Az
      

                       Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında

 

                     AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

         Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin nəqliyyat-yol kompleksi sahəsində vahid dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olmasını nəzərə alaraq Bakı şəhərində sərnişin daşımalarının təşkili və tənzimlənməsində paralelliyin aradan qaldırılması, idarəetmə sisteminin təkmilləşdirilməsi, habelə bu sahədə aparılan islahatların səmərəliliyinin daha da artırılması məqsədilə qərara alıram:

 

1. Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamenti ləğv edilsin və onun səlahiyyətləri və tabeliyində olan müəssisə və təşkilatlar balanslarındakı əmlakla birgə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Bakı şəhəri, 7 iyul 2006-cı il

№ 1572