqliyyat vasitəsi - ümumu istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş çəki və ya oxlar üzrə parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir;

iriqabaritli nəqliyyat vasitəsi - ümumu istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir;

təhkim zolağı - avtomobil yolunun yerləşdirilməsi üçün ayrılmış torpaq sahələridir;

qorunma (mühafizə) zolağı - təhkim zolağına hər iki tərəfdən bitişik və avtomobil yolları üçün ayrılmış, xüsusi istifadə rejimi olan torpaq sahələridir;

yolkənarı xidmət obyektləri - qorunma (mühafizə) zolağında yerləşən, avtomobil yollarından istifadəçilərin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş tikililər və qurğular, o cümlədən sosial, ticarət, ictimai iaşə, nəqliyyat infrastrukturu təyinatlı obyektlərdir.[5]

Maddə 2. Avtomobil yollarının təyinatı

 

Avtomobil yolları Azərbaycan Respublikasının ərazisində avtomobillərlə daxili və ya tranzit yük və sərnişin daşımalarının təhlükəsizliyinin təmin edilməsi sahəsində bütün hüquqi və fiziki şəxslərin, dövlət hakimiyyəti orqanlarının zəruri tələbatının ödənilməsinə, habelə dövlətin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət edir.

Avtomobil yolları ölkənin digər nəqliyyat-yol infrastrukturu ilə daşınmaların ardıcıl və təhlükəsiz paylanmasına və ötürülməsinə maksimum təminat yaradır.

Avtomobil yolları mövcud normativ hüquqi aktların tələbləri həddində piyadaların, əlillərin , sağlamlıq imkanları məhdud uşaqların və müvafiq mexaniki nəqliyyat vasitələrinin tələblərinin ödənilməsi məqsədi ilə də istifadə edilə bilər. [6]

Maddə 3.  Avtomobil yolları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

 

Avtomobil yolları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan respublikasının Konstitusiyasından, bu qanundan, yol hərəkəti və fəaliyyətinə aid olan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Bu qanunla Azərbaycan respublikasının tərəfdar çıxdığı dövlətlər arası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir.

Fəsil II

AVTOMOBİL YOLLARININ TƏSNİFATI

Maddə 4.  Avtomobil yollarının təsnifatlandırılmasının əsasları

 

Avtomobil yolları, bir qayda, olaraq əhəmiyyətinə, yol şəbəkəsində tutduğu yerə, funksional təyinatına, istifadə imkanlarına, istifadəçilərinə və mülkiyyətçilərinə görə təsnif edilir.

İstifadəçilərinə görə avtomobil yolları ümumi istifadədə olan və xüsusi istifadədə olan yollara bölünür.

Mülkiyyətçilərinə görə avtomobil yolları dövlət, bələdiyyə və özəl yollar kimi təsnif edilir.

Əhəmiyyətinə və yol şəbəkəsində tutduğu yerə görə avtomobil yolları respublika, yerli, şəhər və sahə yollarına bölünür.[7]

Bunlarla yanaşı, avtomobil yollarının həndəsi parametrlərini, istehlak və texniki-konstruktiv xüsusiyyətlərini əks etdirən texniki təsnifatı tərtib edilir.

Bu təsnifatlarda funksional təyinatlarına və istifadə imkanlarına görə yolun hərəkət şiddətinə uyğun olaraq beş dərəcəyə bölünməsi, onların əsas, köməkçi, müvəqqəti, ikinci dərəcəli, yanaşma, bir və iki tərəfli, bir, iki və çox zolaqlı, eyni və müxtəlif səviyyəli, habelə tənzimlənən və tənzimlənməyən olması da nəzərə alınır.

Avtomobil yollarının təsnifatlaşdırılması müəyyən olunmuş qaydada işlənib hazırlanan və təsdiq edilən standartların və digər normativ hüquqi aktların tələbləri əsasında həyata keçirilir.

Avtomobil yollarından istifadə qaydaları onların mülkiyyətçiləri tərəfindən müvafiq qanunvericilik aktları çərçivəsində müəyyənləşdirilir.

Maddə 5.  Ümumi istifadədə olan avtomobil yolları

 

Ümumi istifadədə olan avtomobil yolları tabeliyindən asılı olmayaraq ölkə ərazisində avtomobil yollarının bütün istifadəçilərinin tələbatını təmin edən avtomobil yolları şəbəkəsindən ibarətdir.

Ümumi istifadədə olan avtomobil yollarının tərkibinə, həmçinin ödənişli, beynəlxalq və müdafiə təyinatlı yollar da daxildir.[8]

Əsas etibarı ilə müdafiə xarakterli yüklərin daşınması və hərbi texnikanın hərəkəti üçün nəzərdə tutulan müdafiə təyinatlı yollara aid edilən respublika, yerli, şəhər və sahə yollarının təsnifatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tərtib və təsdiq edilir.[9]

Əsasən respublika əhəmiyyətli yollardan ibarət olan beynəlxalq avtomobil yollarının təsnifatı Azərbaycan Respublikasının müvafiq beynəlxalq müqavilələri ilə müəyyənləşdirilir.

Ümumi istifadədə olan avtomobil yolları şəbəkəsinin təsnifatı müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada tərtib və təsdiq edilir.

Özəl, bələdiyyə və sahə yolları onların mülkiyyətçilərinin qərarı ilə o halda ümumi istifadə üçün açıq ola bilər ki, buna müvafiq icra hakimiyyəti orqanlarının müəyyən edilmiş qaydada müsbət rəyi alınmış olsun.

Maddə 6. Dövlət avtomobil yolları

 

Respublika ərazisində dövlət mülkiyyətinə aid edilən, bütün yaşayış məntəqələri, dövlət müəssisələri və ictimai infrastruktur obyektləri arasında yük və sərnişin daşınmasına, habelə ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin güclənməsinə təminat yaradan respublika və yerli əhəmiyyətli, şəhər və sahə avtomobil yolları dövlət avtomobil yollarının tərkibinə daxil edilir.[10]

Dövlət avtomobil yollarının təsnifatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tərtib və təsdiq edilir.

Maddə 7. Bələdiyyə avtomobil yolları

 

Bələdiyyə avtomobil yolların şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yolları, habelə kənd və qəsəbələrinin ərazisində yerləşən və onların mülkiyyətində olan küçələr, keçidlər, ictimai nəqliyyat xətləri, digər yollar və yol qurğuları aiddir. Bələdiyyə yolları bələdiyyə qurumlarının ərazisi hüdudlarında avtomobil və başqa nəqliyyat əlaqələrini təmin edir.[11]

Zəruri hallarda bələdiyyə yolları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən ümumi istifadə üçün açıla bilər.

Bələdiyyə yollarından istifadə qaydalarını bələdiyyələr bu qanunun tələblərinə uyğun olaraq müəyyənləşdirirlər.

Bələdiyyə avtomobil yollarının təsnifatı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir.

Maddə 8.  Özəl avtomobil yolları

 

Özəl avtomobil yollarına hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyətində olan qeyri-dövlət avtomobil yolları aiddir.

Özəl yollardan istifadə qaydalarını həmin yolların mülkiyyətçiləri bu qanunun tələblərinə uyğun olaraq müəyyən edirlər.

Özəl avtomobil yollarının təsnifatı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir.

Maddə 9. Respublika əhəmiyyətli avtomobil yolları

 

Respublika əhəmiyyətli avtomobil yolları ümumi istifadədə olan avtomobil yolları şəbəkəsinin tərkib hissəsi olmaqla ölkə ərazisində avtomobillərlə zəruri yük və sərnişin daşınmalarına xidmət edir.

Respublika əhəmiyyətli avtomobil yolları Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən avtomobillərin Azərbaycan Respublikası ilə həmsərhəd olan ölkələrə çıxışını təmin etməklə, Bakı şəhərini respublikanın şəhərləri, rayon mərkəzləri, şəhər tipli qəsəbələri, hava, dəniz və çay limanları, dəmir yol stansiyaları, qoruq və istirahət zonaları, həmçinin xüsusi obyekt və müəssisələrlə birləşdirir.

Respublika əhəmiyyətli avtomobil yollarının təsnifatı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir.

Maddə 10. Yerli əhəmiyyətli avtomobil yolları

 

Yerli əhəmiyyətli avtomobil yolları ümumi istifadədə olan avtomobil yollarının tərkibinə daxil olmaqla, rayonlararası və konkret şəhər və rayonla onun inzibati ərazi, habelə təsərrüfat vahidləri arasında nəqliyyat əlaqələrini təmin edir.

Yerli əhəmiyyətli avtomobil yollarının təsnifatı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir.

 

Maddə 10-1. Şəhər avtomobil yolları[12]

 

 Şəhər avtomobil yolları ümumi istifadədə olan avtomobil yollarının tərkibinə daxil olmaqla, şəhərlərin inzibati-ərazi hüdudları daxilindəki küçə və prospektləri əhatə edir.

 Şəhər avtomobil yolları şəbəkəsinin idarə olunması, təmiri, saxlanılması, qorunması və vəziyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

 Şəhər avtomobil yollarının təsnifatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir.

Maddə 11. Sahə avtomobil yolları

 

Sahə avtomobil yollarına təsərrüfatdaxili və texnoloji daşımaları, habelə digər ehtiyacları ödəmək üçün müvafiq qaydada müəssisə və təşkilatların mülkiyyətində, təsərrüfat və ya əməli idarəçiliyində olan, həmçinin bu məqsədlə onların öz vəsaitləri hesabına yaradılan avtomobil yolları aiddir.

Sahə yollarından istifadə qaydalarını həmin yolların mülkiyyətçiləri bu qanunun tələblərinə uyğun olaraq müəyyən edirlər.

Sahə yollarının təsnifatı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir.

Maddə 12. Yolkənarı infrastruktur obyektləri[13]

 

Yolkənarı infrastruktur obyektləri avtomobil yol istehlakçılarının zəruri ehtiyaclarını ödəmək, həmçinin avtomobil nəqliyyatı vasitələrinin hərəkətinə mane olmayan, yol hərəkəti təhlükəsizliyinin digər tələblərini, avtomobil yollarının saxlanılması və təhlükəsiz istismarı qaydalarını pozmayan digər fəaliyyət növlərini yerinə yetirmək üçün təşkil edilir.

Yolkənarı infrastruktur obyektlərinin yaradılması, saxlanılması və istifadəsi ilə əlaqədar yaranan münasibətlər bu qanunla və digər aidiyyəti olan normativ hüquqi aktlarla tənzimlənir.

Maddə 13. Avtomobil yollarının torpaq sahəsi

 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada avtomobil yollarının əlverişli yerləşdirilməsi, tikintisi, inkişafı, saxlanılması, təmiri və istifadəsi üçün zəruri torpaq sahəsi ayrılır.

Avtomobil yollarının torpaq sahəsini təhkim və qorunma (mühafizə) zolaqları təşkil edir.[14]

Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir, bölünməzdir və özgəninkiləşdirilə bilməz.[15]

Ümumi istifadədə olan bələdiyyə yollarının yerləşdiyi torpaq sahələri də bələdiyyə mülkiyyətinə aid edilir.

Özəl və sahə avtomobil yollarının yerləşdiyi torpaq sahələrinin mülkiyyət növünə aid edilməsi torpaq ayrılması sənədlərinə və həmin subyektlərin özlərinin mülkiyyət formasına uyğun olaraq müəyyənləşdirilir.

Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya verilmiş razılıq şərtləri pozulmaqla inşa edilmiş hər cür tikili və qurğular qanunsuz hesab edilir. Qanunsuz tikili və qurğuların inşasına yol vermiş hüquqi və fiziki şəxslər, onları bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz qüvvəsi və (və ya) vəsaiti hesabına sökməlidir.[16]

 Avtomobil yolunun sahibi, onun razılığı olmadan avtomobil yolunun torpaq sahəsində tikinti, yenidənqurma və digər işləri sifariş edən və ya aparan hüquqi və fiziki şəxslərdən bütün işləri dərhal dayandırmaq, qanunsuz tikili və qurğuları həmin şəxslərin vəsaiti hesabına sökmək, avtomobil yollarını əvvəlki vəziyyətinə gətirməyi tələb etməlidir. Bu işləri görən şəxslər avtomobil yolunun sahibinin tələbinin icrasından imtina etdikdə və ya razılaşdırılmış müddətdə yerinə yetirmədikdə, tikinti və qurğuların sökülməsi, avtomobil yolunun əvvəlki vəziyyətinə gətirilməsi üzrə işlər avtomobil yolunun sahibinin qüvvəsi və (və ya) vəsaiti hesabına yerinə yetirilir. Belə hallarda avtomobil yolunun sahibinin həmin işlərin yerinə yetirilməsi ilə əlaqədar çəkdiyi xərclər qanunsuz tikinti, yenidənqurma və digər işləri sifariş edən və ya aparan şəxslər tərəfindən ödənilməlidir. Göstərilən xərclər ödənilmədikdə, avtomobil yolunun sahibi müvafiq iddia irəli sürmək hüququna malikdir.

 Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində yol hərəkətinin təhlükəsizliyini təmin edən nişanlar və göstəricilər istisna olmaqla, yolkənarı xidmət obyektləri, habelə reklam və digər məlumat qurğuları avtomobil yolunun sahibinin yazılı razılığı ilə və bağlanılan müqavilələr əsasında yerləşdirilir.

 Avtomobil yolunun torpaq sahəsində tikinti, yenidənqurma və digər işlərin aparılmasına, yolkənarı xidmət obyektlərinin, habelə reklam qurğularının yerləşdirilməsinə razılığın alınması üçün ərizəyə avtomobil yolunun adı və istiqaməti göstərilməklə sahənin sxemi, tikilməsi və ya quraşdırılması nəzərdə tutulan obyektin yaxud qurğunun texniki planı əlavə olunur.

 Razılığın verilməsi haqqında ərizəyə 15 gündən gec olmayaraq baxılır.

 Yazılı razılığın şərtlərinə riayət edilməsi bütün hüquqi və fiziki şəxslər üçün məcburidir və onların yerinə yetirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

 Müvafiq razılığın olmadığı və ya verilmiş razılığın şərtləri yerinə yetirilmədiyi hallarda avtomobil yollarının torpaq sahələrində pozuntuya yol vermiş hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 14.  Avtomobil yollarının təhkim zolağı[17]

 

Avtomobil yollarının təhkim zolağı avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla yol konstruksiyasının özünün tikintisi, istifadəsi, təmiri, saxlanılması, qorunması üçün zəruri olan tikililərin, mühəndisi və texniki qurğuların, habelə müvafiq konstruktiv elementlərin (yolun hərəkət hissəsi, səkiləri, velosiped yolları, dayanacaqlar, suötürücü və qoruyucu qurğular, küvet və yol çiyni, dekorativ yaşıllıqlar) yerləşdiyi ərazini əhatə edir.

 Təhkim zolağının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri və konkret şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təyin edilir.

 Bu Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, avtomobil yollarının təhkim zolağı hüdudlarında aşağıdakılar qadağandır:

 - avtomobil yollarının tikintisi, saxlanması, təmiri və yenidən qurulması ilə bağlı olmayan işlərin görülməsi;

 - yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının xidməti tikililəri və qurğuları istisna olmaqla avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması üçün nəzərdə tutulmayan bina və qurğuların yerləşdirilməsi;

 - avtomobil yollarının saxlanılması və təmiri ilə bağlı işlər istisna olunmaqla, torpağın şumlanması, çimin çıxarılması və qruntun götürülməsi, oradakı otların biçilməsi, ağacların qırılması;

 - avtomobil yollarının körpü keçidlərində çayın məcrası boyu körpüdən hər tərəfə bir kilometr məsafədə yol fəaliyyətinə aid olmayan tikinti işlərinin aparılması, habelə torpaq və çınqıl kütləsinin götürülməsi;

 - suvarma, sənaye, çirkab və kanalizasiya sularının avtomobil yoluna və yağış sularının avtomobil yolundan kənarlaşdırılması üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara axıdan qurğulara və yolboyu torpaq sahəsinə axıdılması;

 - mal-qaranın otarılması, habelə onların avtomobil yollarının sahibləri ilə razılaşdırılmış, xüsusi müəyyən edilmiş yerlərdən kənar keçirilməsi;

 - “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan yol nişanlarının yerləşdirilməsi;

 - bu Qanunla müəyyən olunmuş qaydalar pozulmaqla reklam və digər məlumat qurğularının yerləşdirilməsi.

Maddə 15. Təhkim zolağında kommunikasiyaların çəkilməsi və yenidən qurulması şərtləri

 

Avtomobil yollarının mühəndisi kommunikasiyalarla (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) kəsişməsi və bu məqsədlə təhkim zolağından istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən mövcud standartlara, texniki normativlərə və digər normativ hüquqi aktlara uyğun olaraq müəyyənləşdirilir.[18]

Avtomobil yollarının təhkim zolağında xüsusi xidmət kommunikasiyaları istisna olmaqla, hər hansı yeni kommunikasiyaların çəkilməsinə, bir qayda, olaraq yol verilmir.

Mövcud avtomobil yollarından keçən və yenidən qurulan kommunikasiyalar yalnız avtomobil yolları mülkiyyətçilərinin və müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə qüvvədə olan normativ-texniki şərtlər və layihə-smeta sənədləri əsasında həyata keçirilə bilər.

Kommunikasiyaların çəkilməsi və ya yenidən qurulması haqqında müraciətlərə 10 gün müddətində baxılır. Kommunikasiya xətlərində baş vermiş qəza hallarında müraciətlərə dərhal baxılır.[19]

Kommunikasiyaların çəkilməsi və ya yenidən qurulması işlərinə başlamazdan əvvəl bu kommunikasiyaların mülkiyyətçiləri avtomobil yollarının saxlanılmasını həyata keçirən yol təsərrüfatı orqanları ilə müvafiq müqavilə bağlamalıdırlar.

Avtomobil yollarında mühəndisi kommunikasiyaların çəkilməsini həyata keçirən sifarişçilər avtomobil yolunun əvvəlki vəziyyətinə gətirilməsini təmin etməli və bu işlərlə bağlı bütün xərcləri ödəməlidirlər.[20]

Belə işlərin icrasından imtina və ya razılaşdırılmış müddətdə onların icrası üzrə qəbul olunmuş öhdəliklərdən yayınma hallarında yolun sahibi avtomobil yolunu ilkin vəziyyətə gətirməli və sifarişçilərə qarşı bununla bağlı sərf etdiyi xərclərin ödənilməsi barədə iddia irəli sürmək hüququna malikdir.

 Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyu yerləşən mövcud mühəndisi kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[21]

 

Maddə 15-1.  Avtomobil yollarının qorunma (mühafizə) zolaqları[22]

 

 Yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir.

 Avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir.

 Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri, perspektiv inkişafı və konkret şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 Bələdiyyə və özəl avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla həmin yolların mülkiyyətçiləri tərəfindən müəyyən edilir.

 Qorunma (mühafizə) zolaqlarının hüdudları avtomobil yollarının sahibləri tərəfindən işarələnməlidir.

 Ümumi istifadədə olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması və yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyəti ilə əlaqədar olan tikililər və qurğular, habelə yolkənarı xidmət obyektləri istisna edilməklə, digər tikililərin və qurğuların yerləşdirilməsi qadağandır.

 Ümumi istifadədə olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında yerləşən yolkənarı xidmət obyektlərinin alğı-satqısı zamanı onun yeni sahibkarı torpaqdan istifadə şərtləri ilə tanış edilməlidir.

 

Maddə 15-2.  Avtomobil yollarının ehtiyat zonaları[23]

 

 Avtomobil yollarının perspektiv inkişafı üçün torpaq sahələrindən avtomobil yolları üçün ehtiyat zonaları ayrılır.

 Avtomobil yollarının ehtiyat zonalarının yeri və hüdudları, habelə orada bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Maddə 16. Yol qurğuları üzərindən kommunikasiyaların çəkilməsi şərtləri

 

Müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə tunellərin, körpülərin, estakadaların və digər yol qurğularının üzərindən müəyyən olunmuş qaydada təsdiq edilmiş layihə sənədləri əsasında normalarla qadağan olunmayan müvafiq mühəndisi kommunikasiyalar çəkilə bilər.

Yeni kommunikasiyaların və bu məqsədlər üçün lazımi qurğuların tikintisinə, habelə aparıcı (əsas) konstruksiyaların əlavə güclənməsinə sərf olunan bütün xərclər kommunikasiya mülkiyyətçilərinin üzərinə düşür.

Kommunikasiyaların çəkilməsinə icazəni yol qurğularının mülkiyyətçiləri verir.

Kommunikasiyalar çəkilərkən qurğuların təhlükəsizliyi təmin olunmazsa, yol təsərrüfatı orqanları körpülərdə və digər qurğularda kommunikasiyaların tikintisinə etiraz edə bilər.

Yol qurğularının üzərindən kommunikasiyalar çəkilərkən və ya istismar olunarkən onların sahibləri yol qurğularının zədələnməsinin istisna olunmasını təmin etməlidirlər.[24]

Maddə 17.  Digər avtomobil yolları ilə kəsişmələrin tənzimlənməsi

 

Hüquqi və fiziki şəxslərə mövcud avtomobil yolları ilə birləşmə və kəsişmə qovşaqlarının tikintisinə, yenidən qurulmasına və təmirinə yalnız müəyyən edilmiş qaydada təsdiq olunmuş layihə sənədi əsasında icazə verilə bilər.

Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə avtomobil yolunun kateqoriyasına uyğun olaraq digər avtomobil yoluna birləşmənin giriş və çıxış yolları müvafiq keçid - sürət zolaqları ilə təmin olunmalıdır.[25]

Avtomobil yollarına ümumi istifadə üçün qovuşan, birləşən avtomobil yollarının örtüyünün möhkəmliyi bütün yol boyunca mövcud avtomobil yolları üçün müəyyənləşdirilmiş layihə normalarından az olmamalıdır.

Qovuşma və kəsişmənin tikintisi ilə bağlı bütün xərcləri bu işlərin sifarişçisi ödəyir. Kəsişmə və qovuşmanın tikintisi zamanı texniki normalara əməl edilmədikdə müvafiq yol təsərrüfatı orqanları onların tikintisindən imtina etmək hüququna malikdir.

Avtomobil yollarının mülkiyyətçiləri onların razılığı olmadan müvafiq qovuşma və kəsişmənin tikintisini, yenidənqurma və təmirini sifariş edən və ya aparan hüquqi və fiziki şəxslərdən onları dərhal dayandırmaq, sökmək və avtomobil yollarını ilkin vəziyyətə gətirməyi tələb etmək hüququna malikdir. Belə işlərin icrasından imtina və ya razılaşdırılmış müddətdə onların icrası üzrə qəbul olunmuş öhdəliklərdən yayınma hallarında yolun mülkiyyətçisi qeyri-qanuni hərəkət etmiş hüquqi və fiziki şəxslərə qarşı avtomobil yollarını ilkin vəziyyətə gətirməklə, bu səbəbdən sərf olunan xərcləri ödəmələri barədə iddia irəli sürə bilərlər.

Müxtəlif mülkiyyətçilərində olan avtomobil yollarının kəsişmə və qovuşma yerlərində sərhədlər, həmin yolların təhkim zolaqları ilə birlikdə müəyyən edilir.

Maddə 18.  Dəmir yolları ilə kəsişmələrin tənzimlənməsi

 

Avtomobil yollarının dəmir yolları ilə kəsişməsi müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə mövcud standart və normaların və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq müəyyən olunmuş qaydada təsdiq edilmiş layihə sənədləri əsasında həyata keçirilir. Avtomobil yolları mülkiyyətçiləri dəmir yol mülkiyyətçilərindən yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə dəmir yolları ilə eyni səviyyəli kəsişmələrdə keçid qurğularının quraşdırılmasını tələb etməli, eyni zamanda yol qurğularının dəmir yolu hərəkətinə təhlükəli şərait yaratdığı hallarda dəmir yol mülkiyyətçilərinin tələbi ilə müvafiq tədbirlər görməlidirlər.[26]

Eyni səviyyəli dəmir yol keçidlərində dəmir yol mülkiyyətçiləri dəmir yol keçidlərindən istifadə qaydalarına uyğun olaraq müəyyən edilən məsafədə avtomobil yol sahələrini lazımi vəziyyətdə saxlamalıdırlar.

Mövcud dəmir yol xətlərinin genişləndirilməsi və ya yenilərinin tikintisi ilə bağlı avtomobil yolları və dəmir yollarının kəsişmə qurğusu üzrə işlər dəmir yol mülkiyyətçilərinin vəsaiti hesabına həyata keçirilir. Belə kəsişmə qurğuları mövcud avtomobil yollarının genişləndirilməsi və ya yenilərinin tikintisindən irəli gələrsə, bu halda kəsişmə qurğusu avtomobil yol mülkiyyətçilərinin vəsaiti hesabına həyata keçirilir.

Dəmir yollarından keçən kəsişmələrdə onların mülkiyyətçiləri qatarların hərəkətinə rəhbərliyi təmin etməli və dəmir yolunun təhkim zolaqlarında işin görülməsinə razılıq verməli və texniki şərtlər qoymalıdır.

Eyni səviyyəli dəmir yollarından keçən avtomobil yol keçidlərinin bağlanması və açılması haqqında qərarlar, dəmir və avtomobil yolları mülkiyyətçilərinin və müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul olunur.

Maddə 19.  Avtomobil yolları yanında reklam və digər məlumat qurğularının yerləşdirilməsi şərtləri

 

Avtomobil yollarının təhkim və ya qorunma (mühafizə) zolağında reklam və məlumat qurğuları lövhələrinin yerləşdirilməsi avtomobil yolları mülkiyyətçilərinin müstəsna hüququdur və mövcud qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə ayrıca müqavilələr əsasında həyata keçirilir.[27]

Avtomobil yollarının bilavasitə yaxınlığında yerləşdirilən və yol hərəkəti təşkilinin texniki vasitələrinə aidiyyəti olmayan reklam lövhələri və qurğular, elanlar və digər məlumat işarələri və göstəricilər yol şəraitinin qiymətləndirilməsinə mane olmamalı və onu pisləşdirməməli, həmçinin yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməlidir.

Avtomobil yollarının təhkim və ya qorunma (mühafizə) zolağında qurulacaq reklam lövhələri və digər məlumat işarələri və göstəricilər müvafiq normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla hazırlanmalı və qurulmalıdır.[28]

 

 

Fəsil II-I

Ödənişli avtomobil yolları[29]

 

 Maddə 19-1. Ödənişli avtomobil yolları

 

 Avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, yol təsərrüfatının inkişaf etdirilməsi, investisiyaların cəlb olunması, müasir standartlara cavab verən avtomobil yollarının tikilməsi, avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizliyin təmin olunması məqsədi ilə yerli və respublika əhəmiyyətli avtomobil yollarında, həmçinin ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yollarında ödənişli avtomobil yolları yaradıla bilər. Ödənişli avtomobil yollarının yaradılması dövlət büdcəsinin, yerli və xarici investorların vəsaitləri hesabına maliyyələşdirilə bilər.

 Ödənişin, körpülər və digər yol qurğuları da daxil olmaqla, avtomobil yollarında bütün yol boyu və ya onun müəyyən hissələrində gediş üçün tətbiqinə yol verilir.

 Dövlət mülkiyyətində olan hər bir ödənişli avtomobil yolları ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

 Maddə 19-2.  Ödənişli avtomobil yollarının yaradılması barədə qərarların qəbul edilməsi

 

 Dövlət mülkiyyətində olan respublika və ya yerli əhəmiyyətli avtomobil yollarından ödənişli yol kimi istifadə edilməsi, habelə yeni ödənişli avtomobil yolunun tikilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.

 Bələdiyyə və ya özəl avtomobil yollarından ödənişli yol kimi istifadə edilməsi, habelə yeni ödənişli avtomobil yolunun tikilməsi barədə qərar yolun sahibi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla qəbul edilir. Razılaşdırma üçün ərizəçi aşağıdakı sənədləri təqdim edir:

 - mövcud və ya tikilməsi nəzərdə tutulmuş yolun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət və ya istifadə hüququnu, habelə mövcud yoldan istifadə hüququnu təsdiq edən sənədin surəti;

 - avtomobil yolunun istiqaməti və texniki göstəriciləri haqqında məlumat;

 - nəzərdə tutulmuş ödənişin məbləği barədə məlumat.

 Razılaşdırma haqqında ərizəyə 30 gündən gec olmayaraq baxılır.

 Ödənişli avtomobil yolları aşağıdakı şərtlərlə yaradılır:

 - ödənişli avtomobil yolları ilə yanaşı fəaliyyət göstərən və keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verən alternativ ödənişsiz avtomobil yolu mövcud olduqda;

 - ödənişli avtomobil yolunun müasir keyfiyyət standartlarına uyğunluğu, o cümlədən yol hərəkətinin təhlükəsizliyi, nəqliyyat vasitələrinin hərəkətinin yüksək sürəti təmin edildikdə.

 Avtomobil yollarından ödənişli yol kimi istifadə edilməsi barədə qərarda aşağıdakılar göstərilməlidir:

 - avtomobil yolunun başlanğıc və son nöqtələri;

 - avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri;

 - avtomobil yolunun texniki göstəriciləri;

 - avtomobil yolunun uzunluğu;

 - alternativ ödənişsiz avtomobil yolunun uzunluğu, marşrutu və əsas texniki göstəriciləri.

 Əhalinin məlumatlandırılması üçün mövcud və ya tikilməsi nəzərdə tutulmuş avtomobil yolunun ödənişli yol kimi istifadə edilməsi barədə qərar yolun istifadəsinə 30 gün qalmış avtomobil yolunun sahibi tərəfindən kütləvi informasiya vasitələrində yayımlanmalıdır.

 

 Maddə 19-3. Ödənişli avtomobil yollarından istifadə olunması

 

 Ödənişli avtomobil yolu istifadəçisi gediş üçün ödənişi həmin yolun sahibi ilə bağlanmış müqavilə əsasında həyata keçirir. Müqavilənin bağlanması gediş üçün ödəmə sənədi ilə təsdiq edilir.

 Ödənişli avtomobil yolundan istifadəyə xitam verilməsi və dayandırılması halları istisna olmaqla, avtomobil yolunun sahibi həmin yoldan istifadə üçün müqavilə bağlamaqdan əsassız imtina edə bilməz.

 Ödənişli avtomobil yolunun sahibinin aşağıdakı vəzifələri vardır:

 - müəyyən edilmiş sürət rejimi nəzərə alınmaqla, ödənişli avtomobil yolu ilə nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etmək;

 - ödənişli avtomobil yolundan normal istifadəyə mane olan nasazlıqları vaxtında aradan qaldırmaq;

 - ödənişli avtomobil yolunun istifadəçilərini ödənişin miqdarı, ödəmə qaydası habelə həmin yol boyu göstərilən xidmətlər barədə məlumatlarla təmin etmək.

 Müdafiə əhəmiyyətli, ictimai asayişin qorunması, fövqəladə halların aradan qaldırılması, qəza-bərpa işləri ilə əlaqədar olan daşımalarda iştirak edən, habelə polis və təcili tibbi yardım xidmətlərinə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ödənişli avtomobil yolu ilə gediş üçün ödənişdən azaddırlar.

 Özəl avtomobil yollarının sahibləri ayrı-ayrı kateqoriyalardan olan istifadəçilər və ya nəqliyyat vasitələrinin müəyyən növləri üçün güzəştlər tətbiq etmək hüququna malikdirlər.

 

 Maddə 19-4. Ödənişli avtomobil yollarından ödənişli əsaslarla istifadə olunmasına xitam verilməsi və ya dayandırılması

 

 Ödənişli avtomobil yolundan ödənişli əsaslarla istifadəyə xitam verilməsi və ya dayandırılması avtomobil yolunun sahibinin qərarı əsasında həyata keçirilir.

 Ödənişli avtomobil yolundan ödənişli əsaslarla istifadə aşağıdakı hallarda və müddətdə dayandırılır:

 - alternativ ödənişsiz avtomobil yolundan istifadəyə maneə törədən hallar yarandıqda. Ödənişli avtomobil yolundan istifadənin dayandırılması müddəti 6 aydan artıq olmamalıdır;

 - hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, həmçinin təbii və ya texnogen xarakterli fövqəladə hallar baş verdikdə. Bu barədə qərar qeyd olunmuş hallar başa çatana qədər qüvvədə qalır.

 

Fəsil III

YOL TƏSƏRRÜFATININ TƏŞKİLİ VƏ İDARƏ EDİLMƏSİ

Maddə 20. Yol təsərrüfatı sisteminin təşkili

 

Azərbaycan Respublikasında avtomobil daşınmalarının ahəngdarlığını, maksimum təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədi ilə yol fəaliyyətinin subyektləri arasında əlaqələrin koordinasiyası və yol fəaliyyətinin həyata keçirilməsi üçün müvafiq yol təsərrüfatı subyektləri və orqanları yaradılır, qanunvericiliklə müəyyən olunmuş qaydada onların fəaliyyətinin tənzimlənməsi təmin edilir.

Maddə 21. Yol təsərrüfatının idarə edilməsi

 

Yol təsərrüfatının idarə edilməsi məqsədi ilə bu fəaliyyətin tənzimlənməsinin və həyata keçirilməsinin vahid normativ hüquqi bazası yaradılır. Bu sahədə antiinhisar siyasəti aparılır, qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq xüsusi razılıq sistemi tətbiq edilir, yolların qeydiyyatı, uçotu və işarələnməsi təmin edilir.[30]

Yol fəaliyyətinin idarə olunması əsas etibarı ilə onun yaradılması, inkişafı və saxlanılmasının planlaşdırılması, maliyyələşdirilməsi və həyata keçirilməsinin optimal və sərfəli variantlarının tapılmasını, həmçinin avtomobil yolları istifadəçiləri üçün münasib şəraitin təmin edilməsini nəzərdə tutur.

Bu qanunla nəzərdə tutulan yol fəaliyyətini tam təmin etmək üçün yol təsərrüfatı sisteminin idarə edilməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Yol təsərrüfatının idarə edilməsi məqsədi ilə aşağıdakıların həyata keçirilməsi təmin edilir:

avtomobil yollarının təsnifatının, onların aid edilmə göstəricilərinin müəyyənləşdirilməsi və yolların siyahısının təsdiq edilməsi;

yol təsərrüfatı orqanları sisteminin və onların formalaşması qaydasının müəyyənləşdirilməsi, fəaliyyətinin təşkili;

yol təsərrüfatı orqanlarının fəaliyyətinin ümumi təşkilati prinsiplərinin müəyyənləşdirilməsi, yol fəaliyyətinə dövlət nəzarət sisteminin və onun tənzimlənməsinin formalaşdırılması;

respublika əhəmiyyətli avtomobil yollarının və onların saxlanılması üçün zəruri olan əmlakın, habelə yol fəaliyyəti həyata keçirilərkən istifadə olunan digər əmlakın idarə olunması;

yolkənarı xidmət və infrastruktur obyektlərinin sahiblərinə, digər maraqlı şəxslərə, habelə avtomobil yollarının istifadəçilərinə avtomobil yollarında planlaşdırılan yenidənqurma və təmir işləri, həmçinin onların müddətləri barədə məlumat verilməsi;[31]

yol hərəkətinin təhlükəsizliyini təmin edən hüquqi əsasların və avtomobil yollarının yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğunluğunu təmin edən vahid qaydaların, standart, texniki norma və digər normativ sənədlərin yaradılması;

avtomobil yollarında yük və sərnişinlərin sərbəst daşınmasını təmin etmək məqsədi ilə nəqliyyat kommunikasiyalarının əlaqələndirilməsi və avtomobil yollarından istifadənin ümumi prinsiplərinin müəyyənləşdirilməsi;

avtomobil yollarında istifadə olunan materialların, cihazların və avadanlıqların qanunvericiliklə müəyyən edilmiş qaydada standartlaşdırılmasının və sertifikatlaşdırılmasının həyata keçirilməsi;

avtomobil yollarının təkmilləşdirilməsi, yaradılması və inkişafı ilə bağlı dövlət siyasətinin, dövlət proqramlarının və digər proqramların işlənib hazırlanması və yerinə yetirilməsi;

yol təsərrüfatında vahid texniki, maliyyə, kredit və məqsədli investisiya siyasətinin əsaslarının işlənib hazırlanması;

beynəlxalq əməkdaşlığın və əlaqələrin həyata keçirilməsi məqsədi ilə avtomobil yollarının inkişafı və istifadəsi məsələləri üzrə beynəlxalq müqavilələrin bağlanması, beynəlxalq avtomobil yolları şəbəkəsinin formalaşması, Azərbaycan Respublikası yollarında beynəlxalq daşımaların yerinə yetirilmə qaydalarının müəyyənləşdirilməsi.[32]

Ümumi istifadədə olan avtomobil yollarında yaşayış məntəqələrinin və digər obyektlərin yerləşməsi barədə məlumatverici-göstərici, habelə servis nişanları yol təsərrüfatı orqanları tərəfindən yerləşdirilir.

 Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, idarə olunması, saxlanması, qorunması, cari, orta və əsaslı təmiri, yenidən qurulması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan dövlət müəssisəsi və onun tərkibində olan qurumların qeyd olunan işlərin görülməsi üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunduqda, həmin xüsusi razılıq (lisenziya) alınmış hesab edilir və yenidən alınması tələb olunmur.[33]

 

Maddə 22. Yol işlərinin planlaşdırılması

 

Dövlət avtomobil yollarının yaradılması və saxlanılması tədbirləri ölkənin ümumi sosial-iqtisadi inkişaf proqnozlaşmasının tərkib hissəsidir.

Dövlət avtomobil yollarında yol işlərinin illik planlaşdırma proqramları müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının, onun inzibati ərazi vahidlərinin müvafiq ümumi inkişaf proqramları, təsdiq edilmiş sahə, sahələrarası və regional proqramlar əsasında və bu məqsədlər üçün ayrılan müvafiq vəsait nəzərə alınaraq həyata keçirilir.

Bələdiyyə yollarında yol işlərinin planlaşdırılması, yerli sosial və iqtisadi inkişaf proqramları və ya müvafiq tikintilərin layihələri və nəqliyyatın inkişafı sxemləri əsasında həyata keçirilir.

Yol işləri planlaşdırılarkən müvafiq icra hakimiyyəti orqanları ilk növbədə maliyyə vəsaitlərinin səmərəli istifadəsini və mövcud yol şəbəkəsinin saxlanılması, təmiri və mühafizəsinin tam icrasını birinci növbədə təmin etməlidir.

Maddə 23. Ümumi istifadədə olan avtomobil yollarının adı və indeksasiyası

 

Ümumi istifadədə olan avtomobil yollarının adı və indeksi olmalıdır.

Ümumi istifadədə olan avtomobil yollarının adına onun birinci və axırıncı yaşayış məntəqələrinin adı, lazım gələrsə, aralıq yaşayış məntəqələrinin adı da daxil edilir.

Addan başqa, ümumi istifadədə olan avtomobil yollarının onların göstəricisi olan yerlərdə və xəritələrdə Azərbaycan əlifbasının hərfləri və rəqəmlərlə qeyd olunmuş indeksi də olur.

Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Ümumi istifadədə olan avtomobil yolları müvafiq icra hakimiyyəti orqanı tərəfindən adlandırılır.[34]

Beynəlxalq avtomobil yollarının adlandırılması və indeksasiyası beynəlxalq sazişlər əsasında müəyyənləşdirilir.

Sahə avtomobil yollarının adlandırılması və indeksasiyası müvafiq icra hakimiyyəti orqanı və müəssisələr tərəfindən birgə müəyyənləşdirilir. [35]

Bələdiyyə yollarının adlandırılması və indeksasiyası qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən müəyyənləşdirilir.

Mülkiyyətçi ona məxsus özəl yolların adlandırılmasını müəyyənləşdirmək hüququna malikdir.

Maddə 24. Avtomobil yollarında məsafələrin hesablanması

 

Avtomobil yollarında məsafə şərti olaraq qəbul edilmiş başlanğıc və son hesablama nöqtələri arasında aparılır. Bu hesablama nöqtələri kimi aşağıdakılar qəbul olunur:

Bakı şəhərindən çıxan respublika əhəmiyyətli dövlət yolları üçün - Bakı şəhərində Azərbaycan Respublikası avtomobil yollarının sıfır kilometr işarəsi hesab edilən Hökumət evi qarşısındakı Azadlıq meydanı;

yaşayış məntəqələrini birləşdirən yerli əhəmiyyətli yollar bələdiyyə yolları üçün - yaşayış məntəqəsinin mərkəzində yerləşdirilən poçt, kütləvi tanınan digər binalar, qurğular və ya xüsusi qurulan işarələr;

ümumi istifadədə olan başqa avtomobil yollarını birləşdirən və ya onlara qoşulan yollar üçün - çarpaz yolların kəsişmə oxları;

tarixi-coğrafi və başqa xüsusi obyektləri birləşdirən yollar üçün - bu obyektlərin sərhədi.

Bələdiyyə mülkiyyətində olan daxili küçə və yollar avtomobil yollarının ümumi uzunluğuna daxil edilmir.

Maddə 25.  Avtomobil yollarının vahid dövlət reyestri[36]

 

Avtomobil yollarının vahid dövlət reyestri (bundan sonra – reyestr) mülkiyyət növündən və əhəmiyyətindən asılı olmayaraq, avtomobil yolları haqqında məlumatları əks etdirən dövlət informasiya ehtiyatıdır.

 Reyestr avtomobil yollarının qeydiyyatı və uçotu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır və aparılır.

 Reyestr kağız və elektron daşıyıcılarda aparılır. Kağız və elektron daşıyıcılarda olan məlumatlar arasında ziddiyyət olarsa, kağız daşıyıcıdakı məlumatlara üstünlük verilir.

 Reyestrə hər bir avtomobil yolu haqqında aşağıdakı məlumatlar daxil edilir:

 - avtomobil yolunun mülkiyyətçisi və sahibi;

 - avtomobil yolunun adı, indeksi, ünvan reyestri məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nömrə və uzunluğu; [37]

 - avtomobil yolunun xəritəsi;

 - avtomobil yolunun və onun sahələrinin avtomobil yolları təsnifatına uyğunluğu;

 - avtomobil yolunun faktiki vəziyyəti barədə məlumatlar;

 - avtomobil yolunun tutduğu torpaq sahəsi, yol örtüyünün növü və vəziyyəti;

 - yol nişanlarının dislokasiyası.

 Avtomobil yolunun istismara verilməsi və ya avtomobil yolu haqqında bu maddədə göstərilən məlumatlarda dəyişiklik baş verdikdə, avtomobil yolunun sahibi 30 gün müddətində yeni məlumatların reyestrə daxil olunması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.

 Dövlət və kommersiya sirri təşkil edən məlumatlar istisna olunmaqla, reyestrə daxil edilmiş məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən reyestrdən çıxarış şəklində “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməklə hər bir maraqlı şəxsə verilir.

 Reyestrin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 25-1. Avtomobil yolları barədə məlumatların ünvan reyestrinə daxil edilməsi[38]

 

Ünvan reyestrində avtomobil yollarının adları, başlanğıc və son nöqtələrinin coğrafi koordinatları haqqında məlumatlar saxlanılmalıdır. Ünvan reyestri məqsədləri üçün avtomobil yollarının kodlaşdırılması, başlanğıc və son nöqtələrinin, mərkəzi xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada həyata keçirilir.

Yeni avtomobil yolu istifadəyə verildiyi və ya avtomobil yolunun adı dəyişdirildiyi halda, ad verən müvafiq icra hakimiyyəti orqanı üç gün müddətində ünvan reyestrini aparan müvafiq icra hakimiyyəti orqanını bu barədə məlumatlandırır.

Maddə 26. Yolkənarı xidmət obyektləri [39]

 

Yolkənarı xidmət obyektləri avtomobil yolları istifadəçilərinin ehtiyaclarını ödəmək, həmçinin avtomobil nəqliyyatı vasitələrinin hərəkətinə mane olmayan, yol hərəkəti təhlükəsizliyinin digər tələblərini, avtomobil yollarının təhlükəsiz istismarı, saxlanılması və qorunması qaydalarını pozmayan digər fəaliyyət növlərini yerinə yetirmək üçün təşkil edilir.[40]

Yol təsərrüfatı orqanları bu məqsədlə, həmçinin müvafiq istirahət meydanları və xüsusi dayanacaqlar da yarada bilərlər.

Yolkənarı xidmət obyektlərinin qurulması hərəkətin təhlükəsizliyini və yolun saxlanılma şərtlərini pisləşdirməməli, sanitariya-gigiyena və ekoloji tələbləri pozmamalı, qüvvədə olan standartlara və digər texniki normalara müvafiq yerinə yetirilməlidir.[41] 

Yolkənarı xidmət obyektlərinin layihələri onların yerləşdiyi yerlərin mülkiyyətçiləri, yol təsərrüfatı orqanları və müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmalıdır.[42]

Avtomobil yollarının qorunma (mühafizə) zolağı hüdudları daxilində yolkənarı xidmət obyektləri bu Qanunun 15-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla yerləşdirilir.[43]

 Yolkənarı xidmət obyektləri nəqliyyat vasitələrinin saxlanılması üçün meydançalara, duracaq yerləri və dayanacaqlara, həmçinin avtomobil yollarından onlara girişin təmin olunması məqsədilə giriş, çıxış və birləşmə yollarına malik olmalıdırlar.

 Yolkənarı xidmət obyektlərinin giriş, çıxış və birləşmə yollarının, keçid-sürət zolaqlarının tikintisi, yenidən qurulması, saxlanılması, habelə onların lazımi sanitar vəziyyətinin təmin olunması həmin obyektlərin sahibləri tərəfindən yerinə yetirilir.

 Yolkənarı xidmət obyektlərinin avtomobil yollarına birləşmələrin yenidən qurulması və təmiri avtomobil yolu sahibinin qeyd edilən işlərin görülməsi üçün verdiyi texniki şərtlər və tələblər əsasında yerinə yetirilir.

Ümumi istifadədə olan avtomobil yollarının mühafizə olunan pullu dayanacaqları, habelə bu maddədə göstərilən məqsədlər üçün avtomobil yollarının sərbəst torpaq sahələri icarəyə verilə bilər.

Keçidlərin, dayanacaqların, nəqliyyat vasitələrinin saxlanması üçün meydançaların, sutəmizləmə qurğularının və yol servisinin digər qurğularının təmiri, qurulması və saxlanılması üçün xərclər həmin obyektlərin mülkiyyətçiləri tərəfindən çəkilir.

Yol servisi obyektlərinin qeydiyyatı yalnız bu maddədə göstərilmiş şərtlərə riayət edildiyi halda həyata keçirilə bilər.[44]

Maddə 27. Yol işlərinin qəbulu

 

Avtomobil yollarında tikilmiş yol qurğularının və yerinə yetirilmiş yol işlərinin qəbulu onların mülkiyyətçiləri tərəfindən həyata keçirilir.

Tikintisi, təmiri və ya yenidən qurulması tamamlanmış avtomobil yollarının və yol qurğularının təsdiqlənmiş layihə sənədlərinin mövcud standartların və digər normativ hüquqi aktların tələblərinə uyğun olması bu yollarda aparılan müayinə və sınaqların nəticələri əsasında tərtib edilən avtomobil yollarının istismara qəbulu aktı ilə təsdiqlənir.

Avtomobil yollarının və müvafiq yol qurğularının istismara qəbulu onların mülkiyyətçilərinin təqdimatı əsasında təyin edilmiş müvafiq qəbul komissiyası tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi əsasında həyata keçirilir.

Fəsil IV

AVTOMOBİL YOLLARINDAN İSTİFADƏNİN ƏSASLARI

Maddə 28. Avtomobil yollarından istifadə qaydaları

 

Azərbaycan Respublikasında avtomobil yollarından istifadənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən vahid qaydaları tətbiq edilir. Avtomobil yollarının və onlarla bağlı mühəndisi qurğuların mülkiyyətçiləri bu qaydaların normalarını pisləşdirməyən əlavə tələblər də nəzərdə tuta bilərlər.

Avtomobil yollarından istifadədə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün subyektlər üçün eyni hüquqi rejim yaradılır.

(Çıxarılıb) [45]

Təbii fəlakətin və digər fövqəladə halların nəticələrinin ləğv edilməsi zamanı avtomobil yollarından xüsusi istifadə qaydaları və müddətləri tətbiq edilir.

Maddə 29. Avtomobil yollarından istifadənin tənzimlənməsi prinsipləri

 

Azərbaycan Respublikasında avtomobil yollarının nəqliyyat vasitələrinin yükünə, qabaritinə və sürətinə uyğunlaşdırılması üçün avtomobil yollarının texniki dərəcəsindən asılı olaraq müvafiq dövlət standartları və normaları tətbiq edilir.

Azərbaycan Respublikasının avtomobil yollarında nəqliyyat vasitələrinin yükü, qabariti və hərəkətin sürət həddi nəqliyyat vasitəsinin tipi, daşınan yükün xüsusiyyətləri, yolda hərəkətin şiddəti, meteoroloji şərait, yolun texniki dərəcəsi və yol hərəkəti qaydaları nəzərə alınmaqla müəyyənləşdirilir.

Avtomobil yollarının mülkiyyətçiləri avtomobil yollarının müayinəsi zamanı müvafiq konstruksiya və mühəndisi qurğuların möhkəmliyində qüsurlar aşkar etdikdə və zəruri yol işləri yerinə yetirdikdə, habelə iqlim şəraiti xeyli pisləşdikdə müəyyən müddət üçün nəqliyyat vasitələrinin yüklərinə və hərəkət sürətinə məhdudiyyətlər və qadağalar qoyulması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq və ya onları bilavasitə tətbiq etmək hüququna malikdirlər.[46]

Bu qəbildən olan məhdudiyyətlər tətbiq edilən vaxt yolların mülkiyyətçiləri aidiyyəti subyektləri qabaqcadan xəbərdar etməklə yollarda müvafiq yol nişanları və işarələri qoyurlar.

Qanunvericiliklə müəyyən olunmuş qaydada aparılmasına icazə verilmiş kütləvi tədbirlər zamanı da yoldan istifadəyə müvafiq məhdudiyyətlər qoyula bilər.

Yoldan istifadəyə məhdudiyyətlər və ya istifadənin tam dayandırılması haqqında qərarlar avtomobil yoluna aidiyyəti olan müvafiq icra hakimiyyəti orqanları və yolun mülkiyyətçiləri tərəfindən qəbul edilir.

Hərəkətin təhlükəsizliyi üçün yol şəraiti real təhlükə yaratdığı hallarda müvafiq icra hakimiyyəti orqanı yol mülkiyyətçilərinə hərəkətin qadağan olunması barədə göstəriş vermək hüququna malikdir.

Yol təsərrüfatı orqanları, fövqəladə şəraitlər istisna olmaqla, hərəkətin məhdudlaşdırılması və ya dayandırılması, habelə onların müddəti və yeni hərəkət sxemi barədə avtomobil yollarından istifadə edənlərə qabaqcadan məlumat verməlidirlər.

Beynəlxalq avtomobil yollarında hərəkətin məhdudlaşdırılması və ya bağlanması hallarında məlumat müvafiq xarici dövlətlərin nümayəndələrinə də çatdırılmalıdır.

Yol təsərrüfatı orqanları onların tabeliyində olan avtomobil yollarında normal hərəkət rejiminin bərpası üçün təcili ölçü götürməyə borcludurlar.

Ümumi istifadədə olan avtomobil yollarında hərəkətin təhlükəsizliyini təmin etmək və yolların dağılmasının qarşısını almaq məqsədi ilə mexaniki nəqliyyat vasitələrinin müəyyən növləri və tipi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məhdudiyyətlər tətbiq edilir.

Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara əsasən verilmiş xüsusi icazənin olduğu hallarda yol verilir.[47]

Yükü və ya texniki göstəriciləri müəyyən olunmuş həddi aşmaqla yol konstruksiyalarını zədələyə və ya korlaya bilən nəqliyyat vasitələrinin buraxılışına icazə, avtomobil yollarının bərpası üçün müvafiq vəsait keçirildikdən sonra verilir.

Bu vəsaitin məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.[48]

Yükü və qabariti müəyyən olunmuş normaları aşan nəqliyyat vasitələrinin hərəkət marşrutu yolun və yol qurğularının sahibləri ilə də razılaşdırılmalıdır. İri qabaritli, ağır çəkili və ya təhlükəli yüklər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydalara əsasən yolun mülkiyyətçisi ilə razılaşdırılmış marşrut üzrə daşına bilər.[49]

İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin hərəkət marşrutu xüsusi qurğular, mühəndis kommunikasiyaları ilə kəsişmə tələb edərsə, marşrut həmin qurğuların mülkiyyətçiləri ilə də razılaşdırılmalıdır.[50]

İriqabaritli və (və ya) ağırçəkili yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti üçün avtomobil yollarının vəziyyətinin qiymətləndirilməsi, avtomobil yollarının möhkəmləndirilməsi, həmçinin avtomobil yollarının, onların ayrı-ayrı hissələrinin, habelə avtomobil yolları ilə kəsişən mühəndisi kommunikasiyaların və qurğuların mühafizəsi üzrə xüsusi işlərin görülməsi tələb olunduqda, daşınmanın təşkilində maraqlı şəxslər avtomobil yollarının, mühəndisi kommunikasiyaların və qurğuların sahiblərinə xüsusi icazə almazdan əvvəl göstərilən qiymətləndirmənin aparılması və qeyd edilmiş digər işlərin görülməsi ilə bağlı bütün xərcləri ödəyirlər.[51]

Maddə 30. Velosipedlərin, arabaların, mal-qaranın hərəkətinin təşkili

 

Avtomagistralda texniki xarakterinə görə hərəkət sürəti 50 km/saatdan aşağı olan nəqliyyat vasitələrinin, o cümlədən velosipedlərin, arabaların, minik və yük heyvanlarının, habelə ev heyvanlarının hərəkətinə icazə verilmir.

Digər avtomobil yollarında bu subyektlərin hərəkəti yol hərəkəti qaydalarının tələblərinə və yoldan istifadə qaydalarına uyğun olaraq təşkil olunur.

Avtomobil yolundan mal-qaranın ötürülməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yerdən keçirməklə icazə verilir.

Maddə 31. Nəqliyyat vasitələrinin bərə və üzən körpü ilə buraxılması

 

Avtomobil yollarında bərə və üzən körpülər dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid ola bilər. Bu qurğuların mülkiyyətçiləri nəqliyyat vasitələrini müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış qaydada və tariflə haqq alaraq buraxa bilərlər.

Maddə 32. Avtomobil yollarında kütləvi tədbirlərin keçirilməsi

 

Avtomobil yollarında nümayişlər və yürüşlər, yığıncaqlar, mitinqlər, piketlər yalnız Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun olaraq təşkil oluna bilər.

Avtomobil yollarında idman yarışları (qaçış, avto-velo və digər yarışlar) yol təsərrüfatı orqanlarının razılığı ilə verilən icazə əsasında təşkil olunur və xüsusi qaydalara müvafiq aparılır.

Bu tədbirlərin keçirilməsi mümkün dolama yolların köməyi ilə yol şəbəkəsinin fasiləsiz fəaliyyətini təmin etməklə həll edilməlidir.

Əmək və sosial münaqişələrin həlli məqsədi ilə siyasi etirazlarını bildirmək üçün avtomobil yollarını bağlamaq qadağandır.

Maddə 33. Аvtomobil yollarında sahibkarlıq və digər fəaliyyət növlərinin həyata keçirilməsi

 

Avtomobil yollarının torpaq sahələrində sahibkarlıq və digər fəaliyyət növləri nəqliyyat vasitələrinin və piyadalarının hərəkətinə mane olmamalıdır.[52]

Ümumi istifadədə olan avtomobil yollarının təhkim zolağının hüdudlarında ticarət və digər sahibkarlıq fəaliyyəti qadağandır. Bu məqsədlər üçün təhkim zolağında ayrılmış yolyanı sahədən istifadə qaydası isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.[53] 

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün qorunma (mühafizə) zolağında avtomobil yollarının sahibləri tərəfindən xüsusi yerlər ayrılır.[54]

Avtomobil yolları ərazisində sahibkarlıq və digər fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslər, bu cür fəaliyyətin həyata keçirilməsi ilə yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada məşğul ola bilərlər.

Qorunma (mühafizə) zolağında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslər avtomobil yollarının sahibləri ilə bağlanmış müqavilə əsasında və müqavilədən irəli gələn öhdəliyi yerinə yetirməklə həyata keçirirlər.[55]

Maddə 34. Avtomobil yollarının istifadəçilərinin hüquqları

 

Dövlət avtomobil yolları istifadəçilərinin hüquqlarının müdafiəsinə təminat verir.

Avtomobil yolları istifadəçilərinin aşağıdakı hüquqları var:

qanunvericiliklə müəyyən olunmuş xüsusi hallar istisna olmaqla ümumi istifadədə olan dövlət və bələdiyyə avtomobil yolları ilə sərbəst və ödənişsiz hərəkət etmək, yol təsərrüfatı orqanlarının və onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində əmlakına və sağlamlığına dəymiş zərərin ödənilməsini tələb etmək və ya müvafiq məhkəmələrdə iddia qaldırmaq;

yollardan istifadə etdiyi zaman ehtiyac yaranarsa, pulsuz təcili tibbi yardım almaq;

müəyyən olunmuş qaydada yol təsərrüfatı orqanlarından, habelə həmin orqanların vəzifəli şəxslərindən şikayət etmək;

yol təsərrüfatı orqanlarından avtomobil yollarının şəbəkəsi, marşrutları, yol şəraiti, hərəkətin müvəqqəti məhdudiyyəti və ya dayandırılması, daşına biləcək yükün miqdarı, qabariti və digər müvafiq məsələlər barədə məlumat almaq;

yol təsərrüfatı orqanlarının məsul şəxslərindən nəzakətli münasibət tələb etmək;

(Çıxarılıb) [56]

 

Maddə 34-1. Avtomobil yollarından istifadə ilə bağlı yol verilməyən hallar[57]

 

 Avtomobil yollarında aşağıdakılar qadağandır:

 - avtomobil yollarını korlayan konstruksiya elementləri olan, həmçinin tırtıllı nəqliyyat vasitələri ilə hərəkət etmək;

 - xüsusi icazə olmadan iriqabaritli və (və ya) ağırçəkili yükləri avtomobil yolları ilə daşımaq, habelə nəqliyyat vasitələrini icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yükləmək;

 - qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş yük nəqliyyat vasitələri ilə hərəkət etmək;

 - avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolaqlarını, yol örtüyünü çirkləndirmək;

 - avtomobil yollarına kanalizasiya, sənaye və çirkli suları, habelə avtomobil yollarının suaparıcı qurğularından suyu axıtmaq və ya tullantıların atılması üçün istifadə etmək;

 - yolların hərəkət hissəsinə yanacaq-sürtkü materialları, kimyəvi maddələr, bitum və beton axıtmaq, habelə daş, çınqıl, qum və ot tökmək;

 - yol hərəkətinin təhlükəsizliyinə mane olan şərait yaratmaq və yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə əlaqədar olmayan yükləri yükləmək və ya boşaltmaq;

 - respublika əhəmiyyətli avtomobil yolları ilə yay və qış otlaqlarına mal-qara aparmaq, avtomobil yollarının torpaq sahələrində mal-qara otarmaq, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranı keçirmək;

 - avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl etməmək;

 - avtomobil yoluna və ya yolda yerləşdirən qurğulara müdaxilə etmək;

 - müvafiq icra hakimiyyəti orqanı tərəfindən karxana avtomobillərinə aid edilmiş avtonəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə yüklə hərəkət edilməsi;

 - yol örtüyünü və yolun mühəndisi konstruksiyasını zədələmək;

 - avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaratmaq.

 

Fəsil V

AVTOMOBİL YOLLARININ SAXLANILMASININ ƏSASLARI

Maddə 35. Ümumi istifadədə olan avtomobil yollarının saxlanılmasının prinsipləri

 

Avtomobil yollarının saxlanılması onların təyinatına görə istifadə edilməsi zamanı istifadəçilərin və nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinə təminat yaratmalıdır.

Ümumi istifadədə olan avtomobil yollarının saxlanılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilən qaydada yollardan istifadənin və yol hərəkətinin təhlükəsizliyini təmin edən norma və standartlara istinadən təşkil edilməlidir.

Yolların saxlanılması bu işlər üçün müvafiq imkanları olan və bu işlər üçün məsuliyyət daşıyan yol təsərrüfatı orqanları və ya xidmətləri tərəfindən həyata keçirilməlidir.

Maddə 36. Bələdiyyə, sahə və özəl avtomobil yollarının saxlanılması

 

Yerli özünüidarəetmə orqanları ümumi istifadədə olmayan bələdiyyə avtomobil yollarının saxlanılmasını müstəqil təşkil edir.

Ümumi istifadədə olmayan bələdiyyə, sahə və özəl avtomobil yollarının saxlanılması onların mülkiyyətçiləri tərəfindən müəyyənləşdirilən qaydada təşkil edilir və onlar yolları istifadəçilərin və yol hərəkətinin təhlükəsizliyini təmin edən standartların tələblərinə cavab verən vəziyyətdə saxlamalıdır.

Maddə 37. Avtomobil yollarının müayinəsi və diaqnostikası

 

Müvafiq yol təsərrüfatı orqanları avtomobil yollarının nəqliyyat-istismar vəziyyətini, onların etibarlılıq və təhlükəsizlik səviyyəsini əks etdirən standartların və digər normativ-texniki sənədlərin tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə avtomobil yollarının müayinəsini və diaqnostikasını aparmağa borcludur. Müayinə aparılması qaydaları və onun dövrlüyü müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir.

Maddə 38. Avtomobil yollarının qorunması

 

Dövlət avtomobil yollarının qorunması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Dövlət avtomobil yollarının qorunmasını həyata keçirən orqanlar yol əmlakının qorunmasını, onların korlanmasına səbəb ola biləcək mümkün halların qarşısını almaqla yerinə yetirirlər.

Avtomobil yollarının qorunmasını yerinə yetirən orqanlar qarşılıqlı fəaliyyət göstərirlər.

Avtomobil yollarının qorunmasını həyata keçirən subyektlərin strukturunu, hüquq və vəzifələrini onları yaratmış müvafiq icra hakimiyyəti orqanları müəyyən edir.

Maddə 39. Ətraf mühitin qorunması

 

Yol fəaliyyəti həyata keçirilən zaman ətraf mühitin qorunması haqqında Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq ekologiyanın və əhalinin sağlamlığının mühafizəsi tələbləri də yerinə yetirilməlidir.

Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri ilə bağlı bütün layihələr üzrə işlərin maliyyələşdirilməsi və yerinə yetirilməsi yalnız dövlət ekoloji ekspertizasının müsbət rəyi alındıqdan sonra həyata keçirilir.

Avtomobil yollarının yaradılmasında yeni texnologiyanın, kimyəvi maddələrin tətbiqi xüsusi ekspertizanın onların təbiətə təsiri barədə müsbət rəyindən sonra tətbiq edilir.

Avtomobil yollarında işləyən yol təsərrüfatı orqanları ekoloji təhlükəsizlik normalarının tələblərinə riayət etməlidir.

Avtomobil yollarından istifadə edən hüquqi və fiziki şəxslər ətraf mühitə zərər vurmamalı, avtomobil yollarını və qorunma (mühafizə) zolağı çirkləndirməməlidir.[58]

 

Maddə 39-1. Avtomobil yollarının istismardan çıxarılması[59]

 

 Aşağıda göstərilən hallarda avtomobil yollarının sahibləri avtomobil yolunun istismardan çıxarılması haqqında qərar qəbul etmək hüququna malikdir:

 - avtomobil yolundan istifadə olunmadıqda;

 - hər hansı yaşayış məntəqəsi digər daha rahat və təhlükəsiz alternativ avtomobil yolundan istifadə etmək imkanına malik olduqda.

 Avtomobil yolunun istismardan çıxarılması haqqında qərar qəbul etdikdən sonra avtomobil yollarının sahibləri, bu qərar haqqında ətraflı məlumatın kütləvi informasiya vasitələrində yayımlanmasını təmin etməlidirlər.

 

Maddə 40. Avtomobil yollarının səfərbərliyə hazırlığı

 

Avtomobil yollarının səfərbərliyə hazırlığı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq avtomobil yollarından fövqəladə şəraitlərdə istifadəçini təmin etmək məqsədi ilə həyata keçirilir.

Avtomobil yollarının səfərbərliyə hazırlığına rəhbərliyi dövlət avtomobil yollarında - müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə yollarında isə müvafiq bələdiyyə orqanları həyata keçirirlər.

Yol təsərrüfatı orqanları avtomobil yollarında hərəkətin pozulmasına səbəb olan hadisələrin nəticələrini aradan qaldırmaq üçün müvafiq tədbirlər görməlidir. Bu məqsədlə onlar müvafiq maddi və texniki vəsaitlərlə təmin edilirlər.

 

 

Fəsil V-I[60]

Avtomobil yollarında təhlükəsizliyin təmin edilməsinin ümumi əsasları və şərtləri

 

 Maddə 40-1. Avtomobil yollarının layihələndirilməsində təhlükəsizliyə dair tələblər

 

 Avtomobil yolları hərəkətin təhlükəsizliyinin təmin edilməsi, habelə sürət dəyişmələrinin və məhdudiyyətlərinin minimum səviyyəyə endirilməsi nəzərə alınmaqla layihələndirilir.

 Avtomobil yollarının tikintisi və ya yenidən qurulması üzrə layihələr aşağıdakıları təmin etməlidir:

 - nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti üçün hesabi sürəti;

 - sürücülərin yolu aydın görməsini;

 - piyadaların yolu rahat və təhlükəsiz keçmələrini;

 - yol kəsişmələri və birləşmələrinin təhlükəsiz yerləşməsini;

 - nəqliyyat vasitələrinin şinləri ilə yolun hərəkət hissəsi arasında zəruri ilişkənliyini;

 - avtomobil yollarının abadlaşdırılmasını, o cümlədən qoruyucu yol qurğuları ilə təchizatını;

 - avtomobil nəqliyyatı və yol xidmətləri üçün zəruri binaların və qurğuların tikilməsini.

 İstehsalat bazaları, yol xidmətləri və avtomobil nəqliyyatı üçün binalar və qurğuların layihələndirilməsi zamanı ətraf mühitin (havanın, su və torpağın) normadan artıq çirklənməsinə yol verilməməlidir.

 Tikinti layihəsinin sənədləri hazırlanarkən yolun və yol hərəkətinin insanlara, ətraf mühitə, tarixi-mədəni abidələrə, yolkənarı xidmət və infrastruktur obyektlərinə, habelə mənzərəyə birbaşa və dolayı təsiri qiymətləndirilməlidir.

 Yaşıllıq zolaqlarının salınması hərəkət zamanı vizual görüntünü yaxşılaşdırmalı, hər hansı təhlükə yaratmamalıdır.

 Yollar layihələndirilərkən, yol nişanlarının quraşdırılması yerləri və üsulları göstərilməklə, sxemlər tərtib edilməlidir.

 

 Maddə 40-2. Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı təhlükəsizlik tələbləri

 

 Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı bu Qanunun, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və avtomobil yollarına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların müddəalarına riayət olunmalıdır.

 Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı ətraf mühitin mühafizəsi üzrə tədbirlər görülməlidir.

 Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı yaşıllıqların qorunması və bərpası təmin olunmalıdır.

 Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı yol təsərrüfatı orqanlarının işçilərinin və yol hərəkəti iştirakçılarının təhlükəsizliyi təmin olunmalı və yol hərəkəti düzgün təşkil edilməlidir.

 Mürəkkəb geoloji şəraitdə avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı torpaq yatağının sabitləşdirilməsi müddəti müəyyən edilmiş tikinti müddətindən əhəmiyyətli dərəcədə çox olduqda, suyun ötürülməsini və hərəkətin təhlükəsizliyini təmin etməklə yol geyiminin mərhələli salınmasına yol verilir.

 

 Maddə 40-3. Avtomobil yollarının istismarı zamanı təhlükəsizlik tələbləri

 

 Yolların vəziyyəti yol hərəkətinin təhlükəsizliyini və ətraf mühitin mühafizəsini təmin etməli və istismar yükləmələrinin dərəcəsinə uyğun olmalıdır.

 Məlumatverici-göstərici nişanlar və işarələr hərəkətin təhlükəsizliyini təmin etməli və ”Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır.

 Yol geyimi yolun istismarı zamanı regionun iqlim xüsusiyyətləri və nəqliyyat-istismar yükləmələri nəzərə alınmaqla, yolların təhlükəsizliyini təmin etməlidir.

 Şəhər küçələrində və yaşayış məntəqələrində avtomobil yollarının hərəkət hissəsi, piyada səkilərinin və velosiped yollarının, minmə-düşmə meydançalarının, dayanacaq məntəqələrinin örtüyü, həmçinin ayırıcı zolaqların, çiyin və torpaq yataqlarının yamacı yol hərəkətinin təhlükəsizliyini təmin edəcək vəziyyətdə olmalıdır.

 Yol örtüyü tələb olunan hesabi sürəti və hərəkətin təhlükəsizliyini təmin edən səthə malik olmalıdır.

 Hərəkət hissəsinin səthində çökmələr, çalalar və nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirən digər zədələr olmamalıdır.

 Avtomobil yollarında işlərin görüldüyü yerlərdə yol-nəqliyyat hadisələrinin və tıxacların qarşısının alınması üçün nişanlar və işarələr quraşdırılmalı, həmçinin sutkanın istənilən vaxtında işlərin görüldüyü yerin aydın görünməsi təmin olunmalıdır.

 Yol hərəkətinin təşkilində istifadə olunan texniki nizamlama vasitələri (nişanlar, işarələr, istiqamətləndirici və çəpərləyici qurğular, işıqlandırma sistemləri, svetoforlar, hərəkəti avtomatik idarəetmə sistemləri) sutkanın istənilən vaxtında aydın görünməlidir.

 Yol hərəkəti, habelə yolların təmiri və yenidən qurulması nəticəsində yaranan səs-küyün, vibrasiyaların, havanın və suyun çirkləndirilməsinin səviyyəsi texniki normalara və tələblərə uyğun olaraq müvafiq tədbirlərlə məhdudlaşdırılmalıdır.

 

 Maddə 40-4. Yol-tikinti materiallarına dair tələblər

 

 Yol tikinti materialları ətraf mühitin təsirinə qarşı dayanıqlı olmalı, onların tərkibindəki zərərli komponentlər və birləşmələr yol verilən normalardan artıq olmamalıdır.

 

Fəsil VI

YOL FƏALİYYƏTİNİN İQTİSADİ ƏSASLARI

Maddə 41. Yol təsərrüfatı subyektləri arasında iqtisadi münasibətlərin tənzimlənməsi

 

Azərbaycan Respublikasında yol təsərrüfatı subyektlərinin fəaliyyətinin vahid prinsipləri rəhbər tutulur, rəqabət və mülkiyyətin forma müxtəlifliyi təmin edilir.

Qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət halları istisna olmaqla yol təsərrüfatı subyektləri arasında münasibətlər bağlanmış müqavilə şərtləri çərçivəsində qurulur.

Avtomobil yollarının təmiri, tikintisi, yenidən qurulması, tədqiqi və sınağı üzrə layihə və podrat işlərinin icrası müsabiqə əsasında seçilən hüquqi və fiziki şəxslər tərəfindən yol təsərrüfatı orqanları ilə bağlanan podrat müqavilələri əsasında həyata keçirilir.

Yol işlərinin ayrı-ayrı növlərinin icrasında müqavilələrin şərtləri onların spesifik xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının, standart və normalarının tələblərinə əməl olunmasını da əhatə etməlidir.

Yol işlərinin icra keyfiyyətinə nəzarət yalnız bu işə səlahiyyətli olan yol təsərrüfatı orqanları, o cümlədən müqavilə əsasında bu məqsədlə cəlb olunan ixtisaslaşmış müəssisə və təşkilatlar tərəfindən həyata keçirilə bilər.

Maddə 42. Yol təsərrüfatının əmlakı

 

Yol təsərrüfatının əmlakı Azərbaycan respublikasının dövlət mülkiyyətində, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər.

Yol təsərrüfatı əmlakının idarə edilməsi qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq yolun mülkiyyətçiləri tərəfindən qəbul olunmuş qaydada həyata keçirilir.

Dövlət mülkiyyətindəki ümumi istifadədə olan avtomobil yollarının əmlakının tərkibinə avtomobil yolları, tikililər, qurğular və avadanlıqlar, həmçinin onların saxlanılması və idarə olunması üçün vacib olan torpaq sahələri daxildir.

Bələdiyyə yolları əmlakının tərkibi yol-küçə şəbəkəsinin xüsusiyyətləri və hərəkətin təhlükəsizliyi nəzərə alınaraq, müvafiq bələdiyyə orqanları tərəfindən müəyyən edilir.

Sahə və özəl avtomobil yolları əmlakının tərkibi onların mülkiyyətçiləri tərəfindən müəyyən edilir.

Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları, həmçinin onların tutduğu sahə, Azərbaycan Respublikası qanunvericiliyində başqa hal nəzərdə tutulmayıbsa, alqı-satqı, girov və digər mülki-hüquqi müqavilələrin bağlanması üçün obyekt ola bilməz.

Avtomobil yolların mülkiyyət formalarının dəyişməsi zamanı yeni mülkiyyətçi əvvəlki mülkiyyətçidən avtomobil yollarını müəyyən edilmiş tələblərə cavab verən və yol hərəkətinin təhlükəsizliyini təmin edən vəziyyətə gətirilməsini tələb etmək hüququna malikdir.

Yeni tikilmiş avtomobil yollarına mülkiyyət hüququ Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən onların istismara qəbulundan sonra yaranır.

Avtomobil yollarının dövlət və ya bələdiyyə mülkiyyətinə keçməsi Azərbaycan Respublikası qanunlarının müəyyən etdiyi qaydada həyata keçirilir.

Maddə 43. Yol təsərrüfatının daşınmaz əmlakının qeydiyyatı

 

Yol təsərrüfatının əmlakı və torpaq sahələri mövcud qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq qeydiyyatda olmalıdır.

Yol təsərrüfatı əmlakının və torpaq sahəsinin icarəsi də qeydiyyata alınır.

Yeni tikilən və yenidən qurulan avtomobil yolları həmin obyektlərin müəyyən olunmuş qaydada tərtib edilən istismara qəbul aktları əsasında qeydiyyata alınmalıdır.

Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatına, habelə bununla bağlı əməliyyatlara çəkilən xərci avtomobil yollarının mülkiyyətçiləri ödəyir.

Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin yollar və əmlak və onların üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. [61]

 

Maddə 44. Avtomobil yollarının yaradılması, saxlanması və inkişafı ilə bağlı işlərin maliyyələşdirilməsi və uçotu

 

Azərbaycan Respublikasında yol şəbəkəsinin və yol təsərrüfatı orqanlarının fəaliyyəti ilə bağlı işlərin maliyyələşdirilməsi bu məqsədlə hazırlanmış planların və investisiya proqramlarının əsasında mülkiyyətçilər tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasında avtomobil yollarının yaradılması, saxlanılması və inkişafı aşağıdakı maliyyə mənbələri hesabına həyata keçirilir:

dövlət büdcəsinin vəsaiti; [62]

yerli büdcələrin vəsaiti;

investisiya layihələrinin müvafiq infrastruktur xərcləri üçün nəzərdə tutulan vəsaiti;

kreditlər;

fiziki və hüquqi şəxslərin vəsaitləri, qrant və başqa formada ayırdıqları ianələr.

Konkret maliyyə mənbələrindən istifadə qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir.

Ayrılmış və sərf edilən hər bir vəsaitin istifadəsinin ayrıca uçotu təşkil edilir və yol fəaliyyəti barəsində müvafiq hesabat tərtib edilir. Uçot və hesabatın həyata keçirilməsi müvafiq qanunvericiliklə tənzimlənir.

Maliyyələşmə mənbəyindən və mülkiyyətçisindən asılı olmayaraq bütün avtomobil yollarında aparılan tikinti, yenidənqurma və təmir işləri müəyyən olunmuş qaydada tərtib edilən istismara qəbul aktları əsasında uçota alınır.

Maddə 45. Yol təsərrüfatında əmək münasibətləri

 

Yol təsərrüfatı orqanları işçilərinin əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir.

Fəsil VII

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ, MƏSULİYYƏT VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ

Maddə 46. Avtomobil yolları sahəsində beynəlxalq əməkdaşlıq

 

Azərbaycan Respublikası avtomobil yolları sahəsində beynəlxalq əməkdaşlığın inkişafına, bu sahədə olan problemlərin həlli və onların hüquqi cəhətdən tənzimlənməsi və beynəlxalq nəqliyyat kommunikasiya sisteminə inteqrasiya olunmasına səy göstərir.

Azərbaycan Respublikası ərazisində yol işlərini icra edən və ya avtomobil yollarından istifadə edən xarici ölkələrin hüquqi və fiziki şəxsləri qanunvericiliklə nəzərdə tutulan hallar istisna olmaqla, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər hüquqlara malikdirlər, mövcud qanunvericilikdə və beynəlxalq müqavilələrdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar.

Xarici ölkələrdə qeydiyyata alınmış avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının ərazisinə daxil olarkən (həmçinin tranzit məqsədi ilə daxil olarkən) sahiblərinin mülki məsuliyyətinin sığortası, sərnişin daşımaları xidməti həyata keçirildiyi halda isə, həmin avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilir.[63]

Nəqliyyat vasitələrinin mülkiyyətçilərinin və onlardan istifadə edən xarici ölkə vətəndaşlarının məcburi sığorta qaydaları və sığorta məbləğinin həcmi Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilir.[64]

Xarici dövlətlərin avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində avtomobil yollarından istifadəyə görə xarici dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının müvafiq qanunları ilə müəyyən edilmiş qaydada vergi ödəyirlər.[65]

Beynəlxalq avtomobil marşrutu üçün avtomobil yollarından istifadə Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilə ilə tənzimlənir.

Xarici ölkələrin vətəndaşları və nəqliyyat vasitələrinin mülkiyyətçiləri Azərbaycan Respublikası avtomobil yollarından istifadə edərkən Azərbaycan Respublikasının müəyyən etdiyi yol hərəkəti qaydalarına və avtomobil yollarından istifadə qaydalarına riayət etməlidirlər.

Maddə 47. Bu qanunun pozulmasına görə məsuliyyət

 

Avtomobil yolları sahəsindəki fəaliyyətini həyata keçirərkən bu qanunun, habelə Azərbaycan Respublikasının digər aidiyyәti normativ hüquqi aktlarının pozulmasında təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Yol fəaliyyətinin həyata keçirilməsi və ya avtomobil yollarından istifadə zamanı dəyən zərər könüllü, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmə qərarı əsasında ödənilir.

Maddə 48. Yol təsərrüfatı orqanlarının, onların idarə, müəssisələrinin və vəzifəli şəxslərinin məsuliyyəti

 

Avtomobil yollarının idarə olunmasını həyata keçirən yol təsərrüfatı orqanları, habelə onların idarə, müəssisələri və vəzifəli şəxsləri qanunvericiliklə müəyyən olunmuş qaydada avtomobil yolları haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət daşıyır.

Maddə 49. Sahə və özəl avtomobil yolları mülkiyyətçilərinin məsuliyyəti

 

Sahə və özəl avtomobil yollarının sahibləri bu yollardan istifadə edənlərin və dövlətin qarşısında öz vəzifələrinə və ya öhdəliklərinə görə, habelə avtomobil yolları haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət daşıyırlar.

Maddə 50. Avtomobil yolları istifadəçilərinin məsuliyyəti

 

Avtomobil yolları istifadəçiləri yol verdikləri aşağıdakı hüquq pozuntularına görə məsuliyyət daşıyırlar:

yol konstruksiyalarının və qurğuların korlanmasına, zədələnməsinə və dağıdılmasına;

avtomobil yollarından onların təyinatına uyğun olmayaraq istifadəyə görə;

yol təsərrüfatı orqanları ilə razılaşdırmadan avtomobil yollarında və avtomobil yolları torpaqlarında iş görülməsi və xidmətlərin göstərilməsinə görə;

icazəsiz başqa yolların qovuşma və avtomobil yollarının başqa yollarla kəsişmə qurğularının tikintisinə, avtomobil yolları torpaqlarında xatirə (yaddaş) lövhələrinin qoyulmasına, reklam və digər icazəsiz tikililərə görə;

yol hərəkəti qaydalarına və avtomobil yollarından istifadə qaydalarına riayət olunmamasına görə;

avtomobil yol istifadəçisinin təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobil yollarına dəymiş ziyana görə;

avtomobil yol hərəkətində fasilələrə səbəb olan hadisələr nəticəsində ziyan yetirilməsinə görə;

yol qanunvericiliyinin digər tələb və normalarının pozulmasına görə.

Maddə 51. Xarici dövlətlərin avtonəqliyyat vasitələrinin mülkiyyətçilərinin və istifadəçilərinin məsuliyyəti

 

Avtomobil yollarında hərəkət qaydalarının pozulmasına yol vermiş xarici dövlətlərin nəqliyyat vasitələrinin mülkiyyətçiləri və istifadəçiləri Azərbaycan Respublikası qanunvericiliyinin müəyyən etdiyi qaydada məsuliyyətə cəlb olunurlar.

Maddə 52. Dəyən zərərin ödənilməsi

 

Yol təsərrüfatı orqanlarının, habelə onların idarə və müəssisələrinin öz vəzifələrini yerinə yetirmədiklərindən və ya lazımınca yetirmədiklərindən yol şəraitinin qeyri-qənaətbəxş olduğuna görə avtomobil yol istifadəçilərinin həyatına və sağlamlığına dəyən zərər həmin orqanların, idarə və müəssisələrinin vəsaiti hesabına ödənilir.

Yol konstruksiyalarının və qurğularının zədələnməsində və ya avtomobil yollarının gələcəkdə qismən və ya tam istifadədən çıxa bilməsi üçün şərait yaradılmasında təqsirkar olan avtomobil yolu istifadəçilərinin və ya yol təsərrüfatı müəssisələrinin fəaliyyəti nəticəsində dövlətə dəyən zərər onların vəsaiti hesabına ödənilir.

Ümumi istifadədə olan avtomobil yollarında dövlət mülkiyyətinə dəyən zərər pul vəsaiti formasında dövlət büdcəsinə, başqa mülkiyyət növləri üzrə isə müvafiq büdcələrə və şəxslərə ödənilir.[66]

Avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi və ya onun səbəblərindən birinin yolun texniki-istismar vəziyyəti ilə bağlılığı ehtimalı olduqda, hadisə müvafiq yol təsərrüfatı orqanlarının rəsmi nümayəndəsinin iştirakı ilə araşdırılmalıdır.[67]

Yol konstruksiyalarının, tikililərinin və qurğularının zədələndiyi hallarda, maraqlı tərəflərin razılığı ilə, zərəri ödəmənin pul forması yol təsərrüfatı orqanının nəzarəti altında avtomobil yolu istifadəçisinin zədələnmiş konstruksiya və qurğularının bərpa işləri ilə də əvəz oluna bilər.

Bərpa işləri yol təsərrüfatı orqanları tərəfindən o şərtlə həyata keçirilə bilər ki, zərər vurmuş istifadəçi tərəflərin razılığı ilə işin icrası üçün kifayət edəcək pul vəsaitini, materialları, konstruksiyaları və digər əmlakı ona versin.

Avtomobil yolu torpaqlarından icazəsiz istifadə, bu torpaqlardan qeyri-qanuni istifadəyə sərf olunan vəsait ödənilmədən dayandırılır.

Zərərin dəyməsində təqsirkar olan istifadəçilər və icarəçilər zərəri ödəməklə yanaşı, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada başqa məsuliyyətə də cəlb oluna bilərlər.

Maddə 53. Mübahisələrin həlli qaydası

 

Yol fəaliyyətinin həyata keçirilməsi, avtomobil yollarından istifadə və avtomobil yollarının mühafizəsi məsələləri üzrə mübahisələr yol təsərrüfatı orqanları və ya müvafiq məhkəmə tərəfindən öz səlahiyyətlərinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada həll olunur.

Azərbaycan Respublikası ilə xarici dövlətlər və beynəlxalq yol orqanları arasında avtomobil yolları ilə bağlı məsələlər üzrə mübahisələr Azərbaycan Respublikasının müvafiq beynəlxalq müqavilə və sazişlərinə uyğun olaraq həll edilir.

Maddə 54. Keçid müddəaları

 

Azərbaycan Respublikasının mövcud normativ hüquqi aktları bu qanuna uyğunlaşdırılana qədər onların bu qanuna zidd olmayan normaları tətbiq edilə bilər.

 

 

Azərbaycan Respublikasının Prezidenti  

HEYDƏR ƏLİYEV

 

                                                                                                                   Bakı şəhəri, 22 dekabr 1999-cu il

                                                                                                                                                             № 778-IQ

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731)

 

2.       23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736)

 

3.       26 oktyabr 2004-cü il tarixli 782-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 901)

 

4.       21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478)

 

5.       17 aprel 2007-ci il tarixli 314-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 436)

 

6.       9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938)

 

7.       1 aprel 2008-ci il tarixli 588-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 348)

 

8.       13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)

 

9.       20 aprel 2012-ci il tarixli 340-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyun 2012-ci il, № 122, “Azərbaycan” qəzeti 6 iyun 2012-ci il, № 123, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №6, maddə 506)

 

10.    14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137)

 

11.    31 may 2013-cü il tarixli 676-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137)

 

12.    4 aprel 2014-cü il tarixli 935-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 may 2014-cü il, № 89)

 

13.    20 iyun 2014-cü il tarixli 997-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2014-cü il, № 151)

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə preambulada “saxlanılması” sözündən sonra “, qorunması” sözü əlavə edilmişdir və ikinci cümlə əlavə edilmişdir.

 

[2] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə ikinci bənddə “eyni səviyyədə kəsişmələri olmayan” sözlərindən sonra “, habelə hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilmiş, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilmiş” sözləri əlavə edilmişdir.

 

[3] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə on birinci bənddə “sürücülər” sözündən sonra “, sərnişinlər” sözü əlavə edilmişdir.

 

[4] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə on dördüncü bənddə “buraxmaq” sözü “buraxma” sözü ilə əvəz edilmişdir.

 

[5] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə on səkkizinci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni bəndlər əlavə edilmişdir.

 

[6] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 2-ci maddəsinin üçüncü hissəsində “əlillərin”sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilmişdir.

 

[7] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə 4-cü maddənin dördüncü hissəsində “yerli” sözündən sonra “, şəhər” sözü əlavə edilmişdir.

 

[8] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə ikinci hissədə “həmçinin” sözündən sonra “ödənişli,” sözü əlavə edilmişdir.

 

[9] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə üçüncü hissədə “yerli” sözündən sonra “, şəhər” sözü əlavə edilmişdir.

 

[10] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə 6-cı maddənin birinci hissəsində ikinci halda “habelə” sözü “şəhər və” sözləri ilə əvəz edilmişdir.

 

[11] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə 7-ci maddənin birinci hissəsində “şəhər, qəsəbə və başqa yaşayış məntəqələri daxilində” sözləri “şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yolları, habelə kənd və qəsəbələrinin ərazisində” sözləri ilə əvəz edilmişdir.

 

[12] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə 10-1-ci maddə əlavə edilmişdir.

 

[13] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) 12-ci maddə ləğv edilmişdir.

 

[14] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə birinci hissədən sonra ikinci hissə əlavə edilmişdir.

 

[15] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə üçüncü hissədə “Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli” sözlərindən sonra “, habelə şəhər” sözləri, “dövlət mülkiyyətidir” sözlərindən sonra isə “, bölünməzdir və özgəninkiləşdirilə bilməz” sözləri əlavə edilmişdir.

 

[16] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə beşinci hissədən sonra yeni hissələr əlavə edilmişdir.

 

[17] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə 14-cü maddənin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Avtomobil yollarının təhkim zolağı avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla yol konstruksiyasının özünün tikintisi, təmiri, onun istifadəsi, saxlanılması üçün zəruri olan yolkənarı infrastruktur obyektlərinin, digər mühəndisi, sosial və texniki qurğuların, tikililərin, həmçinin dekorativ və qoruyucu yaşıllıqların yerləşdiyi ərazini əhatə edir.

Təhkim zolağının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri və konkret şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təyin edilir.

Avtomobil yollarının təhkim zolağından istifadə edilməsi müvafiq normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla həyata keçirilir.

Müstəsna hallarda ümumi istifadədə olan avtomobil yollarının təhkim zolağında digər mühəndisi qurğuların layihələndirilməsi və tikilməsi üçün torpaq sahəsi yolun perspektiv inkişafı, təmiri və tikintisi, habelə hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərə alınmaqla yalnız müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə ayrılır.

Təhkim zolağı hüdudunda olan obyektlərin yerləşdiyi torpaq sahələri; bu zonalardan istifadə rejiminin müəyyən etdiyi hallar istisna olmaqla, onların mülkiyyətçilərindən, istifadəçilərindən və icarəçilərindən torpaq qanunvericiliyində müəyyən edilmiş qaydada dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün geri alına bilər. Torpaq sahələrinin dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün geri alınması şərtləri və halları Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.[17]

Təhkim zolağının yeni ölçüləri və torpaq ayrılması haqqında qərar qəbul edildiyi gündən bir ay müddətində bu zonada olan əmlak mülkiyyətçilərinə, torpaq istifadəçilərinə və icarəçilərinə yazılı məlumat verilir, onlar bu torpağın xüsusi istifadə rejimi və gələcəkdə onun avtomobil yollarının ehtiyacı üçün satın alına bilməsi haqqında xəbərdar edilirlər.

Təhkim zolağı hüdudunda torpaq sahələrinin başqa hüquqi və ya fiziki şəxslərin ehtiyacları üçün ayrıldığı və orada yerləşən obyektlərin alqı-satqısı zamanı, onun yeni sahibkarları torpaqdan istifadə rejimi şərtləri ilə tanış edilməlidirlər.

Təhkim zolağından savayı yol ehtiyacları məqsədi ilə daimi və ya müvəqqəti istifadə üçün digər torpaq sahələri də ayrıla bilər. Belə torpaqların ayrılma qaydaları müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

 

[18] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə birinci hissəsində “kommunikasiyalarla” sözündən sonra “(qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları)” sözləri əlavə edilmişdir.

 

[19] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə üçüncü hissədən sonra dördüncü hissə əlavə edilmişdir.

 

[20] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə altıncı hissəsində “sifarişçilər” sözündən sonra “avtomobil yolunun əvvəlki vəziyyətinə gətirilməsini təmin etməli və” sözləri əlavə edilmişdir.

 

[21] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə yeddinci və səkkizinci hissələr əlavə edilmişdir.

 

[22] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə 15-1-ci maddə əlavə edilmişdir.

 

[23] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə 15-2-ci maddə əlavə edilmişdir.

 

[24] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə 16-cı maddənin beşinci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Kommunikasiya mülkiyyətçiləri onların istismarını yol qurğularının zədələnməsini istisna edən normaya uyğun olaraq təmin etməlidirlər.

 

[25] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə 17-ci maddədə birinci hissədən sonra ikinci hissə əlavə edilmişdir.

 

[26] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə 18-ci maddənin birinci hissəsinin ikinci cümləsində “yollarında” sözü “yolları ilə” sözləri ilə əvəz edilmişdir, “səviyyəli” sözündən sonra “kəsişmələrdə” sözü əlavə edilmişdir.

 

[27] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə birinci hissədə “zolağında reklam lövhələri, digər məlumat işarələri və göstəricilərinin” sözləri “və ya qorunma (mühafizə) zolağında reklam və məlumat qurğuları lövhələrinin” sözləri ilə əvəz edilmişdir.

 

[28] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə üçüncü hissədə “Təhkim” sözü “Avtomobil yollarının təhkim və ya qorunma (mühafizə)” sözləri ilə əvəz edilsin, “və digər məlumat işarələri və göstəricilər” sözləri çıxarılmışdır.

 

[29] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə II-I fəsil əlavə edilmişdir.

 

[30] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 21-ci maddəsinin birinci hissəsindən "qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq xüsusi razılıq sistemi tətbiq edilir," sözləri çıxarılmışdır.

 

[31] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə dördüncü hissənin beşinci bəndindən sonra altıncı bənd əlavə edilmişdir.

 

[32] 26 oktyabr 2004-cü il tarixli 782-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 901) ilə 21-ci maddənin dördüncü hissəsinin on birinci abzası çıxarılmış, on ikinci abzas on birinci abzas hesab edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Dövlət Yol Fondunun formalaşması, ondan təyinatı üzrə istifadəni təmin edən prinsiplərin işlənib hazırlanması;

 

[33] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə beşinci və altıncı hissələr əlavə edilmişdir.

 

[34] 20 iyun 2014-cü il tarixli 997-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2014-cü il, № 151) ilə 23-cü maddənin beşinci hissə yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

Dövlət avtomobil yollarının adı və indeksləri yol təsərrüfatı subyektlərinin təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

 

[35] 20 iyun 2014-cü il tarixli 997-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2014-cü il, № 151) ilə 23-cü maddənin yeddinci, səkkizinci və doqquzuncu hissələr ləğv edilmişdir.

 

 

[36] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə 25-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 25. Avtomobil yollarının qeydiyyatı

Müvafiq sosial-iqtisadi inkişaf proqnoz və proqramları hazırlanarkәn, yolların uzunluğu, yollarda hərəkətin şiddəti, yolların vəziyyəti, yolların inkişaf perspektivləri və yollardan istifadənin səmərəliliyinin yüksəldilməsi üzrə digər göstəricilər də mütləq nəzərə alınmalıdır.

Bu məqsədlə avtomobil yollarının qeydiyyatı təşkil edilir və o aşağıdakıları nəzərdə tutur:

avtomobil yollarının rəsmi xəritəsinin tərtib edilməsi;

hər bir yolun adı, indeksi, ünvan reyestri məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nömrə və uzunluğu göstərilməklə avtomobil yollarının siyahısının tərtib edilməsi;[36]

hər bir avtomobil yolunun balans qiyməti, onun dəyişməsi və köhnəlməsi;

avtomobil yollarının texniki pasportlarının və yolların faktiki vəziyyəti, örtüyün növü və vəziyyəti, yol nişanlarının dislokasiyası, avtomobil yollarının tutduğu torpaq sahəsi haqqında informasiyanın, avtomobil yollarının nişanlarının və istismarının planlaşdırılması üçün vacib olan digər göstəricilərin hazırlanması və saxlanılması.

 

[37] 31 may 2013-cü il tarixli 676-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə 25-ci maddənin dördüncü hissəsinin üçüncü abzasına “indeksi” sözündən sonra “, ünvan reyestri məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nömrə” sözləri əlavə edilmişdir.

 

 

[38] 31 may 2013-cü il tarixli 676-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə yeni məzmunda 25-1-ci maddə əlavə edilmişdir.

 

 

[39] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə 26-cı maddənin adı yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Yol xidmətinin təşkili

 

[40] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə 26-cı maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Avtomobil yolları əməyin, qidalanmanın və istirahətin normal şəraitini, imkan daxilində isə yol hərəkəti iştirakçılarının rabitə əlaqələrini təmin etmək üçün nəzərdə tutulan xidməti obyektlərlə təchiz edilir.

 

[41] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə 26-cı maddənin üçüncü hissəsində “Yol xidməti” sözləri “Yolkənarı xidmət” sözləri ilə əvəz edilmişdir.

 

[42] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə 26-cı maddənin dördüncü hissəsində “Yol servisi” sözləri “Yolkənarı xidmət” sözləri ilə əvəz edilmişdir.

 

[43] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə 26-cı maddənin dördüncü hissəsindən sonra yeni hissələr əlavə edilmişdir.

 

[44] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə 26-cı maddənin on birinci hissəsi ləğv edilmişdir.

 

[45] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 28-ci maddənin üçüncü hissəsi çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Dövlət Yol Fondunun bütün ödəyiciləri üçün dövlət avtomobil yollarından istifadə pulsuzdur.

 

[46] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə üçüncü hissədə “yetirdikdə” sözündən sonra “, habelə iqlim şəraiti xeyli pisləşdikdə” sözləri əlavə edilmişdir.

 

[47] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə on birinci hissədən sonra on ikinci hissə əlavə edilmişdir.

 

[48] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə on dördüncü hissə ləğv edilmişdir.

 

[49] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə on beşinci hissənin ikinci cümləsi çıxarılmışdır.

 

[50] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə on altıncı hissədə “Bu cür” sözləri “İriqabaritli və (və ya) ağırçəkili” sözləri ilə əvəz edilmişdir.

 

[51] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə on yeddinci hissə əlavə edilmişdir.

 

[52] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə 33-cü maddədə birinci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Avtomobil yollarında və ya təhkim zolağında sahibkarlıq və digər fəaliyyət növləri nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane olmamalı və avtomobil yolları mülkiyyətçilərinin razılığına uyğun olaraq xüsusi ayrılmış yerlərdə həyata keçirilməlidir.

 

[53] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə ikinci hissənin birinci cümləsində “torpaq yatağı” sözləri “təhkim zolağının” sözləri ilə əvəz edilmişdir və ikinci cümləsi çıxarılmışdır.

 

[54] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə ikinci hissədən sonra üçüncü hissə əlavə edilmişdir.

 

[55] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə beşinci hissə yeni məzmunda verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Yolyanı zolaqda ticarət və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslər, avtomobil yollarının mülkiyyətçiləri ilə bağlanmış müqavilə əsasında, müqavilədən irəli gələn öhdəliyi yerinə yetirməklə həyata keçirə bilər.

 

[56] 26 oktyabr 2004-cü il tarixli 782-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 901) ilə 34-cü maddənin ikinci hissəsinin axırıncı abzası çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Dövlət Yol Fonduna ödədikləri vergidən formalaşmış vəsaitin sərf edilməsi barədə məlumat almaq.

 

[57] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə 34-1-ci maddə əlavə edilmişdir.

 

[58] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə 39-cu maddənin beşinci hissəsində “yolyanı zolağı” sözləri “qorunma (mühafizə) zolağı” sözləri ilə əvəz edilmişdir.

 

[59] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə 39-1-ci maddə əlavə edilmişdir.

 

[60] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə V-I fəsil əlavə edilmişdir.

 

[61] 26 oktyabr 2004-cü il tarixli 782-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 901) ilə 43-cü maddənin dördüncü hissəsi çıxarılmış, beşinci və altıncı hissələri müvafiq olaraq dördüncü və beşinci hissələr hesab edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Dövlət avtomobil yollarının qeydiyyatına çəkilən xərclər Dövlət Yol Fondundan ayırmalarda nəzərdə tutulur.

 

21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə  43-cü maddəsinin beşinci hissəsinə ikinci cümlə əlavə edilmişdir.

 

[62] 26 oktyabr 2004-cü il tarixli 782-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 901) ilə 44-cü maddənin ikinci hissəsinin ikinci abzasından ", o cümlədən Dövlət Yol Fondunun" sözləri çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

dövlət büdcəsinin, o cümlədən Dövlət Yol Fondunun vəsaiti;

 

[63] 4 aprel 2014-cü il tarixli 935-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 may 2014-cü il, № 89) ilə 46-cı maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası ərazisinə gəlmiş avtonəqliyyat vasitələrinin mülkiyyətçiləri və onlardan istifadə edən xarici ölkə vətəndaşları öz məsuliyyət riskini sığorta etməlidir.

 

[64] 4 aprel 2014-cü il tarixli 935-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 may 2014-cü il, № 89) ilə 46-cı maddənin dördüncü hissəsi ləğv edilmişdir.

 

[65] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 46-cı maddənin beşinci hissəsi çıxarılmışdır.

 

[66] 26 oktyabr 2004-cü il tarixli 782-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 901) ilə 52-ci maddənin üçüncü hissəsində "Dövlət Yol Fonduna" sözləri "dövlət büdcəsinə" sözləri ilə əvəz edilmişdir.

 

[67] 14 may 2013-cü il tarixli 648-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyun 2013-cü il, № 137) ilə 52-ci maddədə üçüncü hissədən sonra dördüncü hissə əlavə edilmişdir.