Az    |     Ru    |     En
      

     Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar yerli  əhəmiyyətli avtomobil yollarının tikintisi və təmiri ilə bağlı əlavə tədbirlər haqqında

 

                   AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

          Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpa edilməsi, yeniləşdirilməsi və inkişaf etdirilməsi bu tədbirlərin vacib tərkib hissəsidir.

         Ölkənin avtomobil yolları və yol infrastrukturu ilə bağlı məsələlərin həll edilməsinə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" ciddi təkan vermişdir. Respublikanın dövlət əhəmiyyətli magistral avtomobil yollarının tikintisi və əsaslı təmiri istiqamətində aparılan genişmiqyaslı işlər Proqramın icra edilməsinin konkret. nəticəsidir.

         Bununla belə, yerli əhəmiyyətli (rayonlararası, şəhərdaxili, rayondaxili və kəndlərarası avtomobil yolları) və yerli icra hakimiyyəti orqanlarının balansında olan avtomobil yollarının vəziyyəti dinamik sosial-iqtisadi inkişafı və əhalinin təlabatını tam ödəmir. Yaranmış vəziyyəti şərtləndirən səbəblərdən biri kimi, yol təsərrüfatının yol texnikası ilə və digər əmlakla təchizatının lazımi səviyyədə olmamasıdır.

        Yerli əhəmiyyətli və yerli icra hakimiyyəti orqanlarının balansında olan avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması və istifadəsi istiqamətində işlərin daha da sürətləndirilməsini və səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

 

1.        Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1.     Azərbaycan Respublikasının avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramının layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.     Yerli əhəmiyyətli (rayonlararası, şəhərdaxili, rayondaxili və kəndlərarası avtomobil yolları) və yerli icra hakimiyyəti orqanlarının balansında olan avtomobil yollarının tikintisi, saxlanılması, təmiri və yenidən qurulması işlərinin təmin edilməsi məqsədilə zəruri olan obyektlərin və yol texnikasının 2005-ci ilin sonunadək müvafiq olaraq inşa edilməsi və alınması və şəhər və
rayonlarda avtomobil yolları istismarı idarələrinə verilməsi üçün 70 mlrd. manat vəsaitin Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ayrılmasını təmin etsin;

1.3.    2006-cı ildən başlayaraq hər il rayonlararası, şəhərdaxili, rayondaxili və kəndlərarası avtomobil yollarının yararlı vəziyyətə gətirilməsi ilə bağlı tələb olunan xərclərin Azərbaycan Respublikasının Dövlət büdcəsində nəzərdə tutulmasını təmin etsin;

1.4.    Avtomobil yollarının istismarı üzrə xərc normativlərini (saxlanılması və təmiri üçün illik maliyyə normativlərini) bir ay müddətində müəyyənləşdirib təsdiq etsin;

1.5.    Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

2.       Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi bu Sərəncamın 1.2-ci bəndinə müvafiq olaraq inşa edilməsi və alınması zəruri olan obyektlərin və yol təsərrüfatı texnikasının siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin və razılaşdıraraq lazım olan işlərin görülməsini, habelə müvafiq obyektlərin və texnikanın şəhər və rayonlarda avtomobil yolları istismarı idarələrinə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada təmin etsin.

3.       Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin