Az    |     En
      

                                Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında

                                   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Bu Qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir.

 I fəsil
Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:  
1.1.1. alınma – dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması;        1.1.2. torpaq – mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlak (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər);   
1.1.3. tikili – torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o  cümlədən   binalar,  qurğular,  yaşayış   və  qeyri-yaşayış  sahələri,  bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlər;  
1.1.4. alınmanın təsirinə məruz qalan torpaq – bu Qanunun 18-ci maddəsinə uyğun olaraq torpağın alınması ilə bağlı təklifə daxil edilməsi məqsədi ilə alan orqan tərəfindən müəyyən edilən torpaq;  
1.1.5. alınan torpaq – bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq;  1.1.6. kompensasiya – bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz;  
1.1.7. siyahıya alınma tarixi – bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarix; 
1.1.8. iddiaçı – bu Qanuna əsasən alınmanın təsirinə məruz qalan, kompensasiya iddiasında olan şəxs;
1.1.9. narahatlıq – torpağın məcburi alınması nəticəsində iddiaçının məruz qaldığı və ya onun tərəfindən çəkilmiş xərc və köçürülmə ilə bağlı, o cümlədən torpağın bu Qanunla müəyyən edilmiş qiymətinə birbaşa əsaslanmayan hər hansı pul zərəri (köçürülmə planına uyğun olaraq köçürülmə ilə bağlı tələb olunan bütün ağlabatan xərclər də nəzərə alınmaqla);
1.1.10. çətinliklərə görə kompensasiya – bu Qanunun 66-cı maddəsində nəzərdə tutulmuş kompensasiya;
1.1.11. zərərli təsir –alınan torpaqda dövlət ehtiyacının yaranmasına səbəb olmuş layihənin həyata keçirilməsi, o cümlədən layihə ilə nəzərdə tutulmuş yeni tikintinin (obyektin) inşası və (və ya) həmin tikintinin təyinatı, yaxud istifadəsi (istismarı) ilə əlaqədar alınan torpaqla yanaşı olan torpağın və ya saxlanılan (alınmayan) torpağın bazar qiymətinin və ya bərpa qiymətinin azaldılmış məbləği;
1.1.12. torpağın alınması qrupu – bu Qanunun 22-ci maddəsinə əsasən torpağın alınması prosesini həyata keçirmək üçün yaradılmış qrup;
1.1.13. bazar qiyməti – bu Qanunun 58-ci maddəsinə uyğun olaraq müəyyən edilən qiymət;
1.1.14. bərpa qiyməti – bu Qanunun 59-cu maddəsi ilə müəyyən edilən qiymət;
1.1.15. torpağa sahibliklə bağlı bildiriş – alan orqan tərəfindən bu Qanunun 46-cı maddəsinə uyğun olaraq verilən sənəd;
1.1.16. ictimai iclas – bu Qanunun 15-ci maddəsində nəzərdə tutulan iclas;
1.1.17. torpağın alınmasına dövlət ehtiyacları – torpaqların bu Qanuna əsasən alına biləcəyi, bu Qanunun 3-cü maddəsində müəyyən edilmiş hallar; 
1.1.18. alğı-satqı bildirişi – iddiaçı tərəfindən bu Qanunun 48-ci maddəsinə uyğun olaraq torpağın alınması tələbi barədə alan orqana verilən sənəd;
1.1.19. köçürülmə komissiyası – bu Qanunun 40-cı maddəsinə əsasən yaradılmış komissiya;
1.1.20. köçürülmə planı – bu Qanunun 5-ci fəslində nəzərdə tutulmuş plan;
1.1.21. köçürülmə təlimatı – bu Qanunun 5-ci fəslində nəzərdə tutulmuş köçürülmə ilə bağlı təlimat;
1.1.22. saxlanılan torpaq –dövlət ehtiyacları üçün torpağın müəyyən hissəsi alındığı hallarda həmin torpağın alınmanın təsirinə məruz qalan şəxsdə saxlanılan hissəsi.

Maddə 2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunvericilik

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən, Mülki Məcəllədən, Mənzil Məcəlləsindən, bu Qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları

3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır:           3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması;  3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi;            3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi;  3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi.  3.2. Torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər.

Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri

4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər.
4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz.

Maddə 5. Alına bilən torpaqlar

5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər:
5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar;
5.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlar.
5.2. Dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır.

Maddə 6. Torpaqları dövlət ehtiyacları üçün alan orqan

6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra – alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. 
6.2. Alan orqan müəyyənləşdirilərkən həmin orqanların qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətləri, onların təklif olunan layihənin həyata keçirilməsi üçün tələb olunan maliyyə və digər zəruri imkanları nəzərə alınmalıdır.
6.3. Müvafiq icra hakimiyyəti orqanı alan orqan tərəfindən bu Qanunun tələblərinə riayət olunmasını təmin etmək məqsədilə torpağın alınması ilə bağlı aşağıdakılarla məhdudlaşmayan müəyyən şərtlər irəli sürə bilər: 
6.3.1. təklif edilən alınma ilə bağlı ictimai məsləhətləşmələrin keçirilməsi; 
6.3.2. iddiaçıya təklif olunan kompensasiyaya əlavə olaraq ödəniləcək kompensasiyaların növlərinin və məbləğlərinin müəyyən edilməsi;
6.3.3. torpaqların dövlət ehtiyacları üçün alınması prosesinin icrası planı və ya onun bir hissəsi;
6.3.4. kompensasiyaların növlərinin, ödəniş formalarının və müddətlərinin müəyyən edilməsi.
6.4. Alan orqan torpağın alınmasının icrası ilə bağlı məsuliyyət daşıyır və torpağın alınması prosesində iştirak edən bütün digər orqanlar (təşkilatlar) tələb olunan müddət çərçivəsində alan orqan tərəfindən onlara edilmiş müraciətləri təmin etməlidirlər.
 
Maddə 7. Alınmanın təsirinə məruz qalan şəxs

7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir.
7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir.
7.3. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər:
7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; 
7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz);
7.3.3. ikinci əldən icarəyə verən qismində icarəçi, üçüncü şəxslərə istifadəyə verən qismində istifadəçi və ya istifadəçi ilə şifahi və ya yazılı həqiqi sübutla təsdiq edilən razılaşma əsasında torpağı qısa müddətli istifadə edən şəxslər;
7.3.4. torpağa hüququnun yaranmasına səbəb olan, qanun tərəfindən tanınan uzun müddətli istifadə əsasında torpaqda yaşayan şəxslər;
7.3.5. yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər.
7.4. Bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş kateqoriyalara aid olan şəxslər bu Qanunun müddəalarına əsasən itirdikləri torpaqla bağlı kompensasiya və digər yardımlarla təmin edilirlər.
7.5. Bu Qanunun 7.3.5-cı maddəsində nəzərdə tutulmuş kateqoriyaya aid olan şəxslər daşınmaz əmlak istisna olmaqla, yalnız onların köçürülməsi ilə bağlı yardımla və köçürülmə zamanı həmin şəxslərin daşınar əmlakına vurulmuş zərərin ödənilməsinə yönəlmiş yardımlarla təmin edilirlər.
7.6. Bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı şəxsin ailə üzvləri qismində torpaqda yaşayan şəxslər də alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər.

Maddə 8. Alınmanın həyata keçirilməsinə nəzarət

8.1. Alınmanın həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət və şikayətlərə baxılması müvafiq icra hakimiyyəti orqanı (bundan sonra – nəzarət orqanı) tərəfindən həyata keçirilir.
8.2. Nəzarət orqanı aşağıdakı funksiyaları yerinə yetirir:
8.2.1. tələb olunduğu hallarda torpağın alınması prosesi ilə bağlı təkliflərə dair rəy hazırlamaq;
8.2.2. alan orqanın həyata keçirdiyi alınma proseduralarına nəzarət etmək;
8.2.3. qiymətləndirmənin düzgün aparılmasını müəyyən etmək məqsədilə torpağın alınması proseduralarını davamlı şəkildə yoxlamaq və səmərəliliyi artırmaq istiqamətində dəyişikliklər təklif etmək;
8.2.4. alınma haqqında təkliflər və proseslərlə bağlı ictimai iclaslara nəzarət etmək və həmin iclaslarda edilən etirazlara və təqdimatlara dair hesabatlar hazırlamaq;
8.2.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin alınması başlayana qədər bu Qanuna əsasən kompensasiyanın ödənilməsinin və ya köçürülmənin həyata keçirilməsinin təmin edildiyinə əmin olmaq;
8.2.6 alınmanın təsirinə məruz qalan şəxs tərəfindən şəxsən və ya qanunvericiliklə vəkalət verdiyi şəxs vasitəsilə alınma prosesinin istənilən məsələsi ilə bağlı verilmiş hər hansı şikayətə baxmaq və araşdırmaq, habelə həmin şikayətlə bağlı alan orqana tövsiyələrlə birgə rəy təqdim etmək;
8.2.7. alınma ilə bağlı hesabatlar hazırlamaq.
8.3. Nəzarət orqanı zəruri hallarda torpaqların alınması ilə bağlı ortaya çıxan məsələlərin araşdırılması məqsədilə müvafiq sahə üzrə ekspert və ya mütəxəssis xidmətlərindən istifadə edə bilər. 
8.4. Nəzarət orqanı alınma prosedurları ilə əlaqədar hazırladığı təklif və hesabatları müvafiq icra hakimiyyəti orqanına təqdim edir.  
8.5. Nəzarət orqanı öz mülahizəsinə görə alınmanın bu Qanunla müəyyən edilmiş tələblərə riayət edilməməklə həyata keçirildiyini hesab etdiyi hallarda alınma prosesinin istənilən mərhələsində alan orqan tərəfindən torpaq üzərində hüquqların alınması, alınmanın təsirinə məruz qalan şəxslərin köçürülməsi, torpaqda mövcud tikililərin sökülməsi, tikinti işlərinin aparılması da daxil olmaqla hər hansı işlərin və hərəkətlərin dərhal dayandırılması haqqında sonuncuya icrası məcburi olan göstərişlər verə bilər. Bu göstərişin yerinə yetirilməsinin təmin edilməməsi nəticəsində maraqlı şəxsə dəymiş ziyan alan orqan tərəfindən ödənilir.


II fəsil

Torpaqların dövlət ehtiyacları üçün alınmasına qədər olan icraat

Maddə 9. Dövlət ehtiyacının müəyyən edilməsi və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq
9.1. Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır.
9.2. Torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq dövründə aşağıdakılar yerinə yetirilməlidir:
9.2.1. dövlət ehtiyacının təmin edilməsi üçün alınmanın təsirinə məruz qalan torpaqların sərhədlərinin müəyyən edilməsi, onların kateqoriyalarını, dəqiq ölçülərini, növlərini və yerləşməsini əks etdirən yerquruluşu xəritəsinin (kağız və elektron daşıyıcıda) tərtib edilməsi;
9.2.2. alınması təklif olunan torpağın kateqoriyalarının və mülkiyyət növünün müəyyənləşdirilməsi;
9.2.3. alınmanın təsirinə məruz qala biləcək şəxslərin tam siyahısının tərtib edilməsi;
9.2.4. alınma üçün tələb olunan maliyyə vəsaitinin ilkin məbləğinin və onun maliyyələşmə mənbələrinin müəyyən edilməsi;
9.2.5. bu Qanunun 10-17-ci maddələrində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi;
9.2.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən edə biləcəyi əlavə tədbirlərin həyata keçirilməsi.
9.3. Torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq dövründə yerinə yetirilən tədbirlərin əlaqələndirilməsi alan orqan tərəfindən həyata keçirilir.
9.4. Bu Qanunun 9.1.-ci maddəsində göstərilən qərarın qəbul edilməsi təklifi ilə müvafiq icra hakimiyyəti orqanları çıxış edə bilərlər.

Maddə 10. Alan orqanın məlumat toplamaq vəzifəsi

10.1. Alan orqan torpağın alınması haqqında təklifin hazırlanması zamanı bu Qanunun tələblərinə əməl edilməsi üçün zəruri olan bütün məlumatları toplamalıdır.
10.2. Məlumat toplanması məqsədi ilə alan orqan təklif edilən alınmanın əhatə etdiyi şəxslər və torpaqla bağlı aşağıdakı məlumatların verilməsi, bu məlumatların toplanması üçün birgə işlənilməsi və (və ya) dəqiqləşdirilməsi barədə müraciət etməlidir:
10.2.1. həmin torpaqda yaşayan alınmanın təsirinə məruz qalan şəxslərin siyahısına dair – müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyəyə;
10.2.2. xüsusi mülkiyyətdə olan torpaqlar üzrə:
10.2.2.1. alınmanın təsirinə məruz qalan şəxslərin mülkiyyət, istifadə, icarə və digər qanuni hüquqlar əsasında sahiblik etdikləri alınması təklif olunan torpaq sahələri və onlar üzərində sahiblik növünə dair – müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.2.2. həmin torpaqda mövcud olan tikililər, habelə inşa edilməsi nəzərdə tutulan bina və obyektlərin qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş layihələri haqqında məlumatlar üzrə – müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.2.3. alınmanın təsirinə məruz qalan şəxslərin mülkiyyət, istifadə, icarə və digər qanuni hüquqlar əsasında sahiblik etdikləri alınması təklif olunan torpaq sahələri və tikililərin ilkin qiymətinə dair – müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.3. bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə:
10.2.3.1. bələdiyyəyə mülkiyyətində olan alınması təklif edilən torpaq sahələri, həmin torpaq sahələrində mövcud tikililər haqqında məlumat, onlar üzərində sahiblik növü üzrə – müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyələrə;
10.2.3.2. bələdiyyə mülkiyyətində olan torpaqlarda yaşayan alınmanın təsirinə məruz qalan şəxslərin ilkin hesablanmış sayı, onların həmin torpaqdan istifadə və müvafiq tikili üzərində sahiblik növü üzrə – müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyələrə; 
10.2.3.3. hüquqi şəxslərin istifadəsində olan alınması təklif edilən bələdiyyə mülkiyyətindəki torpaq sahələri, həmin torpaq sahələrində mövcud tikililər haqqında məlumat, onlar üzərində sahiblik növünə dair – müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyələrə;
10.2.3.4. bələdiyyə mülkiyyətində olan alınması təklif olunan torpaq sahələrinin ilkin qiymətləndirilməsinə dair – müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.4. dövlət mülkiyyətində olan torpaqlar üzrə:
10.2.4.1. dövlət orqanlarının istifadəsində olan alınması təklif edilən torpaq sahələri, həmin torpaq sahələrində mövcud tikililər haqqında məlumat, onlar üzərində sahiblik növünə dair – müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.4.2. dövlət mülkiyyətində olan torpaqlarda yaşayan, alınmanın təsirinə məruz qalan şəxslərin ilkin hesablanmış sayı, onların həmin torpaqdan istifadə və müvafiq tikili üzərində sahiblik növünə dair – müvafiq icra hakimiyyəti orqanlarına; 
10.2.4.3. hüquqi şəxslərin istifadəsində olan alınması təklif edilən dövlət torpaq sahələri, həmin torpaq sahələrində mövcud tikililər haqqında məlumat, onlar üzərində sahiblik növünə dair – müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.4.4. istifadədə olan alınması təklif edilən torpaq sahələrinin ilkin qiymətləndirilməsinə dair – müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.5. torpağın qeyri-qanuni tutulması halları kimi, alınması təklif olunan torpaqdan hər hansı qanuni hüquq olmadan yaşamaq üçün və ya digər məqsədlərlə faktiki daimi istifadə edən şəxslərin sayının ilkin hesablanmasına dair – müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyəyə;
10.2.6. tələb olunduğu hallarda köçürülmə və yerdəyişmə üçün təqdim edilə biləcək torpaq və həmin torpağın cari istifadə növünə dair – müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.7. bu Qanunun 19.5-ci maddəsində nəzərdə tutulmuş sosial təyinatlı obyektlərə dair – müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.8. sorğu edildikdə təklif edilən alınmanın əhatə etdiyi şəxslər və torpaqla bağlı digər məlumatlara dair – dövlət və yerli özünüidarəetmə orqanlarına.
10.3. Bu Qanunun 10.2-ci maddəsində nəzərdə tutulmuş sorğuları almış icra hakimiyyəti orqanları və bələdiyyələr tələb olunan məlumatların tam həcmdə və həmin sorğuda müəyyən edilmiş müddətlərdə, lakin hər bir halda 60 gündən gec olmayaraq verilməsini təmin etməlidirlər.

Maddə 11. Alınmanın təsirinə məruz qalan şəxslərin və torpaqların siyahıya alınması

11.1. Alınmanın təsirinə məruz qalan şəxslər və torpaqlar bu Qanunun 10.2-ci maddəsinə uyğun olaraq sorğu ilə alınmış məlumatlar əsasında alan orqan tərəfindən siyahıya alınır. Siyahıyaalma sorğunun tarixinə (siyahıyaalma tarixi kimi müəyyən edilir) mövcud olan vəziyyətə əsasən aparılır. 
11.2. Alınmanın təsirinə məruz qalan şəxslərin və torpağın siyahıya alınması zamanı aşağıda göstərilən şəxslər də nəzərə alınır:
11.2.1. alınmanın təsirinə məruz qalan şəxslərin siyahıyaalınma tarixinədək doğulmuş, onlar tərəfindən qanunvericiliyə uyğun olaraq övladlığa götürülən uşaqları, habelə həmin şəxslərin siyahıyaalma tarixindən sonrakı altı ayadək olan müddətdə doğulmuş uşaqları və siyahıyaalınma tarixinədək qanunvericiliyə uyğun olaraq övladlığa götürmək haqqında müraciət etmiş və siyahıyaalınma tarixindən sonrakı altı ayadək olan müddətdə övladlığa götürülən uşaqları;
11.2.2. alınmanın təsirinə məruz qalan vəfat etmiş şəxsin varisləri.

Maddə 12. Rəsmi elan

12.1. Alan orqan bu Qanunun 10.2-ci maddəsində göstərilən məlumatları topladıqdan sonra torpağın alınması haqqında hazırlanan təkliflə bağlı rəsmi elan (bundan sonra – rəsmi elan) verir.
12.2. Rəsmi elanda aşağıda göstərilən məlumatlar əks olunur:
12.2.1. alınmanın təsirinə məruz qalan torpaqların yerləşdiyi ərazi (o cümlədən, müvafiq şəhər, qəsəbə və ya kənd, onların daxil olduqları inzibati ərazi vahidi (rayon, şəhər və ya şəhər rayonu), mövcud olduqda ünvanı, habelə digər dəqiqləşdirici məlumatlar);
12.2.2. torpağın alınmasını zəruri edən dövlət ehtiyacının ümumi mahiyyəti;
12.2.3. torpağın alınması təklifinin şərtlərini izah etmək və alınma ilə bağlı etirazların edilməsinə imkan vermək üçün alınmanın təsirinə məruz qalan torpaqda və ya onun yaxınlığında keçiriləcək ictimai iclasın tarixi;
12.2.4. alan orqanın məqsədəmüvafiq hesab etdiyi digər məlumatlar.
12.3. Rəsmi elan alınmanın təsirinə məruz qalan torpağın aydın təsviri olan ərazisindən asılı olaraq müəyyən edilmiş miqyasda tərtib edilən yerquruluşu xəritəsi ilə müşayiət olunmalıdır.
12.4. Rəsmi elan və müvafiq yerquruluşu xəritəsi alınmanın təsirinə məruz qalan torpağın yerləşdiyi inzibati ərazi vahidi üzrə müvafiq icra hakimiyyəti orqanının, habelə alınmanın təsirinə məruz qalan torpağın yerləşdiyi inzibati ərazi dairəsi üzrə müvafiq icra hakimiyyəti orqanının nümayəndəliyinin və müvafiq bələdiyyənin inzibati binasının rəsmi bildirişlər lövhəsində və alınmanın təsirinə məruz qalan torpağa yaxın olan və görünən yerlərdə asılır, habelə kütləvi informasiya vasitələrində yayılır.

Maddə 13. Rəsmi elanın alınmanın təsirinə məruz qalan şəxslərə çatdırılması
 
13.1. Alan orqan rəsmi elanın mahiyyətini alınmanın təsirinə məruz qalan torpaqda yaşayan bütün şəxslərin, alınmanın təsirinə məruz qalan torpaqda mülkiyyət, istifadə və icarə kimi hüquqları olan şəxslərin, alınmanın təsirinə məruz qalan torpağın alınması ilə bağlı kompensasiya hüququna malik olan şəxslər kimi alan orqan tərəfindən tanınan şəxslərin diqqətinə çatdırmaq üçün bütün müvafiq zəruri tədbirləri görməlidir.
13.2. Yuxarıda göstərilən vəzifənin ümumiliyinə xələl gətirmədən, alan orqan bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş bütün şəxslərə bu Qanunun 77-ci maddəsində müəyyən edilmiş qaydada rəsmi elanın mahiyyəti barədə bildiriş göndərməlidir.

Maddə 14. Rəsmi elanda göstərilən ərazidə həyata keçirilən tədbirlər

14.1. Rəsmi elanda göstərilən ərazidə qanunvericiliyə uyğun olaraq aşağıdakı tədbirlər həyata keçirilə bilər: 
14.1.1. torpağa daxil olmaq, mərzləmək, səviyyəsini ölçmək və plana almaq;
14.1.2. torpağın süxurunu qazmaq və ya burğu ilə deşmək;
14.1.3. alınmanın təsirinə məruz qalan torpağın sərhədlərini müəyyən etmək;
14.1.4. bu Qanunun 14.1.1-ci və 14.1.3-cü maddələrində göstərilən səviyyələri, sərhədləri nişanlarla qeyd etmək.
14.2. Bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulmuş tədbirlər nəticəsində torpağa dəyən zərərə görə torpağın mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə müvafiq kompensasiya ödənilir.

Maddə 15. İctimai iclas

15.1. Alan orqan torpağın alınması təklifi ilə bağlı bir və ya daha çox ictimai iclas keçirir.
15.2. Alınmanın təsirinə məruz qalan torpaq birdən artıq inzibati ərazi vahidinin ərazisində yerləşdikdə ictimai iclas hər bir inzibati ərazi vahidi üzrə ayrılıqda keçirilir.
15.3. İctimai iclasın məqsədi aşağıdakılardır:
15.3.1. alınmanın təsirinə məruz qalan torpaqda yaşayan sakinləri və həmin torpaqda mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxsləri torpağın alınmasını tələb edəcək layihə və alınmanın təsirinə məruz qalan torpaq haqqında məlumatlandırmaq;
15.3.2. torpağı tərk etmələri tələb olunacaq sakinləri onların köçürülmə planının hazırlanması, onların həmin planın hazırlanmasında və icrasında iştirakı ilə bağlı tədbirlər haqqında məlumatlandırmaq;
15.3.3. alınmanın təsirinə məruz qalan şəxsləri ödəniləcək kompensasiyanın növləri, habelə kompensasiyanın müəyyən edilməsi və ödənilməsi qayda və üsulları haqqında məlumatlandırmaq;
15.3.4. alınmanın təsirinə məruz qalan şəxsləri alınma ilə bağlı şikayətlərin qəbul edilməsi və baxılması qaydası haqqında məlumatlandırmaq;
15.3.5. təklif edilən alınma ilə bağlı olan məsələlərə dair hər hansı sakin, maraqlı şəxs və ya digər şəxs və ya təşkilatın nümayəndəsi tərəfindən edilə biləcək bəyanatları və ya etirazları dinləmək və qeyd etmək;
15.3.6. ictimai iclasda torpağın və ya onun müəyyən hissəsinin alınması ilə bağlı irəli sürülən hər hansı alternativ təklifləri müzakirə etmək;
15.3.7. ictimai iclası aparan şəxsin və ya şəxslərin rəyinə görə torpağın və ya onun müəyyən hissəsinin alınmasının zəruriliyinə dair əsaslandırılmış və ədalətli fikir formalaşdırmağa yardım edəcək digər məsələləri müzakirə etmək.
15.4. Alan orqan ictimai iclasın keçiriləcəyi ərazi üzrə müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə:
15.4.1. ictimai iclasın keçiriləcəyi tarixi və yeri müəyyənləşdirir, bu barədə elanın bu Qanunun 12.4-cü maddəsində göstərilən yerlərdə yerləşdirilməsini təmin edir və nəzarət orqanını məlumatlandırır;
15.4.2. ictimai iclasda nümayəndəsinin iştirakını təmin edir;
15.4.3. bu Qanununu 15.3-cü maddəsində müəyyən edilmiş məqsədlərə nail olmaq üçün ictimai iclasda torpağın alınması və bunun səbəbləri ilə bağlı bütün məlumatları təqdim edir; 
15.4.4. ictimai iclasın nəticələrinə dair hesabat hazırlayır və həmin hesabatı bu Qanunun 18-ci maddəsinə əsasən alan orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunan sənədlərə daxil edir;
15.4.5. ictimai iclasın təşkilinə və idarə edilməsinə dair zəruri olan və ya nəzarət orqanı tərəfindən tapşırıla biləcək digər funksiyaları icra edir.
15.5. İctimai iclas nəzarət orqanının nümayəndəsinin iştirakı olmadan keçirilə bilməz.

Maddə 16. İctimai iclasın keçirilməsi

16.1. İctimai iclasın keçirilməsinə məsul olan şəxs (ictimai iclası aparan şəxs) aşağıdakıları təmin etmək öhdəliyi daşıyır:
16.1.1. alınması təklif olunun torpaqda yaşayan sakinlərə, maraqlı şəxslərə, habelə ictimai iclasda iştirak etmək arzusunda olması zənn edilən bütün digər şəxslərə ictimai iclasın keçiriləcəyi yer və ictimai iclasın keçirilməsi ilə bağlı digər müvafiq məlumat haqqında geniş şəkildə məlumat vermək;
16.1.2. ictimai iclasda çıxış etmək arzusunda olan bütün şəxslərə imkan yaratmaq və zərurət olduqda, çıxışların edilməsində köməklik göstərmək;
16.1.3. ictimai iclasların ədalətli keçirilməsini təmin etmək.
16.1.4. ictimai iclasın protokolunu tərtib etmək.
16.2. Nəzarət orqanının ictimai iclasda iştirak edən nümayəndəsinin ictimai iclası aparan şəxs tərəfindən bu Qanunun 16.1-ci maddəsinin tələblərinə riayət etməsini təmin etmək məqsədilə iclasın gedişinə müdaxilə etmək hüququ vardır.

Maddə 17. İctimai iclas haqqında hesabat

17.1. Nəzarət orqanının ictimai iclasda iştirak edən nümayəndəsi mümkün qədər qısa müddət ərzində onun nəticələrinə dair hesabat hazırlayır və nəzarət orqanına təqdim edir.
17.2. Hesabatda:
17.2.1. torpağın alınması, həmin torpaqdakı şəxslərin köçürülməsi və kompensasiyanın ödənilməsi ilə bağlı tədbirlər üzrə təkliflər ümumiləşdirilir;
17.2.2. alan orqanın fəaliyyəti ilə əlaqədar edilmiş çıxışlardakı təklif və etirazlar qeyd olunur;
17.2.3. bu Qanunun 17.2.1-17.2.2-ci maddələrində göstərilən, habelə ictimai iclasda müzakirə edilmiş digər məsələlərin təhlili və şərhi, onlara dair tövsiyələr verilir;
17.3. Nəzarət orqanı bu Qanunun 17.1-ci maddəsinə əsasən təqdim edilmiş hesabatı, habelə hesabatda göstərilən məsələlərə dair məqsədəuyğun hesab etdiyi qeyd və tövsiyələri müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

Maddə 18. Torpağın alınması haqqında təklif

18.1. Bu Qanunun 9.2-ci maddəsinin tələbləri yerinə yetirildikdən sonra alan orqan torpağın alınması haqqında təklifi müvafiq icra hakimiyyəti orqanına təqdim edir.
18.2. Torpağın alınması haqqında təklif aşağıdakıları əhatə etməlidir:
18.2.1. torpağın alınması zəruriliyinin əsaslandırılmasını; 
18.2.2. alınmanın təsirinə məruz qala biləcək şəxslərin sayı və onların məruz qalacağı təsirin izahını;
18.2.3. alınma, habelə bununla bağlı baş verə biləcək köçürülmə ilə bağlı xərclər smetası və maliyyələşmənin mənbəyini;
18.2.4. ictimai iclaslara dair hesabat, o cümlədən alınma ilə bağlı əsas etirazlar və alan orqanın bu etirazlara münasibətini;
18.2.5. alan orqanın alınan torpaqda müvafiq layihənin icrasına başlaması üçün tələb olunan müddəti;
18.2.6. köçürülmə planının hazırlanmasının zəruri olduğu hallarda həmin planın hazırlanması üçün tələb olunan müddəti;
18.2.7. alınması təklif olunan torpağın kateqoriyaları (təyinatları) və mülkiyyət növü barədə məlumatları;
18.2.8. alınmanın təsirinə məruz qalan şəxslərin köçürülməsi və yerdəyişməsi tələb olunduğu hallarda bu məqsədlə təqdim edilə biləcək torpaq və həmin torpağın cari istifadə növünə dair məlumat;
18.2.9. alan orqandan yerinə yetirilməsi təmin edilməsi tələb olunan digər məsələləri.
18.3. Torpağın alınması haqqında təklifə onun yerləşdiyi yeri, sahəsini və sərhədlərini göstərən yerquruluşu xəritəsi əlavə olunur.
18.4. Torpağın alınması haqqında təklif müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı orqan və təşkilatlara göndərilə bilər:
18.4.1. sorğuda göstərilmiş, lakin təqdim edildiyi gündən etibarən 30 təqvim günündən çox olmayan müddətdə cavablandırılması şərti ilə, təkliflə və ya onun müəyyən hissəsi ilə bağlı rəylərin verilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanlarına və (və ya) dövlət təşkilatlarına;
18.4.2. sorğuda göstərilmiş müddətdə cavablandırılması (təqdim olunması) şərti ilə, təkliflə və ya onun müəyyən hissəsi ilə bağlı hesabatı hazırlamaq məqsədilə nəzarət orqanına;
18.4.3. sorğuda göstərilmiş müddətdə cavablandırılması (təqdim olunması) şərti ilə, maliyyə imkanlarının təsdiqlənməsi üçün müvafiq icra hakimiyyəti orqanına və (və ya) müvafiq təşkilatlara;
18.4.4. sorğuda göstərilmiş müddətdə cavablandırılması (təqdim edilməsi) şərti ilə, bu Qanunun 19.5-ci maddəsində nəzərdə tutulmuş obyektlərin tikintisinə və ya salınmasına, yaxud həmin obyektlərin yerləşdirilməsi üçün digər müvafiq binaların ayrılmasına dair təkliflər verilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına.
18.5. Bu Qanunun 18.4.1-ci və 18.4.3-cü maddələri ilə müəyyən edilmiş müddətdə rəy və ya hesabat müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədikdə və sorğu edilən rəyin və ya hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətin uzadılması barədə müraciət edilmədikdə, yaxud müraciət edildiyi təqdirdə müddətin uzadılmasından imtina olunduqda sorğu edilənin torpağın alınması təklifinə etirazın olmadığı kimi qəbul edilir.

Maddə 19. Torpağın alınması təklifi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərarın qəbul edilməsi

19.1. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 18-ci maddəsinə uyğun olaraq təqdim edilmiş torpağın alınması təklifi və bununla bağlı sənədləri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra alan orqanın təklifini tam və ya qismən nəzərə almaqla torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edə bilər.
19.2. Torpağın dövlət ehtiyacları üçün alınması barədə qərara alınan torpağın yerləşdiyi yeri, sahəsini və sərhədlərini göstərən müvafiq yerquruluşu xəritəsi əlavə olunur.
19.3. Müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır.
 19.4. Müvafiq icra hakimiyyəti orqanı torpağın alınması barədə qərarda torpağın alınması ilə bağlı planın hazırlanması və ya kompensasiyanın ödənilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına vəsaitlərin ayrılmasına dair tapşırıqlar verə, habelə alınmanın təsirinə məruz qalacaq şəxslərin mənafeyi nəzərə alınmaqla zəruri hesab etdiyi əlavə şərtlər müəyyən edə bilər.
19.5. Torpağın dövlət ehtiyacları üçün alınması barədə qərarda alınan torpaqda mövcud olan dövlət mülkiyyətində olan sosial təyinatlı obyektlərin (o cümlədən, səhiyyə müəssisələri, təhsil müəssisələri, uşaq evləri və bağçalar, kitabxanalar, mədəniyyət evləri, məişət evləri, mədəniyyət, idman və istirahət meydançaları, parklar, əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər), onların yerləşdiyi ərazidə yaşayan və ya həmin ərazidən köçürülən əhalinin tələbatları nəzərə alınmaqla bu cür obyektlərin tikintisinə və ya salınmasına, yaxud həmin obyektlərin yerləşdirilməsi üçün digər müvafiq binaların ayrılmasına dair tədbirlər nəzərdə tutulmalıdır.
19.6. Bu Qanunun 19.1-ci maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi ilə alınan torpaq üzərində hüquqların bu Qanuna uyğun olaraq dövlətə keçdiyi andan həmin torpağın kateqoriyası dəyişdirilmiş hesab edilir.

Maddə 20. Torpağın alınması barədə qərarın hüquqi qüvvəsi

20.1. Torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən:
20.1.1. həmin torpaq alınan torpaq kimi tanınır;
20.1.2. alınan torpaqda yaşayan və ya ondan istifadə edən, bu Qanunun 11-ci maddəsinin müddəalarına əsasən siyahıya alınmış şəxslər alınmanın təsirinə məruz qalan hesab edilir;
20.1.3. alan orqan alınan torpağın alınması ilə bağlı tələb olunan tədbirləri yerinə yetirmək öhdəliyini daşıyır;
20.1.4. köçürülmə planı və (və ya) təlimatı tələb olunan hallarda, alan orqan onların alınmanın təsirinə məruz qalan şəxslərlə məsləhətləşməklə ağlabatan müddətdə hazırlanmasını təmin etmək öhdəliyini daşıyır;
20.1.5. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara ödəniləcək kompensasiyanın müəyyən edilməsi məqsədilə alınan torpağın və həmin torpaqda yerləşən tikililərin (inşası başa çatdırılmamış tikililər də daxil olmaqla), məhsulun, bitkilərin, bütün digər təbii əşyaların və tikilmiş əmlakın qiymətləndirilməsində qiymətləndirmə komissiyasına kömək etmək öhdəliyini daşıyır;
20.1.6. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır;
20.1.7. alan orqan kompensasiyanın ödənilməsi məqsədilə aidiyyəti dövlət orqanlarından vəsait almaq üçün zəruri sənədlərin hazırlamaq öhdəliyini daşıyır.
20.2. Mülkiyyətində alınan torpaq olan şəxslər torpağın alınması barədə qərarın qəbul edildiyi tarixədək torpaqda mövcud tikililərdə zəruri təmir işləri istisna edilməklə, torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin torpaqda tikintiyə başlamaq və ya digər şəxsə tikintiyə başlamağa icazə vermək hüquqlarına malik deyildir və həmin tarixdən sonra torpaqda inşası başlanılmış tikilinin əvəzi ödənilmir.
20.3. Torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. Bu Qanunun 28-ci maddəsinə əsasən dövlətin hüquqları alınmamış hər hansı torpağın alınmasından imtina etdiyi hallar və bu Qanunun 50.1-ci maddəsinə əsasən torpağın alınmasından imtina hesab edilən hallar istisna olmaqla bu hüquq qanunla müəyyən olunmuş qaydada digər şəxslərə keçə bilər.
20.4. Müvafiq icra hakimiyyəti orqanı torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra alınan torpaqda başlanılmış tikintinin (inşaat işlərinin) dayandırılması və (və ya) tikilinin sökülməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirləri həyata keçirə bilər.
20.5. Alan orqan torpağın alınması haqqında qərarın və həmin qərarın hüquqi qüvvəsinə dair arayışın surətini alınmanın təsirinə məruz qalan şəxslərin diqqətinə çatdırmaq vəzifəsi daşıyır.


III fəsil

Alınma ilə bağlı səlahiyyətlər və proseduralar

Maddə 21. Torpağın alınması haqqında qərar qəbul olunduqdan sonrakı tədbirlər

21.1. Torpağın alınması haqqında qərar qəbul olunduqdan sonra alan orqan müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə 30 gün müddətində aşağıdakıları hazırlayır:
21.1.1. alınan hər bir torpağın və ya onun müəyyən hissəsinin, habelə bu hissənin daxil olduğu torpaq sahəsinin sərhədləri və ölçüləri göstərilməklə alınan torpaqların yerləşdiyi ərazinin yerquruluşu xəritəsini;
21.1.2. aşağıdakı məlumatlar əks etdirilməklə həmin sahələrin siyahısını:
21.1.2.1. torpağın mülkiyyətçisi, habelə bu Qanunun 7.3.2-ci maddəsində nəzərdə tutulmuş hallarda yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin hüquqları dövlət qeydiyyatına alınmamış şəxs və bu Qanunun 7.3.4-cü maddəsində nəzərdə tutulmuş torpağa hüququnun yaranmasına səbəb olan, qanun tərəfindən tanınan uzun müddətli istifadə əsasında torpaqda yaşayan şəxs;
21.1.2.2. əgər məlumdursa, alınan hər bir torpaqda və ya onun müəyyən hissəsində yaşayan və ya ondan istifadə edən hər hansı digər şəxslərin mövcud hüquqlarının növü;
21.1.2.3. alınan hər bir torpağın və ya onun müəyyən hissəsinin, habelə həmin hissənin daxil olduğu torpaq sahəsinin sərhədləri və ölçüləri göstərilməklə bu Qanunun 21.1.1-ci maddəsində nəzərdə tutulmuş yerquruluşu xəritəsindən çıxarışı;
21.1.3. Bu Qanunun IV və V fəsillərində nəzərdə tutulmuş müvafiq tədbirlərin təşkili.

Maddə 22. Torpağın alınması qrupunun (qruplarının) təşkili

22.1. Alınma prosesini həyata keçirmək məqsədilə alan orqan müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələrinin də daxil olduğu tərkibdə torpağın alınması qrupunu (qruplarını) təşkil edir. 
22.2. Torpağın alınması qrupu (qrupları) alınan torpaq üzrə və ya bir neçə qrup olmaqla həmin torpağın hissələri üzrə təşkil edilə bilər.
22.3. Torpağın alınması qrupunun funksiyaları aşağıdakılardır:
22.3.1. aşağıdakılarla bağlı proseduralar və onların yerinə yetirilməsi müddətləri haqqında izah vermək üçün alınmanın təsirinə məruz qalan şəxslərlə fərdi qaydada və ya qruplarla, yaxud onların nümayəndələri ilə görüşlər keçirmək:
22.3.1.1. onlara məxsus torpaq sahəsinin və digər daşınmaz və daşınar əmlakın qiymətləndirilməsi;
22.3.1.2. onlara ödəniləcək kompensasiyaya dair hüquqları; 
22.3.1.3. onlara ödənilə biləcək kompensasiyanın növləri və kompensasiyanın müxtəlif növlərinin faydası; 
22.3.1.4. kompensasiyanın ödənilməsi üzrə tədbirlər;
22.3.1.5. onların yerdəyişməsi və köçürülməsi ilə bağlı tədbirlər;
22.3.1.6. onların torpaq üzərində hüquqlarının verilməsi (dövlətə keçməsi);
22.3.2. bu Qanunun 22.3.1-ci maddəsində qeyd olunan məsələlərlə bağlı alınmanın təsirinə məruz qalan şəxslərlə danışıqlar aparmaq;
22.3.3. alınmanın təsirinə məruz qalan şəxslərin torpaqlarının zəruri olduqda mərzlənməsini (mərz nişanlarının qoyulması (basdırılması) qanunvericiliklə müəyyən olunmuş qaydada təşkil etmək və qiymətləndirilməsini təmin etmək;
22.3.4. alınmanın təsirinə məruz qalan şəxsləri alınma prosesinin bütün mərhələ və məsələləri barədə məlumatlandırmaq;
22.3.5. alınmanın təsirinə məruz qalan şəxslər tərəfindən alınma prosesi ilə bağlı qrupa və ya qrup üzvünə verilən hər hansı şikayətləri qəbul etmək, onları cavablandırmaq və həll etməyə cəhd göstərmək;
22.3.6. köçürülmə planının və ya təlimatının hazırlanmasında planlaşdırıcı ilə birgə işləmək və ona köməklik göstərmək;
22.3.7. dövlət orqanlarının istifadəsində olan torpaqların alınması ilə bağlı həmin dövlət orqanlarının nümayəndələri ilə görüşmək;
22.3.8. bələdiyyə torpaqlarının alınması ilə bağlı həmin bələdiyyələrin nümayəndələri ilə görüşmək.
22.4. Alan orqan aşağıdakıları yerinə yetirmək üçün torpağın alınması qrupunun üzvlərindən birini qrup rəhbəri təyin edir:
22.4.1. qrupun fəaliyyətinin planlaşdırılması və idarə edilməsi;
22. 4.2. qrup üzvlərinin öz funksiyalarını vaxtında və qərəzsiz icra etmələrini təmin edilməsi;
22.4.3. alan orqanı torpağın alınması qrupunun işi, xüsusilə də onun funksiyalarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə mane olan bütün çətinliklər barədə mütəmadi məlumatlandırmaq;
22.4.4. alan orqan tərəfindən torpağın alınması qrupu rəhbərindən tələb oluna biləcək digər funksiyaları yerinə yetirməsi.
22.5. Torpağın alınması qrupu bu Qanunun 22.3-cü maddəsində qeyd edilən məsələləri müzakirə etmək üçün mütəmadi olaraq əvvəlcədən müəyyən edilmiş vaxtda və yerdə alınmanın təsirinə məruz qalan şəxslərlə və ya onların nümayəndələri ilə görüşlər keçirir.
22.6. Torpağın alınması qrupu bu Qanunun 22.3-cü maddəsində sadalanmış müvafiq funksiyaların yerinə yetirilməsini təşkil edildiyindən 60 gün müddətində və ya həmin funksiyaların icrasında qrupun üzləşdiyi çətinliklər nəzərə alınaraq alan orqanla razılaşdırılmış digər müddətdə başa çatdırmalıdır. 
22.7. Torpağın alınması qrupunun və ya onun hər hansı üzvünün öz vəzifələrini icra edərkən alınan torpağa daxil olmaq və həmin torpaq üzərində bu Qanunda nəzərdə tutulmuş digər hərəkətləri yerinə yetirmək hüququ vardır.
22.8. Alan orqan torpağın alınması qruplarının fəaliyyətinə görə məsuliyyət daşıyır və onların işinə nəzarət edir.
22.9. Bu Qanunun 8-ci maddəsində göstərilən nəzarət orqanı:
22.9.1. torpağın alınması qrupunun təşkili və qrup rəhbərinin təyin edilməsi haqqında alan orqan tərəfindən məlumatlandırılmalıdır;
22.9.2. torpağın alınması qrupunun alınmanın təsirinə məruz qalan şəxslərlə və ya onların nümayəndələri ilə görüşlərində iştirak edə bilər;
22.9.3. həmin görüşlərdə bütün iştirakçılara məsləhət verə, habelə qrup üzvlərini təlimatlandıra bilər.

Maddə 23. Alınan torpağın qiymətləndirilməsi

23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir:
23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir;
23.1.2. alınan torpağın və onunla yanaşı yerləşən torpağın, həmin torpaqlarda olan tikililərin və daşınar əmlakın bərpa qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir;
23.1.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiya ilə bağlı danışıqlarda köməklik göstərir;
23.1.4. alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir;
23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir;
23.1.6. zəruri hesab etdiyi hallarda bu Qanunun 75.8-ci maddəsinə uyğun olaraq təqdim edilmiş nəzarət orqanının təklifləri əsasında alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləğində dəyişikliklər edilməsi barədə qərar qəbul edir;
23.1.7. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın məbləği barədə qərarını alan orqana göndərir. 
23.2. Alan orqan alınmanın təsirinə məruz qalan şəxslərin onlara ödəniləcək kompensasiyanın məbləğinə dair, habelə bu məbləğdə dəyişikliklər edilməsi barədə qiymətləndirmə komissiyasının qərarı ilə tanış olması üçün zəruri şərait yaratmalıdır.

Maddə 24. Qiymətləndirmənin xüsusiyyətləri

24.1. Müstəqil qiymətləndirici hər bir torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təkliflərini bütün müvafiq sənədlərlə birlikdə qiymətləndirmə komissiyasına və nəzarət orqanına təqdim edir. 
24.2. Nəzarət orqanı müstəqil qiymətləndiricinin təkliflərinə dair qiymətləndirmə komissiyasına yazılı qaydada münasibət bildirməli, hər hansı torpaq, torpaqda pay və ya daşınmaz əmlakla bağlı onun tövsiyə etdiyi qiyməti özünün mülahizəsinə görə bazar qiymətinə uyğunlaşdırmaq məqsədi ilə artırılmasını və ya azaldılmasını zəruri hesab etdiyi hallarda isə bu barədə əsaslandırılmış rəyini təqdim etməlidir.
24.3. Müstəqil qiymətləndiricinin təkliflərinə baxarkən nəzarət orqanı:
24.3.1. müvafiq icra hakimiyyəti orqanlarından, alan orqandan və ya torpağın alınması qrupundan özünün müəyyən etdiyi müddətdə əlavə məlumatın təqdim edilməsini tələb etmək;
24.3.2. zəruri hesab etdiyi hallarda alınmanın təsirinə məruz qalan, habelə digər aidiyyəti şəxslərlə və təşkilatlarla görüşmək, qiymətləndirmənin obyekti olan torpağın özü tərəfindən qiymətləndirilməsi məqsədilə onun hər hansı hissəsinə daxil olmaq hüququna malikdir.
24.4. Qiymətləndirmə komissiyasının bu Qanunun 23.1.7-ci maddəsinə uyğun olaraq müstəqil qiymətləndiricinin torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təkliflərinin, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyinin təhlili nəticəsində torpaq və digər əmlakın bazar qiyməti barədə qəbul etdiyi qərarı alan orqan tərəfindən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənilməsində istifadə edilir.

Maddə 25. Alınmanın təsirinə məruz qalan, lakin olduğu yer məlum olmayan şəxslər

25.1. Alınmanın təsirinə məruz qalan şəxsin olduğu yer məlum olmadıqda alan orqan, qrup və ya vəzifəli şəxs torpağın alınması ilə əlaqədar bütün məsələlərlə bağlı alınmanın təsirinə məruz qalan həmin şəxsin qanuni vərəsələri ilə əlaqə yaratmalıdır.
25.2. Alınmanın təsirinə məruz qalan şəxs məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş şəxs elan edildiyi halda, alan orqan, qrup və ya vəzifəli şəxs həmin torpağın alınması ilə əlaqədar bütün məsələlərlə bağlı onun qanuni vərəsələri, qanuni vərəsələri olmadıqda, qanunvericiliyə uyğun olaraq təyin olunmuş əmlak idarəçisi ilə əlaqə yaratmalıdır. 
25.3. Alınan torpaqla bağlı kompensasiyanın ödənilməsi və hüquqların verilməsi ilə əlaqədar məsələlərin həll edilməsi üçün bu Qanunun 25.1-25.2-ci maddələrində nəzərdə tutulmuş şəxslər alınan torpağın alınması ilə bağlı bütün məsələlərə dair qərarlar qəbul etmək səlahiyyətinə malikdir.
 
Maddə 26. Alınan torpaqla bağlı sənədlərin təqdim olunması

26.1. Alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə həmin şəxslərin mülkiyyət və digər hüquqlarını təsdiq edən sənədlərin alan orqana təqdim edilməsi barədə bildiriş göndərir və həmin bildirişi alan şəxs müvafiq sənədləri və ya onların surətini alan orqana təqdim etmək, alan orqan isə həmin sənədlərin əsli təqdim edilməklə surətinin alınmasını təsdiq edən qəbzi həmin şəxsə təqdim etmək öhdəliyi daşıyır.
26.2. Bu Qanunun 26.1-ci maddəsində göstərilən bildiriş alınmanın təsirinə məruz qalan şəxsə torpağın alınması qrupu və ya qrup üzvü tərəfindən çatdırıla bilər. Bu halda şəxs bildirişdə istinad edilən hər hansı sənədi sənədlərin qəbul edilməsini təsdiq edən qəbz müqabilində torpağın alınması qrupuna təhvil verir və həmin qəbz alan orqanın bu Qanununu 26.1-ci maddəsində nəzərdə tutulmuş qəbzinə bərabər tutulur.
26.3. Alan orqan torpağın qiymətləndirilməsi və alınmanın təsirinə məruz qalan şəxslərlə kompensasiya ilə bağlı danışıqların aparılması işinə yardım etmək məqsədilə bu maddədə nəzərdə tutulan sənədləri torpağın alınması qrupuna və qiymətləndirmə komissiyasına təqdim edir.
26.4. Alan orqan bu maddəyə uyğun olaraq təqdim edilən sənədlərin qorunmasının təmin edilməsi vəzifəsini daşıyır.

Maddə 27. Torpağın yalnız müəyyən hissəsinin alınmasına yol verilməyən hallar

27.1. Bu Qanuna əsasən aşağıdakı hallarda alınan torpağın yalnız müəyyən hissəsinin alınmasına yol verilmir (torpaq tam (bütöv) alınır):
27.1.1. torpağın müəyyən (alınan) hissəsi alınmanın təsirinə məruz qalan şəxsin torpağının (müəyyən (alınan) hissənin də daxil olduğu bütöv torpaq) saxlanılan (alınmayan) hissəsində mövcud olan vahid tikilinin tam və toxunulmaz istifadəsi üçün əsaslı olaraq tələb olunduqda;
27.1.2. torpağın müəyyən hissəsinin alınması eyni zamanda torpaqda mövcud olan ayrıca tikilinin də müəyyən hissəsinin alınması zərurətini yaratdıqda və tikilinin müəyyən (alınan) hissəsi həmin tikilinin saxlanılan (alınmayan) hissəsinin tam və toxunulmaz istifadəsi üçün əsaslı olaraq tələb olunduqda.
27.2. Torpaqların alınmasını zəruri edən layihələrin həyata keçirilməsi alınmanın təsirinə məruz qalan şəxsin torpağının (müəyyən (alınan) hissənin də daxil olduğu bütöv torpaq) saxlanılan (alınmayan) hissəsində qanunvericiliklə nəzərdə tutulmuş məhdudiyyətlərin müəyyənləşdirilməsinə səbəb olarsa, torpağın müəyyən hissəsinin alınmasına yalnız hüquq sahibinin yazılı razılığı əsasında yol verilir. 
27.3. Alınması təklif edilən hər hansı torpağın, tikilinin əsaslı olaraq tam və toxunulmaz istifadəsi üçün tələb olunan hissəsi olub-olmadığı barədə mübahisə yarandıqda, alınma həmin tikilinin mülkiyyətçisi ilə alan orqan arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir.
27.4. Bu Qanunun 27.3-cü maddəsində nəzərdə tutulmuş hallarda tərəflər arasında razılaşma əldə edilmədikdə, alan orqan məsələnin həlli məqsədilə məhkəməyə müraciət edir və məsələyə məhkəmə tərəfindən baxılana qədər həmin torpaqla bağlı hüquqları əldə etmir.
27.5. Bu Qanunun 27.4-cü maddəsi alan orqan və mülkiyyətçinin həmin maddədə nəzərdə tutulan məsələni həll etmək məqsədilə nəzarət orqanına müraciət edilməsinə mane olan hal kimi qəbul edilə bilməz.

Maddə 28. Alınmadan imtina

28.1. Dövlət, bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edilmiş, lakin üzərində hüquqlar alınmamış (dövlətə keçməmiş) hər hansı torpağın alınmasından imtina edə bilər.
28.2. Bu Qanunun 28.1-ci maddəsinə uyğun olaraq alınmadan imtina edilməsi barədə qərar qəbul edildiyi halda, alan orqan aşağıdakıları həyata keçirir:
28.2.1. alınmanın təsirinə məruz qalan şəxslərə və digər maraqlı şəxslərə dərhal bu barədə bildiriş göndərməklə həmin torpağın alınması ilə bağlı hər hansı hərəkətləri dayandırır;
28.2.2. mövcud olduqda, alınma prosesində həmin torpağa vurulmuş zərərlə bağlı kompensasiyanın məbləğinə dair təkliflərini qiymətləndirmə komissiyasına təqdim edir;
28.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə və digər maraqlı şəxslərə alınma prosesi ilə bağlı və ya onun nəticəsində çəkdikləri xərclərin əvəzini, həmin proseslə bağlı və ya onun nəticəsində zərər dəyə biləcəyi ehtimalı olduqda isə, əlavə olaraq zərər üçün kompensasiya ödəyir.

Maddə 29. Alınma ilə bağlı məhkəmə müdafiəsi

29.1. Alan orqanın və ya torpağın alınması qrupunun hərəkətləri nəticəsində zərər çəkmiş alınmanın təsirinə məruz qalan şəxs və ya həmin torpaqda hüququnun olması iddiası ilə çıxış edən şəxs, yaxud həmin torpaqda belə hüququ olan şəxs hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 90 gün müddətində alan orqanın və ya torpağın alınması qrupunun müvafiq aktlarından və ya onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) yuxarı orqana və (və ya) qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər.
29.2. Torpağın və ya onun müəyyən hissəsinin müvafiq layihə üçün alınmasının zəruri olmadığını iddia edən, habelə ödənilən kompensasiyanın məbləği ilə razı olmayan alınmanın təsirinə məruz qalan şəxs qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər.
29.3. Bu maddənin heç bir müddəası alınmanın təsirinə məruz qalan şəxs, torpağın alınması qrupu, alan orqan və ya alınma prosesində iştirak edən digər orqan tərəfindən mübahisənin alternativ həlli üsullarından istifadə edilməsinə və ya məhkəməyə ərizə verilənədək mübahisənin digər həlli üsulları ilə bağlı razılığın əldə edilməsinə mane olan hal kimi qəbul edilə bilməz.
  

IV fəsil

Könüllü alğı-satqı

Maddə 30. Alınan torpağın satın alınması səlahiyyəti

30.1. Alan orqan bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş alınmanın təsirinə məruz qalan şəxslərin alınan torpaqla bağlı hüquqlarını bu fəsildə müəyyən edilmiş qaydada danışıq (könüllü alğı-satqı) yolu ilə əldə edə bilər. 
30.2. Bu fəsildə müəyyən olunan danışıq yolu ilə könüllü alğı-satqının təşəbbüskarı alıcı qismində alan orqan və ya satıcı qismində bu Qanunun 7.3.1-7.3.4-cü maddəsində nəzərdə tutulmuş şəxslər ola bilər.

Maddə 31. Torpağın satın alınmasına razılıq bildirişi

31.1. Torpağın alınması barədə bu Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş qərar qəbul edildikdən sonra alan orqan bu Qanunun 7.3.1-7.3.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərə həmin torpaqlar üzərində hüquqların danışıq (könüllü alğı-satqı) yolu ilə satın alınmasına razılığı barədə bildiriş göndərir. 
31.2. Bildiriş alan orqanın torpaqları danışıq yolu ilə almağa razılığı və bu Qanunun 31.3-cü maddəsində nəzərdə tutulan müddət barədə məlumatla yanaşı aşağıdakıların qısa izahını əks etdirir:
31.2.1. torpağın satın alınmasının məqsədi;
31.2.2. torpağın danışıq yolu ilə satın alınması mümkün olmadıqda, torpağın alınmasının bu Qanunla müəyyən edilmiş alternativi;
31.2.3. mülkiyyətçinin bu iş üzrə müstəqil məsləhətçi axtara bilməsi imkanına dair izahat daxil olmaqla, könüllü danışıq yolu ilə satışın qaydaları (tələb olunan sənədlər, prosedurlar və s.).
31.3. Alınmanın təsirinə məruz qalan şəxs torpaq üzərində hüquqların danışıq (könüllü alğı-satqı) yolu ilə satışına razı olduqda, bu Qanunun 31.1-ci maddəsində göstərilən bildirişi alan gündən 30 təqvim günü ərzində öz razılığı barədə alan orqanı yazılı şəkildə məlumatlandırır.
31.4. Bu Qanunun 22-ci maddəsinə uyğun olaraq təşkil edilmiş torpağın alınması qrupunun üzvləri bildiriş göndərilmiş bütün mülkiyyətçilərə bildirişi izah və müzakirə etmək məqsədilə görüşlər keçirirlər.
31.5. Torpağın alınması qrupunun heç bir üzvünün mülkiyyətçidən torpağı satın almaq üçün təklif vermək və ya torpağın satın alınmasına razılıq verilməsini tələb etmək, yaxud mülkiyyətçidən torpağı alan orqana satmaq təklifini qəbul etmək hüququ yoxdur.

Maddə 32. Torpağın mərzlənməsi və qiymətləndirilməsi

32.1. Bu Qanunun 31.3-cü maddəsinə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxs torpaq üzərində hüquqların danışıq (könüllü alğı-satqı) yolu ilə satışına razılığı barədə alan orqanı yazılı şəkildə məlumatlandırdığı hallarda alan orqan həmin şəxslərin torpaqlarının qiymətləndirilməsini təmin edir. 
32.2. Bu fəslə uyğun olaraq torpağın alınmasına dair təklifin verilməsindən əvvəl alan orqan bu Qanunun 31.3-cü maddəsinə uyğun olaraq könüllü alqı-satqıya razılıq vermiş alınmanın təsirinə məruz qalan şəxslərin razılığı ilə torpağın keyfiyyətini qiymətləndirmək üçün torpağa daxil ola, ondan nümunə götürə, zərurət olduqda torpağın qanunvericiliyə uyğun olaraq mərzlənməsini təmin edə, habelə torpağın bazar və ya bərpa qiymətinin müəyyən edilməsi üçün zəruri olan digər hərəkətləri edə bilər.
32.3. Bu fəslə uyğun olaraq alınan torpağın satın alındığı qiymətin növü və məzmunu bu Qanunun VII fəsli ilə müəyyən olunan kompensasiya ilə eyniyyət təşkil edir, lakin bu zaman torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir.
32.4. Alan orqan bu fəslə uyğun olaraq alınan torpağın qiymətinin növünü və məzmunun bilavasitə öz mütəxəssisləri və ya dəvət olunmuş müstəqil qiymətləndiricinin köməyi ilə müəyyənləşdirir, lakin hər bir halda satıcıya təklif və ya yeni təklif göndərməzdən əvvəl qiymətin növünü və məzmununu nəzarət orqanı ilə razılaşdırır.

Maddə 33. Torpağın satın alınması təklifi

33.1. Alan orqan bu Qanunun 31.3-cü maddəsinə uyğun olaraq torpaq üzərində hüquqların danışıq (könüllü alğı-satqı) yolu ilə satışına razılıq vermiş alınmanın təsirinə məruz qalan şəxslərə aşağıdakıları əks etdirən torpağın satın alınması barədə yazılı təklif verir:
33.1.1. alınmanın təsirinə məruz qalan şəxsin adı, soyadı, atasının adı və ünvanı (hüquqi şəxslərə münasibətdə - adı və hüquqi ünvanı);
33.1.2. torpağın təsviri, onun sahəsi və sərhədləri;
33.1.3. satın alınması təklif olunan hissə (pay) haqqında məlumat;
33.1.4. təklif olunan qiymət;
33.1.5. alınmanın təsirinə məruz qalan şəxsin 30 təqvim günündən artıq olmayan müddətə təklifə yazılı cavab verməli olduğu barədə məlumat;
33.1.6. torpağın dəyərinin ödənildiyi gündən etibarən mülkiyyətçinin satın alınan torpağı boşaltmalı olduğu müddət;
33.1.7. torpağı boşaltmağın zəruriliyi ilə bağlı köçürülməyə dair bu Qanunun V fəsli ilə müəyyən olunmuş hüquqlar;
33.1.8. alan orqan tərəfindən məqsədəuyğun hesab edilən digər məlumatlar.
33.2. Torpağın satın alınması təklifi alan orqanın rəhbəri tərəfindən imzalanır və həmin orqanın möhürü ilə təsdiqlənir. Təklif alan orqanın vəzifəli şəxsləri tərəfindən alınmanın təsirinə məruz qalan şəxsə çatdırılır, alınmanın təsirinə məruz qalan şəxs və ya onun nümayəndəsi isə onun alınmasını öz imzası ilə təsdiq edir.

Maddə 34. Təkliflə bağlı danışıqlar

34.1. Torpağının satın alınması təklifini qəbul etməzdən əvvəl alınmanın təsirinə məruz qalan şəxs təklifin şərtlərinə dair izahın verilməsi və ya təklifə dəyişikliklər edilməsi barədə alan orqana müraciət edə bilər.
34.2. Alan orqan qanunvericiliyin tələblərini pozmamaq və təklif edilən qiymətə dəyişiklik edildikdə bunu nəzarət orqanı ilə razılaşdırmaq şərti ilə torpağın satın alınması təklifinə müvafiq dəyişikliklər edə bilər. 
34.3. Bu Qanunun 34.2-ci maddəsinə uyğun olaraq torpağın satın alınması təklifinə müvafiq dəyişikliklər edildikdə yeni təklif bu Qanunun 33-cü maddəsi ilə müəyyən edilmiş qaydada alınmanın təsirinə məruz qalan şəxsə çatdırılır .
34.4. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunun 34.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yeni təkliflə razı olduqda, həmin təklifi alan gündən 10 təqvim günü ərzində öz razılığı barədə alan orqanı yazılı şəkildə məlumatlandırır.

Maddə 35. Torpağın satın alınması təklifinin qəbul olunması və müqavilənin bağlanması

35.1. Torpağın satın alınması təklifinin qəbul olunması yazılı formada tərtib edilir və satılan torpağın mülkiyyətçisi tərəfindən imzalanır.
35.2. Torpağın satın alınması təklifi qəbul edilərkən onun hər bir şərtinin qəbul olunduğu aydın ifadə edilməlidir.
35.3. Torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alğı-satqı müqaviləsi ilə rəsmiləşdirilir.

Maddə 36. Torpağın satın alınması təklifinin qəbul olunmasından sonra alan orqanın hərəkətləri

36.1. Bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alğı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 təqvim günü ərzində aşağıdakıları həyata keçirir:
36.1.1. mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir; 
36.1.2. torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür;
36.1.3. satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra bu Qanunun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir.
36.2. Mülkiyyətçi bu Qanunun 36.1-ci maddəsinin tələblərinin təmin edilməsi məqsədi ilə satılan torpağa dair hüquqlarla bağlı müvafiq sənədləri təqdim etməklə alan orqana köməklik göstərmək öhdəliyi daşıyır.


V fəsil

Köçürülmənin təşkili

Maddə 37. Köçürmək öhdəliyi

37.1. Köçürmək öhdəliyi alınmanın təsirinə məruz qalan köçürüləcək şəxslər üçün aşağıdakıların təmin edilməsi məqsədilə alan orqan tərəfindən plan üzrə zəruri tədbirlər görülməsini tələb edir:
37.1.1. köçürülmə ilə bağlı onlara seçim imkanları və hüquqları haqqında məlumatın verilməsi;
37.1.2. real və mümkün olan köçürülmə alternativləri ilə bağlı məsləhətin verilməsi, seçimin təklif və təmin edilməsi;
37.1.3. köçürülməyə yardım göstərilməsi;
37.1.4. torpaqlarının alınmasının birbaşa nəticəsi olan itkilərlə bağlı bu Qanuna əsasən tam bərpa qiyməti məbləğində kompensasiyanın ödənilməsi.

Maddə 38. Köçürülməni qəbul etməkdə sərbəst iradə ifadəsi

38.1. Bu Qanuna əsasən köçürülmə hüququ olan alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla nəzərdə tutulmuş köçürülməni qəbul etmək öhdəliyi daşımır və köçürülmədən imtina edərək bu Qanuna uyğun olaraq köçürülmənin əvəzinə müvafiq kompensasiya ala bilər.
38.2. Alınmanın təsirinə məruz qalan şəxs bu fəslə uyğun olaraq köçürülmə planının və ya təlimatının hazırlanmasının ilkin mərhələsində, hazırlığın gedişinin istənilən, o cümlədən başa çatma mərhələsində köçürülmədən istifadə etməməyə qərar verə bilər.
38.3. Alan orqan, alınmanın təsirinə məruz qalan şəxsin köçürülmədən imtina etməsi barədə qərar qəbul etdiyinə və bütün ailə üzvlərinin ehtiyac və maraqlarının nəzərə almasına əmin olduqdan sonra alınmanın təsirinə məruz qalan şəxsə bu fəslə əsasən köçürülmənin əvəzinə verilməli olan kompensasiyanı ödəyir. 
38.4. Köçürülmənin əvəzinə alınmanın təsirinə məruz qalan şəxslərə verilən kompensasiyanın məbləği, alan orqanın bu məbləğlə bağlı təkliflərinin, habelə həmin təklifə dair nəzarət orqanının rəyinin təhlili əsasında, qiymətləndirmə komissiyasının qərarı ilə müəyyən edilir. 
38.5. Bu maddəyə əsasən kompensasiya ödənilmiş alınmanın təsirinə məruz qalan şəxs, kompensasiyanı alan andan bu fəslə uyğun olaraq köçürülmə hüququndan imtinanı imzalayır və köçürülmə hüququnu itirir.

Maddə 39. Köçürülmə planının və ya təlimatının tələb olunduğu hallar

39.1. Alınan torpağı tərk etmələri və həmin torpaqdan yüz metrdən uzaq olan yerə köçmələri tələb olunan şəxslərin sayı iki yüz nəfərdən artıq olduqda, alan orqan bu fəslin müddəalarına uyğun olaraq köçürülmə planını, digər hallarda isə köçürülmə təlimatını hazırlamaq öhdəliyi daşıyır.
39.2. Alan orqan alınan torpağı tərk etmələri tələb olunan şəxslərin sayını müəyyənləşdirərkən, layihənin hansı müddət və mərhələlərlə icra edilməsinin planlaşdırılmasından asılı olmayaraq, alınan torpağı tərk etmələri tələb olunan bütün şəxslərin sayını nəzərə almalıdır .

Maddə 40. Köçürülmə komissiyası

40.1. Alan orqan müvafiq inzibati ərazi vahidi üzrə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla alınmanın təsirinə məruz qalan şəxslərdən ibarət olmaqla üzvlərinin sayı üç nəfərdən az və iyirmi nəfərdən çox olmayan tərkibdə köçürülmə komissiyasını təşkil edir və onların fəaliyyətinə köməklik göstərir.
40.2. Köçürülmə komissiyasının funksiyaları aşağıdakılardan ibarətdir:
40.2.1. köçürülmə planının və ya təlimatının hazırlanmasında və icrasında iştirak etmək;
40.2.2. alan orqana, torpağın alınması qruplarına və planlaşdırıcılara alınmanın təsirinə məruz qalan şəxsləri maraqlandıran məsələləri çatdırmaq;
40.2.3. alınmanın təsirinə məruz qalan şəxslərin maraqlarını qorumaq üçün nəzərdə tutulmuş digər tədbirləri görmək.

Maddə 41. Köçürülmə planının və ya təlimatının hazırlanması

41.1. Alan orqan bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş köçürülmə planının və ya köçürülmə təlimatının hazırlanması tələb olunduğu halda həmin planın və ya təlimatın hazırlanmasına başlayır.
41.2. Köçürülmə planı və ya köçürülmə təlimatı alan orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilən müsabiqə yolu ilə dövlət və ya özəl qurumlardan, o cümlədən qeyri-hökumət təşkilatlarından seçilmiş, müvafiq sosial və texniki biliklər və bacarığa malik olan şəxs və ya təşkilat (bundan sonra – planlaşdırıcı) tərəfindən hazırlanır.
41.3. Planlaşdırıcı aşağıdakıları həyata keçirir:
41.3.1. köçürülmə planının hazırlanması üçün seçildiyi gündən üç ay ərzində həmin planı hazırlayır;
41.3.2. köçürülmə təlimatının hazırlanması üçün seçildiyi gündən iki ay ərzində həmin təlimatı hazırlayır.
41.4. Planlaşdırıcı hər köçürülmə ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərin və köçürülmə üçün istifadə edilə biləcək torpaqda məskunlaşmış şəxslərin (sakinlərin) şəraitini, şərtlərini və istəklərini müəyyən etmək üçün alınan torpağın, alınmanın təsirinə məruz qalan şəxslərin və köçürülmə məqsədləri üçün istifadə edilə biləcək hər hansı ərazinin müşahidəsini aparır.
41.5. Planlaşdırıcı alınmanın təsirinə məruz qalan şəxslərlə və köçürülmə üçün istifadə edilə biləcək ərazilərin sakinləri ilə onların şərtlərini və ehtiyaclarını anlamağa yardım edəcək ictimai iclaslar keçirməlidir.
41.6. Bu Qanunun 41.4-cü maddəsində nəzərdə tutulmuş müşahidənin nəticələri ictimai iclaslara dair hesabatla birlikdə baxılmaq üçün köçürülmə komissiyasına təqdim edilir.
41.7. Planlaşdırıcı aparılan müşahidələr, digər müvafiq məlumatlar, alan orqanın rəyləri və ictimai iclaslarda və köçürülmə komissiyası tərəfindən edilmiş qeydlər əsasında köçürülmə planının və ya təlimatının layihəsini hazırlayır.
41.8. Köçürülmə planının və ya təlimatının layihəsi ictimai iclaslarda münasibət bildirilməsi üçün alınmanın təsirinə məruz qalan şəxslərə təqdim olunur.
41.9. Köçürülmə planının və ya təlimatının layihəsi bu Qanunun 41.8-ci maddəsində qeyd edilən ictimai iclasa dair hesabatla birgə baxılmaq üçün köçürülmə komissiyasına təqdim edilir.
41.10. Planlaşdırıcı ictimai iclaslarda, o cümlədən köçürülmə komissiyası tərəfindən edilmiş qeydləri, köçürülmə planında və ya təlimatında dəyişikliklərin edilməsi ilə bağlı təklifləri nəzərə alır və layihəyə müvafiq dəyişikliklər edir.
41.11. Planlaşdırıcı köçürülmə planını və ya təlimatını nəzarət orqanına, habelə alan orqana təqdim edir.
41.12. Alan orqan köçürülmə planının və ya təlimatının icrası ilə bağlı köçürülmə komissiyası ilə mütəmadi iclaslar keçirir.

Maddə 42. Köçürülmə planının və ya təlimatının məzmunu

42.1. Köçürülmə planında və ya təlimatında alınmanın təsirinə məruz qalan şəxslər üçün aşağıdakıların təmin edilməsi ilə bağlı tədbirlər nəzərdə tutulmalıdır:
42.1.1. yerdəyişmə zamanı maliyyə və praktiki yardım;
42.1.2. alınmanın təsirinə məruz qalan şəxslərin ən azı tərk etdikləri yerin şəraitinə bərabər olan yaşayış yeri, yaşayış sahəsi, kənd təsərrüfatı yerləri və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün qeyri-yaşayış sahələri;
42.1.3. tələb olunduqda, məbləği və (və ya) həcmi köçürülmədən sonra dolanışıq vasitəsi və yaşayış standartlarını bərpa etmək üçün tələb edilən keçid dövrünün müddəti nəzərə alınmaqla müəyyənləşdirilən maddi və digər yardım;
42.1.4. tələb olunduqda, köçürülmədən sonra dolanışıq vasitəsi və yaşayış standartlarını bərpa etmək üçün təlim və digər yardım.
42.2. Alınmanın təsirinə məruz qalan şəxslərin məskunlaşmış yerlərə (əraziyə) köçürülməsini nəzərdə tutan köçürülmə planına və ya təlimatına bu Qanunun 42.1-ci maddəsində göstərilənlərə əlavə olaraq həmin ərazinin sakinlərinin alınmanın təsirinə məruz qalan şəxslərin gəlişinə uyğunlaşmalarına yardım edilməsinin və əlverişsiz şəraitə düşmələrinin qarşısının alınmasının təmin edilməsi ilə bağlı tədbirlər nəzərdə tutulmalıdır.
42.3. Köçürülmə planına və ya təlimatına alınmanın təsirinə məruz qalan şəxslərin mərhələli yerdəyişməsi və köçürülməsi ilə bağlı ətraflı proqram daxil edilir.

Maddə 43. Köçürülmə planı və ya təlimatı ilə bağlı xərclərin qiymətləndirilməsi (müəyyənləşdirilməsi)

43.1. Planlaşdırıcı köçürülmə planının və ya təlimatının icrası ilə bağlı həmin plan və ya təlimatın tərkib hissəsi olan və kompensasiyanın qiymətləndirilməsində (müəyyənləşdirilməsində) əsas sənəd kimi tanınan xərclər smetasını hazırlayır.
43.2. Kompensasiyanın qiymətləndirilməsinə (müəyyənləşdirilməsinə) aşağıdakılar daxildir:
43.2.1. torpaqla bağlı bütün sakinlərin malik olduqları və ya iddiasında olduqları hüquqlar, o cümlədən torpağın ümumi istifadəsi ilə bağlı hüquqlar və maraqlar;
43.2.2. köçürülərkən sakinlərin özləri ilə aparacağı mal-qara və digər daşınar əmlak;
43.2.3. sakinlərin üstünlük verdikləri kompensasiya növləri;
43.2.4. müəyyən edilmiş hər bir iddiaya uyğun gəlmək üçün tələb olunacaq kompensasiyanın məbləği və növü;
43.2.5. yerdəyişmə və köçürülmə ilə bağlı xərclər və bununla bağlı yardımın təmin edilməsi üçün digər xidmətlərin və vəsaitlərin xərclər smetası;
43.2.6. planlaşdırıcının rəyinə görə kompensasiyanın qiymətləndirilməsi (müəyyənləşdirilməsi) ilə bağlı digər məsələlər.
43.3. Köçürülmə planı və ya təlimatı ilə bağlı xərclərin qiymətləndirilməsi (müəyyənləşdirilməsi) alınmanın təsirinə məruz qalan şəxslərin kompensasiya ilə bağlı hər hansı iddialarına təsir etmir.
43.4. Bu Qanunun 41.11-ci maddəsinə əsasən köçürülmə planı və ya təlimatı təqdim edildikdən sonra alan orqan və nəzarət orqanı planlaşdırıcının hazırladığı xərclər smetasına dair təklif alan orqan və nəzarət orqanın həmin təklifə dair rəyləri ilə birlikdə qiymətləndirmə komissiyasına göndərilir. Köçürülmə planının və təlimatının xərclər smetası planlaşdırıcının təkliflərinin, habelə bu təklifə dair alan orqan və nəzarət orqanının rəylərinin təhlili əsasında qiymətləndirmə komissiyası tərəfindən təsdiq edilir.

Maddə 44. Köçürülmə planının və ya təlimatının icrası

44.1. Köçürülmənin növündən və köçürüləcək şəxslərin sayından asılı olaraq köçürülmə planının və ya təlimatının icrası ilə bağlı aşağıdakı tədbirlər yerinə yetirilir:
44.1.1. alınmanın təsirinə məruz qalan şəxslərin köçürüləcəyi yerdə (ərazidə) məskunlaşmış şəxslərin (yerli sakinlərin) mövcud olduğu hallarda, onlar arasında köçürülmə zamanı və köçürülmədən sonra yarana biləcək hər hansı mübahisələri həll etmək və ahəngdar mühiti təmin etmək üçün köçürülmə komissiyası tərəfindən mütəmadi iclaslar təşkil edilir;
44.1.2. alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslər köçənədək (köçürülənədək¬¬) onlar üçün yaşayış yerinin, yaşayış sahəsinin, kommunal xidmətlərin (elektrik enerjisi, qaz, su və kanalizasiya, telekommunikasiya və elektron kommunikasiya ilə təchizat, məişət tullantılarının daşınması və s.), habelə yol və digər infrastruktur obyektlərinin hazırlanması təmin edilir;
44.1.3. alınmanın təsirinə məruz qalan şəxslərə yeni yaşayış yerlərinə köçmələri tələb olunan tarixə azı 60 gün qalmış müvafiq bildiriş təqdim edilir;
44.1.4. yeni yaşayış yerində (ərazisində) mövcud olan tikililinin yerində digərinin inşası və ya yenidən qurulması tələb olunduqda alınmanın təsirinə məruz qalan şəxslərə həmin tikilinin müvafiq olaraq tam və ya qismən sökülməsi ilə bağlı yardım edilir;
44.1.5. alınmanın təsirinə məruz qalan şəxslərin, onların əşyalarının, mövcud olduqda tikinti materiallarının, mal-qaranın köçürülməsi üçün köçürülmənin planlaşdırıldığı gün altı saatdan artıq gözləməmək şərti ilə köçürülmə zəruri sayda nəqliyyat vasitələri ilə təmin edilir;
44.1.6. alınmanın təsirinə məruz qalan şəxslərin köçürüləcəyi yerə (əraziyə) yerdəyişmə zamanı və ondan sonra köçürülmə ilə bağlı yaranmış problemləri və mübahisələri həll etmək üçün həmin şəxslərə torpağın alınması qrupları və digər şəxslər tərəfindən məsləhət və yardım təmin edilir;
44.1.7. alınmanın təsirinə məruz qalan şəxslərə köçürülmə ilə əlaqədar ödəniləcək kompensasiya məbləği yerdəyişmə zamanı və ya ondan əvvəl birdəfəlik ödənilir; 
44.1.8. müəyyən müddətdə mütəmadi əsaslarla kompensasiya kimi ödəniləcək hər hansı pul məbləğlərinin və digər xərclərin ödənilməsi ilə bağlı tədbirlər həyata keçirilir və alınmanın təsirinə məruz qalan şəxslərə izah edilir;
44.1.9. alan orqanın köçürülmə komissiyası ilə razılaşdırdığı digər məsələlərin həlli təmin edilir. 
44.2. Bu Qanunun 52.2-ci maddəsində göstərilən məsələlərin təsdiq olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan alınmanın təsirinə məruz qalan şəxslərin köçürülməsi və onlara məxsus tikililərin sökülməsi qadağandır.

Maddə 45. Köçürülməyə nəzarət

45.1. Nzarət orqanı köçürülməyə, köçürülmə planının və ya təlimatının hazırlanması və icrasına nəzarəti həyata keçirir.
45.2. Bu Qanunun 45.1-ci maddəsində müəyyən edilmiş məqsədlər üçün nəzarət orqanı aşağıdakı səlahiyyətlərə malikdir: 
45.2.1. planlaşdırıcının, köçürülmə komissiyasının iclaslarında və ictimai iclaslarda iştirak etmək;
45.2.2. köçürülmə planını və ya təlimatını, habelə onların hazırlanması ilə bağlı müvafiq sənədləri əldə etmək, nəzərdən keçirmək və qeydlərini bildirmək;
45.2.3. köçürülmə ilə bağlı istənilən məsələni müzakirə etmək məqsədi ilə alan orqanla və ya alınmanın təsirinə məruz qalan şəxslərlə görüşmək;
45.2.4. köçürülmə planının və ya təlimatının icrasının istənilən mərhələsində iştirak etmək;
45.2.5. alan orqana köçürülmə planının və ya təlimatının icrasının istənilən məsələsi ilə bağlı icrası məcburi olan təqdimatlar vermək;
45.2.6. köçürülmə planının və ya təlimatının hazırlanması və icrasına dair alan orqana təqdim ediləcək və ictimaiyyətə açıqlanacaq hesabat hazırlamaq.


VI fəsil

Sahibliyin əldə edilməsi və kompensasiya ilə bağlı iddialar

Maddə 46. Alan orqan tərəfindən sahibliklə bağlı bildirişin verilməsi

46.1. Alınan torpaq bu Qanunun 22.3.3-cü maddəsinə əsasən mərzləndikdən sonra alan orqan yeddi gün müddətində sahibliklə bağlı bildirişi aşağıda göstərilənlərə çatdırır:
46.1.1. alınmanın təsirinə məruz qalan şəxslərə, o cümlədən köçürülmə planı və ya təlimatı əsasında köçürülməli olan alınmanın təsirinə məruz qalan bütün şəxslərə; 
46.1.2. alınan torpaq və ya onun müəyyən (alınan) hissəsi bələdiyyə mülkiyyətində olduğu halda – müvafiq bələdiyyələrə;
46.1.3. alınan torpaq və ya onun müəyyən (alınan) hissəsi dövlət təşkilatının və ya hüquqi şəxsin istifadəsində olduqda - həmin təşkilata və ya hüquqi şəxsə.
46.2. Alan orqan sahibliklə bağlı bildirişində aşağıdakıları göstərir:
46.2.1. bildirişin göndərildiyi bu Qanunun 46.1-ci maddəsində nəzərdə tutulmuş alınmanın təsirinə məruz qalan şəxsin adı, soyadı və atasının adı və ünvanı, yaxud müvafiq bələdiyyə,yaxud dövlət təşkilatı və ya hüquqi şəxsin adı və ünvanı;
46.2.2. alınan torpaqla və onunla bağlı hüquqlarla əlaqədar kompensasiya ödəməyə hazır olduğunu;
46.2.3. ödənilə biləcək kompensasiyanın növünü və məbləğini;
46.2.4. köçürülmə planına və ya təlimatına uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxsi köçürməyə hazır olduğunu;
46.2.5. həmin alınmanın təsirinə məruz qalan şəxsin torpaqla bağlı iddia etdiyi hüququn növü ilə bağlı məlumat təqdim olunmasını tələb etdiyini;
46.2.6. torpaqla bağlı sahibliyin əldə edilməsi üçün bildirişdə müəyyən edilmiş tarixdə məhkəməyə müraciət ediləcəyini;
46.2.7. kompensasiya ilə bağlı iddiaların qiymətləndirilməsi və torpaqla bağlı sahibliyin əldə edilməsinə hazırlıq görülməsi üçün bu barədə alınmanın təsirinə məruz qalan şəxsi azı 48 saat əvvəl xəbərdar etməklə torpağa daxil olmaq hüququna malik olduğunu.
46.3. Sahibliklə bağlı bildiriş kompensasiyanın qiymətləndirilməsi (müəyyənləşdirilməsi) ilə bağlı riayət ediləcək proseduraların qısa xülasəsini və təklif edilən kompensasiyanın məbləği ilə razılaşmayanların şikayət vermək vasitələrini əks etdirməlidir.
46.4. Sahibliklə bağlı bildirişin surətləri, kompensasiya almaq hüququna malik olduğunu iddia edən, lakin alan orqandan sahibliklə bağlı bildirişi almayan şəxslər üçün, bu Qanunun 12.4-cü maddəsində rəsmi elanın asılması üçün nəzərdə tutulmuş yerlərdə asılmalıdır.

Maddə 47. Kompensasiya ilə bağlı tələb

47.1. Kompensasiya və ya köçürülmə iddiasında olan alınmanın təsirinə məruz qalan şəxs (iddiaçı) sahibliklə bağlı bildirişin alındığı gündən otuz gün müddətində və ya hər konkret halda işin hallarını nəzərə alaraq nəzarət orqanının müəyyən edə biləcəyi daha uzun müddətdə alan orqana ərizə təqdim edərək kompensasiya və ya köçürülməsinin təmin edilməsi ilə bağlı tələb irəli sürə bilər.
47.2. Kompensasiya və ya köçürülmə ilə bağlı tələb aşağıdakıları əhatə edir:
47.2.1. kompensasiya tələb olunan alınacaq torpaqla bağlı hüququn növünü;
47.2.2. kompensasiya ilə bağlı iddia edilən məbləğ və bu məbləğin əsaslandırılmasını;
47.2.3. iddia edilən kompensasiyanın növünü və xüsusiyyətini (ziyanın müxtəlif növlərinə münasibətdə kompensasiyanın müxtəlif növləri iddia edilə bilər);
47.2.4. alınacaq torpağın ərazisinin ölçülməsi və nişanlanması ilə bağlı etirazları(mövcud olduqda);
47.2.5. hər hansı köçürülmə ərazisində iddia edilən torpağın ölçüsünü;
47.2.6. müəyyən edilə biləcək digər məsələləri.
47.3. Alan orqan tələbin tərtibində iddiaçılara yardım etmək öhdəliyini daşıyır və həmin məqsədlə bu Qanuna əsasən tətbiq ediləcək qaydaları izah etmək üçün qrup təşkil edir, ödəniləcək kompensasiya ilə bağlı danışıqlar aparmaq arzusunda olan şəxslərə məsləhət vermək və onları təmsil etmək üçün müstəqil peşəkar məsləhət xidməti ilə ödənişsiz təmin edir.
47.4. Alınmanın təsirinə məruz qalan şəxs alınacaq torpağından müvəqqəti uzaqda olması və ya digər üzürlü səbəbdən ərizəni müəyyən olunmuş müddətdə təqdim edə bilmədikdə və ərizəni müəyyən olunmuş müddətdə təqdim edə bilməməsi səbəbini alan orqana bəyan etdikdə, alan orqan ərizəni bu maddədə nəzərdə tutulmuş müddət keçdikdən sonra da qəbul edə bilər.

Maddə 48. Alğı-satqı bildirişinin iddiaçı tərəfindən göndərilməsi

48.1. Torpaqların alınmasını zəruri edən layihələrin alınan torpaqlarda həyata keçirilməsi nəticəsində zərər çəkən və ya zərər çəkməsi ehtimal edilən və əsaslı olaraq faydalı istifadəsi daha mümkün olmayacaq, habelə qanunvericiliklə nəzərdə tutulmuş məhdudiyyətlər müəyyənləşdiriləcək torpağın mülkiyyətçisi və ya qanuni istifadəçisi həmin torpağın alınması tələbi barədə alan orqana alğı-satqı bildirişi göndərə bilər.
48.2. Alğı-satqı bildirişi alan orqan tərəfindən tam və ya qismən qəbul edildikdə, kompensasiya həmin torpağın zərərli təsirə məruz qalması üçün deyil, alınması üçün ödənilir.
48.3. Alan orqan alğı-satqı bildirişini tam və ya qismən rədd edə bilər, lakin belə rədd etmə bu Qanunun VII fəslinə əsasən alınan torpağın və ya onun rədd edilmiş alğı-satqı bildirişinin obyekti olan hissəsinin ayrılması və ya zərərli təsirə məruz qalmasına görə kompensasiyanın ödənilməsinə mane olan hal kimi tətbiq edilə bilməz.
Maddə 49. İcarədə olan dövlət və ya bələdiyyə torpaqlarının müəyyən hissəsinin alınması

49.1. İcarədə olan dövlət və ya bələdiyyə torpaqları (onun müəyyən hissəsi) dövlət ehtiyacları üçün satın alındıqda bu Qanunla müəyyən edilən satınalma qiymətinə icarəçinin bu torpaqla bağlı üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü zərər də daxil edilir.
49.2. İcarədə olan dövlət və ya bələdiyyə torpaqlarının müəyyən hissəsi alındıqda icarəçi tərəfindən ödəniləcək icarə haqqına icarədə olan torpağın sahəsinin azalması və geri alınmanın digər nəticələri nəzərə alınmaqla yenidən baxılır və icarəçidə saxlanılan torpağın qanunvericiliyə uyğun olaraq yenidən mərzlənməsi və üzərində hüquqların dövlət qeydiyyatına alınması təşkil edilir.

Maddə 50. Alınmanı başlamaq və ya ondan imtina etmək bildirişinin göndərilməsi

50.1. Torpağın dövlət ehtiyacları üçün alınması haqqında bu Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş qərar qəbul edildikdən sonra 120 gün müddətində alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxsə sahibliklə bağlı bildiriş göndərilmədikdə, həmin şəxs alan orqana sahibliklə bağlı bildirişin və ya torpağın alınmasından imtina edilməsi bildirişinin göndərilməsini tələb edən bildiriş göndərə bilər. Həmin bildirişin göndərildiyi sonrakı otuz gün müddətində sahibliklə bağlı bildirişin bu Qanunun 46-cı maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsə göndərilməməsi həmin torpağın alınmasından imtina hesab edilir.
50.2. Bu Qanunun 50.1-ci maddəsinə uyğun olaraq torpağın alınmasından imtina hesab edilən hallarda, imtinanın baş verməsi hesab edildiyi gündən bildiriş göndərmiş şəxslər tərəfindən hər hansı hərəkət zərurəti olmadan onların həmin torpaqla bağlı hüquqları bərpa olunmuş hesab edilir və bu şəxslər alınma prosesindən əvvəlki qaydada həmin torpaqda yaşaya, ondan istifadə edə, habelə torpaq üzərində digər hüquqları həyata keçirə bilərlər.
50.3. Bu maddəyə uyğun olaraq torpağın alınmasından imtina hesab edilən hallarda, imtina edilmiş alınmanın obyekti olan torpağın ən azı üç il ərzində alınmasına təkrar başlanıla bilməz.
50.4. Bu maddədə nəzərdə tutulmuş hallarda torpaqla bağlı hüquqlara malik olan şəxslərə bu Qanunun 28.2.3-cü maddəsinə uyğun olaraq kompensasiya ödənilir.

Maddə 51. Yubadılma

51.1. Sahibliklə bağlı bildiriş göndərildikdən sonra bir təqvim ili ərzində alan orqan tərəfindən alınan torpaq üzərində sahibliyin təmin edilməsi üçün bu Qanunda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi yubadıldıqda, belə hal həmin torpağın alınmasından imtina edilməsi kimi hesab edilir. Həmin müddətin axımı alınma prosesi ilə bağlı məhkəməyə şikayət verildikdə dayandırılır.
51.2. Bu Qanunun 51.1-ci maddəsində nəzərdə tutulan hallarda 50.2-50.4-cü maddələrinin müddəaları tətbiq edilir.

Maddə 52. Məhkəmə təsdiqi

52.1. Alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər.
52.2. Alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün verilir:
52.2.1. torpağın alınmasının bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olmasını;
52.2.2. alınan torpağa sahibliyin bu Qanunun tələblərinə uyğun olaraq əldə olunmasını;
52.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin.
52.3. Torpağının alınmasına, torpağının üzərində sahibliyin əldə olunmasına və ya təklif olunan kompensasiyaya etiraz edən alınmanın təsirinə məruz qalan şəxs aşağıdakı əsaslardan biri və ya bir neçəsi ilə məhkəməyə ərizə verə bilər:
52.3.1. torpağın alınmasının bu Qanunun 3-cü maddəsinin tələblərinə zidd olması;
52.3.2. torpağın alındığı layihənin həyata keçirilməsi üçün lazım olmaması;
52.3.3. təklif olunan kompensasiyanın ədalətli olmaması;
52.3.4. alan orqanın müvafiq səlahiyyətlərə malik olmaması;
52.3.5. bu Qanunla müəyyən olunmuş prosedurlara riayət edilməməsi və ya düzgün və ədalətli riayət edilməməsi.
52.4. Torpağın alınması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş bütün sənədlər, yerquruluşu xəritələri və ya onların zəruri hissəsi məhkəmədə nəzərdən keçirilir.
52.5. Tərəflər yaxud onların nümayəndələri kompensasiyanın ödənilməsi haqqında razılığa gəldikdə və həmin razılıq yazılı formada hazırlanıb bütün tərəflər tərəfindən imzalandıqda kompensasiyanın ödənilməsi həmin müqavilə bağlandıqdan və imzalandıqdan sonra istənilən vaxt təsdiq olunmaq üçün məhkəməyə təqdim oluna bilər və bu zaman kompensasiyanın ödənilməsinin məhkəmə tərəfindən təsdiqi heç bir məhkəmə araşdırılması aparılmadan həyata keçirilir.
52.6. Alınmanın təsirinə məruz qalan hər hansı şəxs alan orqanın və ya qrupun, habelə onların vəzifəli şəxslərinin torpağın alınması ilə əlaqədar hüququn verilməsi və ya kompensasiyanın ödənilməsi, yaxud köçürülmə və digər məsələlərlə bağlı müvafiq olaraq qərarlarından, hərəkətlərindən (hərəkətsizliyindən) yuxarı orqana və (və ya) məhkəməyə şikayət verə bilər.
52.7. Bu maddənin heç bir müddəası ərizəçi və alan orqan tərəfindən mübahisələrin alternativ həlli mexanizmlərinin istifadəsinin və ya həmin mübahisənin həll edilməsi ilə bağlı razılıq əldə edilməsinə digər üsullarla nail olunmasının qarşısını almaq üçün tətbiq edilmir.
52.8. Torpaq üzərində hüquqların alınma proseduralarını başa çatdırmaq üçün tələb olunan hər hansı hərəkətlərlə əlaqədar alınmanın təsirinə məruz qalan şəxsin üzərinə heç bir xərc, ödəmə yaxud başqa maliyyə tələbləri qoyula və ya alına bilməz.

Maddə 53. Sahiblikdən imtina etmək istəməyən şəxslər

Alan orqanın bu Qanunun 52-ci maddəsində nəzərdə tutulmuş qaydada etdiyi müraciətindən sonra torpağa sahibliyin əldə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməyərək sahiblikdən imtina etmək istəməyən şəxslər barəsində məhkəmə qərarlarının icrası barədə qanunvericiliyin müvafiq müddəaları tətbiq olunur.


VII fəsil

Kompensasiya

Maddə 54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya
 
54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir.
54.2. Konpensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir.

Maddə 55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu

55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır:
55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi;
55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi.
55.2. Bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir.

Maddə 56. Kompensasiyanın qiymətləndirilməsində nəzərə alınmalı olan amillər

56.1. Bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır:
56.1.1. iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin;
56.1.2. ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya;
56.1.3. torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti;
56.1.4. alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər; 
56.1.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər;
56.1.6. alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər.

Maddə 57. Kompensasiyanın qiymətləndirilməsində nəzərə alınması tələb olunmayan amillər

57.1. Bu Qanuna əsasən alınan torpaq üçün veriləcək kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınmır:
57.1.1. alınmaya səbəb olan təcililiyin dərəcəsi;
57.1.2. alınmanın təsirinə məruz qalan şəxsin torpaqdan çıxmaqdan boyun qaçırması;
57.1.3. torpağın gələcəkdə istifadəsindən irəli gələ biləcək qiymətinin azalması;
57.1.4. torpağın gələcəkdə istifadəsindən irəli gələ biləcək qiymətinin artması;
57.1.5. alınan torpaqda hər hansı tikilinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri olan yenidənqurmasına və kənd təsərrüfatı məqsədləri üçün torpaqda məhsulun davamlı becərilməsinə vəsait qoyuluşu halları istisna olmaqla, bu Qanuna uyğun olaraq siyahıya alınma tarixindən sonra alınan torpağa sərf edilən yenidənqurma və digər əlavələrlə bağlı xərclər.

Maddə 58. Bazar qiyməti

58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 
58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir.
58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 
58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.

Maddə 59. Bərpa qiyməti

59.1. Kənd təsərrüfatı təyinatlı torpaqların bərpa qiyməti eyni ərazidə yerləşən və eyni ölçüyə və istehsal potensialına malik torpağın, həmin torpağın alınan torpağın keyfiyyəti ilə eyni olan səviyyəyə çatdırılması ilə bağlı xərclər, köçürülmə və ya yerdəyişmə ilə bağlı xərclər, habelə üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı xərclər əlavə olunmaqla hesablanan qiyməti deməkdir.
59.2. Şəhər və digər yaşayış məntəqələrinin sərhədləri hüdudlarında yerləşən torpağın bərpa qiyməti eyni ölçülü və eyni istifadə üçün nəzərdə tutulmuş, eyni və ya daha üstün ictimai infrastruktur imkanlarına və xidmətlərinə malik olan və eyni ərazidə yerləşən torpağın köçürülmə və ya yerdəyişmə ilə bağlı xərclər, habelə üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı xərclər əlavə olunmaqla hesablanan qiyməti deməkdir.
59.3. Evlər və digər tikililərin bərpa qiyməti onların ölçüsü və keyfiyyəti ilə eyni olan və ya onların ölçüsündən az və keyfiyyətindən aşağı olmayan əvəzedici evin və ya tikilinin əldə edilməsi və ya inşası üçün çəkilən xərclərə, ev və ya tikili qismən zədələndikdə, yaxud evin və ya tikilinin müəyyən hissəsi alındıqda isə onların bərpası üçün tələb olunan tikinti materiallarının bazar qiyməti ilə alınmasına və tikinti sahəsinə daşınmasına çəkilən xərclər, hər hansı işlər və podratçılarla bağlı çəkilən xərclər, habelə hər iki halda layihələndirmə və üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı çəkilən xərclər əlavə olunmaqla hesablanan qiyməti deməkdir.
59.4. Bərpa qiyməti müəyyən edilərkən əmlakın amortizasiyası və istifadə edilməmiş tikinti materialların qiyməti nəzərə alınmır, alınan əmlakın qiymətindən alınmanın nəticəsində əldə ediləcək ümumi mənfəətin qiyməti çıxılmır. 
59.5. Bu Qanuna əsasən alınan daşınar əşyalar və əmlakla bağlı bərpa qiyməti həmin əşyaların və əmlakın əvəz edilməsinin bazar qiymətindən ibarətdir. 
59.6. Bu maddəyə əsasən hər hansı torpaq və ya daşınar əmlakla bağlı bərpa qiyməti müəyyən edilərkən, bu Qanunun 56-cı maddəsinin müddəaları nəzərə alınmalıdır.

Maddə 60. Torpağın müəyyən hissəsinin alınması üçün kompensasiyaya dair xüsusi qayda

Torpaq sahəsinin yalnız müəyyən hissəsinin alınması nəticəsində torpaq bölünürsə, saxlanılan (alınmayan) torpaqdan yolların, drenaj borularının, divarların, hasarların, körpülərin, yeraltı keçidlərin, qurğuların və digər obyektlərin tikintisi ilə bağlı qanuni əsaslarla istifadə edildikdə müvafiq kompensasiya ödənilir.

Maddə 61. Torpağın bölünməsi ilə bağlı iddia məbləği yüksək olduqdatorpağın digər hissəsinin alınması

61.1. Alan orqan hesab etsə ki, torpağın müəyyən hissəsi alınarkən həmin hissəyə görə iddiaçının irəli sürdüyü kompensasiya iddiası torpağın alınan müəyyən hissəsi ilə yanaşı iddiaçıda saxlanılan (alınmayan) hissəsinin də alınması qiymətinə bərabər ya da ondan yüksəkdir, bu halda torpaqla bağlı sahiblik əldə edilənədək istənilən vaxt həmin torpağın saxlanılan (alınmayan) hissəsinin də alınması üçün müəyyən edilmiş qaydada qərar qəbul edə bilər.
61.2. Bu Qanunun 61.1-ci maddəsinə əsasən qərar qəbul edilərkən bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qərarın və ya 46-cı maddəsinə uyğun olaraq sahibliklə bağlı bildirişin göndərilməsi tələb olunmur, lakin alan orqan:
61.2.1. yubadılma olmadan, bu Qanunun 61.1-ci maddəsinə əsasən qəbul edilmiş qərarın surətini iddiaçıya təqdim etməli;
61.2.2. iddiaçıya kompensasiya təklifi etməklə bağlı bu Qanunun 67-ci maddəsinə uyğun olaraq səlahiyyətlərini icra etməyə başlamalı;
61.2.3. qəbul etdiyi qərar, onun səbəbləri və mahiyyəti barədə dərhal nəzarət orqanını məlumatlandırmalıdır.

Maddə 62. Yanaşı torpaqlara dəymiş zərərlə bağlı kompensasiya

Bu Qanuna əsasən alınan torpağın hər hansı hissəsini təşkil etməyən və alınan torpaqda tikintinin inşası və alınmaya səbəb olmuş digər işlərin aparılması nəticəsində və (və ya) həmin tikintinin təyinatı ilə əlaqədar alınan torpaqla yanaşı olan torpaqda qanunvericiliklə nəzərdə tutulmuş məhdudiyyətlərin müəyyənləşdirilməsi nəticəsində zərər dəymiş yanaşı torpaq üzərində müvafiq hüququ olan alınmanın təsirinə məruz qalan şəxs həmin zərərli təsirlə bağlı kompensasiya almaq hüququna malikdir

Maddə 63. Narahatlıq üçün kompensasiya

63.1. Narahatlıq üçün kompensasiya qiymətləndirilərkən aşağıdakılar nəzərə alınmalıdır:
63.1.1. iddiaçı ilə bağlı hallar;
63.1.2. torpağın alınması ilə bağlı hər hansı hüquqi xidmətlər, mərzlənmə, qiymətləndirmə və digər bu kimi məcburi tədbirlərin yerinə yetirilməsi ilə əlaqədar ağlabatan xərclərin məbləği;
63.1.3. alınmanın təsirinə məruz qalan şəxsin mal-qarasının saxlanıldığı yerdən şəxsin köçürüləcəyi yerə təhlükəsiz və salamat şəkildə nəql edilməsi ilə bağlı xərclər;
63.1.4. alınmanın təsirinə məruz qalan şəxsin alınma nəticəsində gəliri ilə bağlı hər hansı itkiləri və həmin şəxsin yeni yaşayış yerində işindən və ya torpaqdan əldə edəcəyi gəlir köçürüldüyü yerdə torpaqdan və ya işindən əldə etdiyi gəlirlə bərabər olanadək mütəmadi ödənişlərin təmin edilməsi ilə bağlı ehtiyacı;
63.1.5. alınmanın təsirinə məruz qalan şəxsin yeni yaşayış yerində onun şəraitinə uyğun olan iş yerində işləyə bilməsi üçün tələb olunan təlimlə bağlı xərclər;
63.1.6. alınmanın təsirinə məruz qalan şəxsin ailəsinin ehtiyaclarının tam və ya qismən ödənilməsi üçün qida məhsulları onun torpağından təmin edildiyi halda, həmin şəxsin yeni yaşayış yerində olan torpaqdan və ya yeni yaşayış yerində işindən həmin qida məhsullarını əldə edəcəyi vaxtadək eyni növlü və məbləğli qida məhsulları ilə mütəmadi təmin edilməsi xərcləri;
63.1.7. ödənilən kompensasiyanın ədalətli olmasını təmin etmək üçün nəzərə alınacaq digər məsələlər.

Maddə 64. Ümumi istifadədə olan torpağa hüquqların itirilməsinə görə kompensasiya

Alınan torpağa ümumi istifadədə olan torpaq sahələri daxil olduqda, ondan istifadə etmək və ya məhsul götürmək hüququna malik olan şəxslər ümumi istifadədə olan torpaq sahələrinə giriş, istifadə və ya məhsul götürmək hüququnun itirilməsinə görə kompensasiya almaq hüququna malikdirlər.

Maddə 65. Ödənilən kompensasiyanın mahiyyəti və növü

65.1. Kompensasiya aşağıdakı formalarda ödənilə bilər:
65.1.1. itirilmiş torpaqla müqayisə ediləcək keyfiyyətə, ölçüyə, istehsal potensialına malik olan torpaq sahəsi;
65.1.2. itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili;
65.1.3. kənd təsərrüfatı torpaqları itirildikdə bu Qanunun 65.1.1.–ci maddəsində nəzərdə tutulan torpaq sahəsindən əlavə kənd təsərrüfatı torpağında istifadə etmək üçün bitkilər və toxumlar;
65.1.4. bu Qanunun 64-cü maddəsində müəyyən edilmiş ümumi istifadədə olan əmlakla bağlı təminatlar;
65.1.5. torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi;
65.1.6. yerdəyişmə nəticəsində azalmış və ya itirilmiş gəlirin təmin edilməsi və ya əvəz edilməsi üçün müəyyən müddətə ödənişlər;
65.1.7. itirilmiş torpaqda əldə edilən qida məhsullarının və ya əvvəllər belə qida məhsullarını əldə etmək üçün istifadə olunmuş itirilmiş gəlirin əvəzinə müəyyən müddət ərzində qida məhsulları ilə mütəmadi təchizat;
65.1.8. yerdəyişmə nəticəsində itirilmiş iş imkanlarının əvəz edilməsi məqsədi ilə iş əldə etmək üçün alınmanın təsirinə məruz qalan şəxslərə yeni vərdişləri aşılamaqla və ya torpağın alınması layihəsi nəticəsində açılan iş imkanlarından istifadə etməklə əlaqədar təlimin təmin edilməsi;
65.1.9. alınmanın təsirinə məruz qalan şəxslərlə alan orqan arasında müəyyən edilən və ya razılaşdırılan digər kompensasiya formaları.
65.2. Alınmanın təsirinə məruz qalan şəxs ona ödənilməli kompensasiyanın bir və ya daha çox növünü seçə bilər.
65.3. Alan orqan kompensasiyaların növləri, onların hansının daha faydalı olması haqqında alınmanın təsirinə məruz qalan şəxsin məlumata malik olduğuna əmin olmalıdır. Əks təqdirdə, alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə bu barədə ətraflı məlumat verir.
65.4. Qəbiristanlığın ərazisi olan torpaq alındıqda, alan orqan həmin qəbiristanlıqda dəfn edilmiş şəxslərin qohumları ilə dəfn edilmiş şəxslərin eksqumasiyası və başqa yerdə basdırılması, onların həmin məqsədlə üstünlük verdikləri yerlə bağlı məsləhətləşmələr aparır və həmin şəxslər eksqumasiya və başqa yerdə basdırılma ilə bağlı qərar qəbul etdiyi halda, alan orqan eksqumasiya və başqa yerdə basdırılma, habelə bununla əlaqədar bütün müvafiq və ənənəvi mərasimlərlə bağlı xərcləri ödəyir.
65.5. Ümumi istifadədə olan bina alındıqda, alan orqan:
65.5.1. həmin binadan istifadə edən şəxsləri onların istifadə edə biləcəkləri yerdə eyni məqsədli (təyinatlı) bina ilə (binalarla) təmin edir və ya;
65.5.2. bu Qanunun 59-cu maddəsinə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərə həmin binanın bərpa qiymətini ödəyir.
65.6. Köçürüləcək şəxslər alınan torpaqda elektrik enerjisi, qaz, su və kanalizasiya, telekommunikasiya və elektron kommunikasiya ilə təchizatına, habelə yol və sair bu kimi infrastruktur təchizatına malik olduqda alan orqan alınmanın təsirinə məruz qalan həmin şəxsləri köçürüləcəkləri ərazidə müqayisə ediləcək keyfiyyət, rahatlıq və kəmiyyətə malik olan müvafiq infrastruktur təchizatı ilə təmin etmək öhdəliyini daşıyır, bu şərtlə ki, həmin ərazidə əvvəllər yaşayan şəxslərin infrastrukturlarının və tikililərinin keyfiyyəti, rahatlığı və kəmiyyəti azalmasın.

Maddə 66. Çətinliklərə görə kompensasiya

66.1. Bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir.
66.2. Çətinliklərə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxsə alınan yaşayış sahəsində əsas yaşayış yeri kimi ən azı beş il müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim edildikdə ödənilir.
66.3. Alınmanın təsirinə məruz qalmış şəxs alan orqana çətinliklə bağlı ödəniş üçün tələbi bu Qanunun 66.2-ci maddəsində nəzərdə tutulmuş halın baş verdiyi tarixdən bir təqvim ili müddətində təqdim edə bilər.
66.4. Çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin aşağıda göstərilən faizi miqdarında müəyyənləşdirilir:
66.4.1. 5 ildən 6 ilədək müddət üçün – 5 faiz;
66.4.2. 6 ildən 7 ilədək müddət üçün – 6 faiz;
66.4.3. 7 ildən 8 ilədək müddət üçün – 7 faiz;
66.4.4. 8 ildən 9 ilədək müddət üçün – 8 faiz;
66.4.5. 9 ildən 10 ilədək müddət üçün – 9 faiz;
66.4.4. 10 ildən artıq müddət üçün – 10 faiz.


VIII fəsil

Kompensasiyanın ödənilməsi ilə bağlı proseduralar

Maddə 67. Alan orqan tərəfindən kompensasiyanın təklif olunması

67.1. Bu Qanunun 47-cı maddəsinə uyğun olaraq iddiaçının kompensasiya ilə bağlı tələbini və ya bu Qanunun 48-ci maddəsinə uyğun olaraq alğı-satqıya dair bildirişi onları təqdim etmək hüququna malik olan şəxslərdən aldıqda, alan orqan tərəfindən müvafiq tələbin və ya bildirişin alınma tarixindən 60 gündən çox olmayan müddətdə və ya alan orqanla iddiaçı arasında razılaşdırıla biləcək, lakin əlavə 30 gündən çox olmayan daha uzun müddətdə kompensasiyanın verilməsi üçün təklif, bu Qanunun 48-ci maddəsinə uyğun olaraq təqdim edilmiş alğı-satqıya dair bildirişlə bağlı isə həmin bildirişdə göstərilən torpağı almaqla bağlı təklif və ya almaqdan imtinaya dair bildiriş iddiaçıya təqdim olunur.
67.2. Bu Qanunun 67.1-ci maddəsinə uyğun olaraq təqdim edilmiş təklif aşağıdakıları aydın və iddiaçının anladığı tərzdə müəyyən etməlidir:
67.2.1. müxtəlif kompensasiya növləri üzrə verilən kompensasiyaların məbləğlərini;
67.2.2. ümumi kompensasiyanın yekun məbləğini;
67.2.3. verilən kompensasiyanın mahiyyətini;
67.2.4. kompensasiya itirilmiş gəlirin və ya qida məhsullarının təmin olunması üçün ödənildikdə, kompensasiyanın ödəniləcəyi müddət cədvəlini;
67.2.5. veriləcək kompensasiya iddia edilən kompensasiya məbləğindən az olduqda məbləğın azaldılmasının səbəblərini;
67.2.6. alan orqan bu Qanunun 61-ci maddəsinə uyğun olaraq öz səlahiyyətlərini icra etməyi təklif etdiyi hallarda bunun səbəb və əsaslarının tam izahını;
67.2.7. alğı-satqıya dair bildiriş göndərildiyi və alan orqan həmin bildirişdə göstərilən torpağın alğısı ilə razılaşmaqdan imtina etdiyi hallarda, imtinanın və torpağın alınması əvəzinə veriləcək (əgər veriləcəksə) kompensasiyanın verilməsinin səbəblərini;
67.2.8. iddiaçının müəyyən edilmiş formada kompensasiyanı qəbul edib-etməməsini göstərməli olduğu son tarixi, kompensasiya tam və ya qismən qəbul edilmədiyi halda bunun səbəblərini;
67.2.9. kompensasiyanın verilməsi ilə bağlı hər hansı məsələni mübahisələndirmək arzusunda olan iddiaçı üçün mövcud olan proseduraları;
67.2.10. müəyyən edilə biləcək digər məsələləri.

Maddə 68. Kompensasiya ilə bağlı təklifin qəbul edilməsi

68.1. Alan orqanın kompensasiyanın verilməsi ilə bağlı təklifinin ünvanlandığı şəxs həmin təklifi aldıqdan sonra 40 gün müddətində alan orqana aşağıdakılarla bağlı məlumat təqdim edir:
68.1.1. verilən kompensasiyanı tam qəbul edir;
68.1.2. verilən kompensasiyanı etirazla tam və ya qismən qəbul edir;
68.1.3. verilən kompensasiyadan tam və ya qismən imtina edir;
68.1.4. verilən kompensasiyadan tam və ya qismən imtina etdiyi halda, mübahisəni bu Qanunun 75-cı maddəsində nəzərdə tutulan şikayətlərin baxılması komissiyasına təqdim etmək arzusundadır;
68.1.5. verilən kompensasiyadan tam və ya qismən imtina etdiyi halda, kompensasiyanın verilməsi ilə bağlı mübahisəni məhkəməyə təqdim etmək arzusundadır.
68.2. Kompensasiya qəbul edildiyi halda alan orqan kompensasiyanın verilməsini qəbul edən şəxsə kompensasiyanın verilməsinin qəbul edildiyi gündən 30 gün müddətində kompensasiyanı tam ödəyir, yaxud kompensasiyanın birdəfəlik ödənişdən başqa digər növü olduğu hallarda onu ödəməyə başlayır.

Maddə 69. Kompensasiyanın qəbul edilməsi

69.1. Alan orqan bu Qanuna uyğun olaraq həyata keçirilmiş hər kompensasiya ödənişinə görə iddiaçıdan imzalanmış qəbz qəbul edir və iddiaçı həmin qəbzi imzalamaq öhdəliyi daşıyır.
69.2. İstənilən iddiaçı kompensasiya ödənişini kompensasiyanın məbləği və ya mahiyyəti ilə bağlı etiraz bəyanatı ilə qəbul edə bilər.
69.3. Kompensasiya ödənişini etiraz bəyanatı ilə qəbul edən hər hansı bir iddiaçı həmin kompensasiyanı qəbul edib-etməməsindən asılı olmayaraq kompensasiyanın və ya onun bir hissəsinin verilməsinə etiraz etmək hüququna malikdir.
69.4. Şəxs kompensasiyanı etiraz bəyanatı ilə qəbul etdikdə kompensasiyanı qəbul etdiyi tarixdən sonra 20 gün müddətində etirazla bağlı bildirişi alan orqana təqdim etməlidir.

Maddə 70. Pul kompensasiyasının ödənilməsi üsulu

70.1. Veriləcək kompensasiya tam və ya qismən, birdəfəlik və ya hissə-hissə pul məbləği ilə ödəniş formasında ödəniləcəyi hallarda kompensasiya bank hesabına ödənilir.
70.2. Alınmanın təsirinə məruz qalan şəxslər bank hesabına malik olmadıqda, alan orqan öz vəsaiti hesabına alınmanın təsirinə məruz qalan şəxslərin adına bank hesabı açmaq və bu hesabdan istifadə olunmasında həmin şəxslərə yardım göstərmək öhdəliyi daşıyır.
70.3. Alınmanın təsirinə məruz qalan şəxsin bank hesabı olduğu halda pul kompensasiyası həmin bank hesabına ödənilir. 
70.4. Pul kompensasiyası almaq hüququna malik olan ailənin üzvü olan alınmanın təsirinə məruz qalan şəxs öz vəsaiti hesabına və alan orqanın yardımı ilə öz adına kompensasiyanın ödəniləcəyi bank hesabı aça bilər.
70.5. Alan orqan bu maddənin tətbiq ediləcəyi hər hansı bank hesabı ilə bağlı həmin hesabdan istifadə ediləcəyi ilk bir il ərzində bütün xərcləri ödəmək öhdəliyi daşıyır.
70.6. Alınan torpaq ümumi mülkiyyətdə olduqda, alan orqan pul kompensasiyasını bütün mülkiyyətçilərə onların payına mütənasib olaraq ödəyir və ödəniş zamanı hər bir mülkiyyətçidən qəbzin imzalanmasını tələb edir.

Maddə 71. Kompensasiyanın depozitə qoyulması

71.1. Aşağıdakı hallarda alan orqan kompensasiya almaq hüququna malik olan şəxsin hesabına kompensasiya məbləğini depozit qoymaqla bağlı alan orqanı səlahiyyətləndirən qərar üçün məhkəməyə müraciət edə, məhkəmə isə bu barədə müvafiq qərar qəbul edə bilər:
71.1.1. bu Qanunun 69-70-ci maddələrinə uyğun olaraq kompensasiyanı almaq üçün səlahiyyətli və ya mövcud şəxs olmadıqda və həmin şəxs və ya onun nümayəndəsi lazımi araşdırma aparıldıqdan sonra tapılmadıqda;
71.1.2. kompensasiya almaq hüququna malik olan şəxs həmin ödənişi qəbul etməyə razı olmadıqda;
71.1.3. aşağıdakılarla bağlı mübahisə yarandıqda:
71.1.3.1. şəxsin kompensasiyanı qəbul etmək hüququ və ya hüquqlara dair sənədi;
71.1.3.2. kompensasiyanı almaq hüququna malik olan şəxslər arasında kompensasiyanın bölünməsi.
71.2. Bu Qanunun 71.1.1-ci və 71.1.3-cü maddələrində qeyd edilən hər hansı bir şəxs məhkəməni qane edəcək sübutu təqdim etməklə, depozitə qoyulmuş məbləğdən həmin şəxsin almaq hüququna malik olduğu kompensasiya məbləğinin ödənilməsi barədə məhkəməyə müraciət edə bilər.
71.3. Bu Qanunun 71.1.2-ci maddəsində qeyd olunan şəxs istənilən vaxt məhkəməyə müraciət etmədən depozitə qoyulmuş məbləği götürə bilər.
71.4. Bu Qanunun 71.1-ci maddəsinə uyğun olaraq depozitə qoyulmuş hər hansı kompensasiya məbləği depozit qoyulduğu tarixdən 10 il müddətində tələb edilmədikdə dövlət mülkiyyətinə keçir.

Maddə 72. Faizlərin ödənilməsi

72.1. Bu Qanuna uyğun olaraq ödənilən kompensasiyaya və iddiaçı ilə alan orqan arasında razılaşdırılan hər hansı kompensasiyaya ödəniş tarixindən ödənişin aparıldığı tarixədək və ya bu Qanunun 71-ci maddəsinə uyğun olaraq depozitə qoyulduğu tarixədək Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş faiz dərəcəsindən əlavə bir faiz dərəcəsi ilə faiz hesablanır.
72.2. Bu Qanunun 72.1-ci maddəsində alınan torpaqla bağlı “ödəniş tarixi” dedikdə bu Qanunun 52.2-ci maddəsində göstərilən məsələlərin təsdiq olunması barədə müvafiq məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 10 gün müddətinin bitdiyi gün nəzərdə tutulur.
Maddə 73. Yanlış ödənişlər

73.1. Bu Qanuna uyğun olaraq ödənilən kompensasiya məbləği və ya həmin məbləğin müəyyən hissəsi belə kompensasiyaya hüququ olmayan şəxsə yanlış olaraq ödənildikdə, həmin şəxs alan orqanın tələbi ilə aldığı məbləği geri qaytarmaq, yaxud həmin məbləği almaq hüququna malik olan şəxsə 30 gün müddətində ödəmək öhdəliyi daşıyır.
73.2. Bu maddəyə uyğun olaraq tələb alan hər hansı şəxs həmin tələbə və ya onun hər hansı hissəsinə qarşı etirazla məhkəməyə müraciət edə bilər.
73.3. Bu Qanunun 73.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yanlış ödənilmiş kompensasiya məbləği və ya həmin məbləğin müəyyən hissəsi onu almaq hüququna malik olan şəxsə ödənilmədikdə, alan orqan 15 gün müddətində yanlış ödənilmiş kompensasiya məbləği və ya həmin məbləğin hissəsi həcmində məbləği sonuncunun bank hesabına ödəməli, bu Qanunun 71.1-ci maddəsində nəzərdə tutulan hallar mövcud olduqda isə həmin şəxsin hesabına depozit qoymalıdır.

Maddə 74. Kompensasiyanın ödənilməsinin yubadılması

Bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər.


IX fəsil

Mübahisələrin həlli

Maddə 75. Şikayətlərin baxılması komissiyası

75.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri hesab edilən hallarda alınmanın təsirinə məruz qalan şəxslərin köçürülməsi tələb olunan torpağın yerləşdiyi inzibati ərazi vahidi üzrə müvafiq icra hakimiyyəti orqanı bu Qanuna uyğun olaraq torpağın alınması ilə əlaqədar alınmanın təsirinə məruz qalan şəxslər tərəfindən verilmiş şikayətləri həll etmək üçün dinləmək, araşdırmaq və bütün səylərini istifadə etmək funksiyalarına malik olan, müvafiq şəxslərdən ibarət şikayətlərin baxılması komissiyası təşkil edir.
75.2. Şikayətlərin baxılması komissiyasının tərkibi azı üç, çoxu beş nəfərdən ibarət olmaqla, həmin şəxslərin ən azı biri işlərin dinlənilməsi və mübahisə edən tərəflər arasında mübahisələrdə vasitəçiliyin aparılmasında müəyyən bilik və ya bacarığa, ən azı biri isə mübahisənin yarandığı ərazi ilə bağlı müəyyən biliklərə malik olmalıdır.
75.3. Şikayətlərin baxılması komissiyası aşağıdakılara əməl etməlidir:
75.3.1. mübahisədə bütün tərəflərə tələblərini irəli sürmək imkanı verməyə; 
75.3.2. mübahisənin tərəflərini şikayət üzrə qarşılıqlı qaneedici qərarın qəbul olunması üçün onların arasında vasitəçi qismində şikayətlərin baxılması komissiyasının çıxış etməsi ilə razılaşmağa dəvət etməyə;
75.3.3. tərəflərin yaxud onlardan birinin vasitəçiliklə razılaşmadığı halda, şikayət üzrə tövsiyələr hazırlamağa;
75.3.4. şikayətin həllini tapmaq üçün şikayətlərin baxılması komissiyasının səmərəli hesab etdiyi digər tədbirləri görməyə.
75.4. Alınmanın təsirinə məruz qalan şəxs hüquqlarının pozulması ilə bağlı şikayətlərin baxılması komissiyasına şikayət verə bilər, lakin bu hal şikayətin köçürülmə komissiyasına və ya nəzarət orqanına təqdim etməyin şərti kimi olmamalıdır.
75.5. Şikayətin təqdim olunduğu şikayətlərin baxılması komissiyası onun həll olunması üçün zəruri tədbirlər görür, şikayət üzrə tərəfləri barışdırmağa səy göstərir və lazım olduqda belə qərarları qəbul etmək istiqamətində alan orqana tövsiyələrini verə bilər.
75.6. Alan orqan kompensasiyanın məbləğinə dair tövsiyələr istisna olmaqla, şikayətlərin baxılması komissiyasının tövsiyələrini qəbul edib müvafiq tədbirlər görür, yaxud məsələ üzrə müvafiq qərar qəbul edilməsi üçün şikayəti nəzarət orqanına göndərir. Alan orqan kompensasiyanın məbləğinə dair şikayətlərin baxılması komissiyasının tövsiyələrini onlara dair rəyi ilə birlikdə nəzarət orqanına təqdim edir.
75.7. Şikayətlərin baxılması komissiyasının qərarı ilə razı olmayan alınmanın təsirinə məruz qalan şəxs şikayəti nəzarət orqanına təqdim edə (göndərə) bilər.
75.8. Nəzarət orqanı bu Qanunun 75.6-cı maddəsinə əsasən təqdim edilmiş kompensasiyanın məbləğinə dair şikayətlərin baxılması komissiyasının tövsiyələrini və onlara dair alan orqanın rəyini həmin tövsiyə və rəyə dair təklifləri ilə birlikdə qiymətləndirmə komissiyasına göndərir.
75.9. Nəzarət orqanının qərarı ilə razı olmayan şəxs məhkəməyə müraciət edə bilər.

Maddə 76. Kompensasiyanın təklif edilməsində vasitəçilik

76.1. İddiaçı kompensasiyanın verilməsi təklifindən imtina etdikdə və ya kompensasiyanı etirazla qəbul etdikdə alan orqanla həmin məsələni şikayətlərin baxılması komissiyasına göndərmək barədə razılığa gələ bilər.
76.2. Bu Qanunun 76.1-ci maddəsinə əsasən şikayətlər şikayətlərin baxılması komissiyasına göndərildiyi hər bir halda, şikayətlərin baxılması komissiyası tərəfləri dinlədikdən sonra mübahisə olunan məsələ üzrə ədalətli qərara gəlmələri üçün köməklik göstərmək məqsədilə zəruri tədbirlər görür.

X fəsil

Yekun müddəalar

Maddə 77. Bildirişlərin çatdırılması üsulları

77.1. Bu Qanuna uyğun olaraq hər hansı şəxslərə göndərilməli olan bildirişlər bilavasitə və ya poçt rabitəsi vasitəsilə onlara çatdırılmalıdır. Bildirişlərin müvafiq şəxslərə vaxtında çatdırılmasına əmin olmaq üçün bildirişi göndərən aşağıdakı əlavə üsullarla çatdırılmanın həyata keçirilməsinə dair göstəriş verə bilər:
77.1.1. bildirişi həmin şəxslə birgə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə çatdırmaq;
77.1.2. bildirişi ünvan sahibinin işlədiyi yer üzrə müdiriyyətə çatdırmaq;
77.1.3. bildirişin nüsxəsini torpağın yerləşdiyi ərazidə və ya torpaq sahəsinə ən yaxın yerdə, torpağın yerləşdiyi ərazi üzrə bələdiyyə və yerli icra hakimiyyəti orqanının binalarında görünən yerlərdə yerləşdirmək;
77.1.4. bildirişi Azərbaycan Respublikası ərazisində nəşr edilən bir və ya bir neçə kütləvi informasiya vasitəsində dərc etmək;
77.1.5. bildirişin məzmununu televiziya və radio vasitəsilə yayımlamaq;
77.1.6. bildirişin mahiyyəti haqqında müvafiq şəxslərə məlumatın verilməsinin digər səmərəli üsullarını tətbiq etmək.
77.2. Bu Qanununa əsasən hər hansı bir məlumatın dərc olunması və ya alınmanın təsirinə məruz qalacağı güman edilən bütün şəxslərin nəzərinə çatdırılması üçün yayılmalı olduğu hallarda rəsmi bildiriş:
77.2.1. aid olduğu ərazidə mümkün qədər nəzərə çarpan yerdə asılmalıdır;
77.2.2. torpağın yerləşdiyi ərazi vahidi üzrə yerli icra hakimiyyəti orqanının rəsmi lövhələrində və həmin orqanının müəyyən etdiyi digər ictimai yerlərdə nəzərə çarpan tərzdə asılmalıdır;
77.2.3. həmin ərazidə yaşayan və işləyən şəxslərə bu məqsədlə bələdiyyə və ya müvafiq icra hakimiyyəti orqanları tərəfindən təşkil olunan iclaslarda şifahi şəkildə bildirilməlidir;
77.2.4. Azərbaycan Respublikası ərazisində nəşr edilən və yayılan bir və ya bir neçə kütləvi informasiya vasitəsində dərc edilməli, habelə televiziya və radio vasitəsilə yayımlanmalıdır.

Maddə 78. Giriş hüquqları

78.1. Bu Qanununda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün alan orqan tərəfindən səlahiyyət verilmiş şəxs 48 saatdan az olmayan müddətdə bu barədə əvvəlcədən bildiriş verməklə, gün ərzində saat 8.00-18.00 arasında olan münasib vaxtda alınan torpağa (yaşayış sahəsi istisna olmaqla) daxil olmaq hüququna malikdir.
78.2. Bu Qanunun 78.1-ci maddəsi ilə torpağa daxil olmaq üçün zəruri olan bildirişdə səlahiyyətli şəxsin torpağa daxil olmağının məqsədi və təxmini vaxtı göstərilir.
78.3. Bu maddə əsasında torpağa girmək səlahiyyəti verilmiş hər hansı şəxs bu barədə alan orqan tərəfindən imzalanmış və daxil olma zamanı təqdim edilməli olan yazılı sənədlə təmin olunur. 
78.4. Bu Qanunun 14-cü maddəsinə uyğun olaraq səlahiyyət verilmiş hər hansı şəxs daxil olduğu zaman torpağa və ya torpaqda olan hər hansı əşyaya ziyan vurduqda alan orqan belə ziyanın qiymətləndirilməsi üçün müvafiq tədbirlər görür və həmin qiymətləndirmə əsasında torpağın və torpaqda olan əşyanın sahibinə dərhal kompensasiya ödəyir.

Maddə 79. Məlumatla bağlı sorğu

79.1. Alan orqan bu Qanunun həyata keçirilməsi ilə bağlı hər hansı bir məqsəd üçün yazılı formada torpağın mülkiyyətçisi və ya istifadəçisi olan şəxsdən, sorğunun təqdim edildiyi (çatdırıldığı) gündən etibarən 20 gün ərzində cavab verilməsi üçün torpaqla bağlı hüquqları barədə məlumat və sənədlərin surətini sorğu edə bilər.
79.2. Alan orqan tərəfindən təqdim edilmiş sorğu aydın və anlaşılan tərzdə tərtib olunmalıdır.
79.3. Sorğunu alan şəxs təmin etməyi tələb edilən məlumatı anlamadıqda mümkün qədər qısa müddətdə aydınlıq gətirmək üçün alan orqana müraciət etməlidir.
79.4. Məlumatın sorğu edildiyi şəxs yaşına, bacarıqsızlığına və ya digər səbəblərə görə sorğunu anlamadıqda və ya yazılı olaraq ona cavab verə bilmədikdə alan orqan həmin şəxslə görüşərək lazımi məlumatları şifahi şəkildə əldə etmək səlahiyyətini müvafiq şəxsə verə bilər. 
79.5. Bu Qanunun 79.4-cü maddəsinə əsasən görüşü həyata keçirmək səlahiyyəti verilmiş şəxs bu barədə ən azı 48 saat əvvəl yazılı bildirişlə xəbərdarlıq etməklə gün ərzində saat 8.00-18.00 arasında olan münasib vaxtda görüşü təklif edə bilər və belə görüş münasib şəkildə həyata keçirilməlidir.
79.6. Bu Qanunun 78.3-cü və 78.4-cü maddələrinin tələbləri bu maddəyə əsasən görüşü həyata keçirən şəxsə də tətbiq edilir.
79.7. Bu maddəyə uyğun olaraq alan orqana göndərilməli məlumat torpağın alınması qrupuna və ya qrupun rəhbərinə çatdırıla bilər və belə çatdırılma alan orqana lazımi məlumatın göndərilməsinə (çatdırılmasına) bərabər tutulur.

Maddə 80. Torpağı qanuni tutduqları hesab edilən şəxslər

80.1. Dövlət orqanlarının və ya bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına aid olan sənədlərin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi (tərtib edilməsi) şəxsə kompensasiyanın verilməməsi üçün əsas ola bilməz. Bu halda kompensasiya ödənildikdən sonra müvafiq icra hakimiyyəti orqanı yuxarıda göstərilən sənədlərin qəbul edilməsi (tərtib edilməsi) zamanı qanunvericiliyin tələblərinin pozulmasında təqsiri olan vəzifəli şəxsə qarşı dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə müvafiq məhkəməyə iddia ilə müraciət edir.
80.2. Hər hansı bir şəxsin torpaq üzərində hər hansı hüquqları ilə bağlı sual və ya mübahisə yarandıqda torpağa sahiblik edən və ya torpaqdan fayda alan şəxs, əksi sübut olunana qədər, bu Qanunun məqsədləri üçün torpağı qanuni tutan şəxs hesab edilir.

Maddə 81. Vergi, rüsum və digər ödənişlərdən azad edilmə

Bu Qanuna əsasən ödənilən hər hansı kompensasiyaya görə heç bir vergi, rüsum və ya dövlətin xeyrinə alınan hər hansı ödəniş tutulmur.

Maddə 82. Əməkdaşların təhqir edilməsi və onlara əngəl törədilməsinə görə məsuliyyət

Bu Qanuna müvafiq olaraq alınan torpağa daxil olmaq və ya onun üzərində sahibliyin əldə olunması ilə bağlı digər hərəkətləri həyata keçirmək səlahiyyəti verilmiş hər hansı şəxsi təhqir etmə və ya səlahiyyətlərinin həyata keçirilməsinə mane olma, yaxud əngəl törətmə və ya belə əməllərə yardım göstərmə, yaxud təhrik etmə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Maddə 83. Keçid müddəaları

Bu Qanunun qüvvəyə minməsindən əvvəlki qanunvericiliyə uyğun olaraq torpaqların alınması ilə əlaqədar başlanılmış hər hansı hərəkət və ya proseduralar kompensasiyanın qiymətləndirilməsi və ödənilməsi, həmçinin layihənin təsirinə məruz qalmış şəxslərin köçürülməsi məsələləri istisna olmaqla əvvəlki qanunvericiliyə uyğun davam etdirilir.

 

lham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 20 aprel 2010-cu il