Az    |     En
      

“Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün                                               Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında

 

                  AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

          Ölkənin dinamik sosial-iqtisadi inkişafı dayanıqlı infrastrukturun, o cümlədən etibarlı nəqliyyat sisteminin təşkilini şərtləndirir.

          Bu istiqamətdə zəruri olan kompleks tədbirlər həyata keçirilərək, sahənin dövlət idarəetməsində bir sıra islahatlar aparılmış, yeni normativ hüquqi baza formalaşdırılmış, bazar iqtisadiyyatının tələblərinə cavab verən məqsədyönlü işlər aparılmışdır.

          Son illərdə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində sürətli iqtisadi inkişaf, əhalinin sayının artması, işgüzar fəallığının genişlənməsi, müxtəlif təyinatlı binaların və obyektlərin tikintisinin vüsət alması nəqliyyat sisteminin fəaliyyətinə öz təsirini göstərmişdir. Belə ki, Bakı şəhərində nəqliyyat vasitələrinin sayının çoxalması yol hərəkətini kəskin şəkildə intensivləşdirmişdir. Nəticədə, Bakı şəhəri də bütün iri şəhərlərə xas olan nəqliyyat problemləri ilə üzləşmişdir. Bunlardan mövcud küçə-yol şəbəkəsinin hərəkətin yaranmış gərginliyinin öhdəsindən tam gələ bilməməsi, buraxılış qabiliyyətinin aşağı düşməsi, Bakının nəinki mərkəzi hissəsində, eləcə də şəhərə girişi-çıxışı, tranziti təmin edən bütün istiqamətlərdə, xüsusilə pik saatlarında gündəlik həyat ahənginə mənfi təsir göstərən çoxlu tıxacların əmələ gəlməsi qeyd edilməlidir.

          Bakı şəhərində nəqliyyat sisteminin inkişafının və səmərəli işinin təşkil edilməsi, yeni müasir yolların və yol qurğularının, körpülərin, yeraltı və yerüstü keçid və dayanacaqların tikilməsi, ictimai nəqliyyatın fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin işlənib hazırlanmasını və həyata keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

 

1. “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006- 2007-ci illər üçün Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

2.1. bu Sərəncamın 1-ci bəndinə əsasən təsdiq edilmiş Tədbirlər Planının maliyyələşdirilməsi üçün zəruri olan tədbirlər görsün;

2.2. bu Sərəncamın 1-ci bəndinə əsasən təsdiq edilmiş Tədbirlər Planının həyata keçirilməsini əlaqələndirsin və onun icrası barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 1 fevral 2006-cı il

№ 1255