Az    |     En
      

     Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı                                                     Qaydasının təsdiq  edilməsi haqqında

 

                  AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLӘR KABİNETİNİN QƏRARI

 

           «Avtomobil yolları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin  2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanının birinci bəndinin 7-ci abzasının birinci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

 1. Azərbaycan Respublikası «Azəravtoyol» Dövlət Şirkətinin təqdim etdiyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf  Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Tikinti və Arxitektura Komitəsi ilə razılaşdırılmış «Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı Qaydası» təsdiq edilsin (əlavə olunur).

 2. Bu qərar imzalandığı qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 13 dekabr 2001-ci il

 № 195

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 13 dekabr tarixli, 195 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

 

         

               Avtomobil yollarının və yol təsərrüfatının  digər daşınmaz əmlakının qeydiyyatı

 

                                                                        QAYDASI

 

                                                          I. ÜMUMİ MÜDDƏALAR

 1.1. Bu Qayda Azərbaycan Respublikasının avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının (bundan sonra—yol  təsərrüfatının əmlakı) qeydiyyatını tənzimləyir.

 1.2. Bu Qayda «Avtomobil yolları haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə,  «Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə»yə və Azərbaycan Respublikasının digər qanunvericilik  aktlarına müvafiq olaraq hazırlanmışdır.

 1.3. Yol təsərrüfatının əmlakı Azərbaycan Respublikasının dövlət mülkiyyətində, bələdiyyə və xüsusi (özəl) mülkiyyətdə ola bilər.

 1.4. Yol təsərrüfatının əmlakına mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi və xitamı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.[1]

 1.5. Yol təsərrüfatının əmlakına hüquqlar Mülki Məcəllənin 139.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə  Nazirliyinin tərtib etdiyi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. [2]

 1.6. Dövlət yol təsərrüfatının əmlakı «Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə»nin 16-cı bəndinə uyğun  olaraq Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən dövlət əmlakının Registrində qeydə alınır.[3]

 1.7. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi dövlət əmlakının Registrində qeydə alınan dövlət yol təsərrüfatının əmlakı  haqqında məlumatları, o cümlədən daşınmaz dövlət əmlakının istifadəyə və icarəyə verilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada  bağlanmış müqavilələrin və digər əqdlərin qeydiyyatı haqqında məlumatları, habelə qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş yol təsərrüfatı  əmlakı haqqında məlumatları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün mütəmadi olaraq Azərbaycan Respublikasının  Ədliyyə Nazirliyinə təqdim etməlidir.

 

                                     II. YOL TƏSƏRRÜFATI ƏMLAKININ QEYDİYYATI

2.1. Yol təsərrüfatının əmlakı üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün hüquqları əldə edən şəxs qanunvericiliklə müəyyən edilmiş sənədləri qeydiyyat orqanına təqdim etməlidir.[4]

 2.2. Yol təsərrüfatı əmlakının mülkiyyətçisi bir neçə müstəqil daşınmaz əmlakı birləşdirərək onları bir bölmədə bir nömrə ilə bir əşya kimi  qeydə aldıra bilər.[5]

 2.3. Yol təsərrüfatının əmlakına sərəncam hüququ digərinə verilə bilər, bu sərəncam verən tərəfin bu hüquqa malik olması və ya ixtiyarlı  şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu barədə tərtib olunmuş müqavilə notariat qaydasında təsdiqlənməlidir.

 2.4. Yol təsərrüfatının əmlakına hüquq qeydiyyat tarixindən əmələ gəlir.

 2.5. Yeni tikilən və yenidən qurulan avtomobil yolları həmin obyektlərin müəyyən olunmuş qaydada tərtib edilən istismara qəbul aktları  əsasında qeydiyyata alınmalıdır.

2.6. Yol təsərrüfatının əmlakı üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı həmin yol təsərrüfatı əmlakını idarə edən şəxsin ərizəsi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və 10-cu maddəsində göstərilən sənədlər əsasında həyata keçirilir.[6]

 2.7. Hər bir yol təsərrüfatının əmlakı barəsində aşağıdakılar bildirilməlidir:

 yol təsərrüfatı əmlakının qeydə alınması üçün əsas; 

 yol təsərrüfatı əmlakının adı, tərkibi, xüsusiyyətləri, yerləşdiyi ünvan və istismara verildiyi tarix; 

 yol təsərrüfatı əmlakının ilkin dəyəri və qeydiyyata alınma dövrünə olan dəyəri; 

 yol təsərrüfatı əmlakının sərəncamında olan subyekt haqqında məlumat; 

 yol təsərrüfatı əmlakının təyinatı (yönümü, profili); 

 yol təsərrüfatı əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə, əvəzsiz istifadəyə verilməsi və digər öhdəliklərlə  yüklənməsi.

  Avtomobil yollarının qeydiyyatı aşağıdakıları nəzərdə tutur:

  avtomobil yollarının rəsmi xəritəsinin (planının, cizgisinin, ölçüsünün) tərtib edilməsi;[7] 

  hər bir yolun adı, indeksi və uzunluğu göstərilməklə avtomobil yollarının siyahısının tərtib edilməsi; 

   hər bir avtomobil yolunun balans qiyməti, onun dəyişməsi və köhnəlməsi; 

   avtomobil yollarının texniki pasportlarının və yolların faktiki vəziyyəti, örtüyün növü və vəziyyəti, yol nişanlarının dislokasiyası,  avtomobil yollarının tutduğu torpaq sahəsi haqqında informasiyanın, avtomobil yollarının nişanlarının və istismarının planlaşdırılması  üçün vacib olan digər göstəricilərin hazırlanması və saxlanılması.

 2.8. Bu Qaydanın 2.6.-cı və 2.7.-ci bəndlərində göstərilən sənədləri təqdim edən şəxslər həmin sənədlərin tam və dəqiq olması üçün  qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

2.9. Yol təsərrüfatının əmlakı üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada və müddətlərdə həyata keçirilir.[8]

 Zərurət yarandıqda, yol əmlakı barədə məlumatın təqdim olunmuş sənədlərə uyğun gəlməsini yoxlamaq məqsədi ilə qeydiyyatı aparan  orqan öz təşəbbüsü ilə təqdim olunan məlumatların və sənədlərin dəqiqliyini yoxlaya bilər.

 2.10. Yol təsərrüfatının əmlakı üzərində hüquqlar qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd olmadan yol təsərrüfatının əmlakını idarə edən orqan və  onların tabeliyində olan müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər  bağlanması, o cümlədən icarəyə verilməsi, digər öhdəliklərlə yüklənməsi və s.) heç bir qərar qəbul edə bilməz.[9]

 2.11. Qeydə alınmış yol təsərrüfatının əmlakına münasibətdə hər bir dəyişikliyin qeydə alınması üçün yol təsərrüfatının əmlakını idarə edən  orqan müəyyən edilmiş qaydada zəruri tədbirlər görməli və qeydiyyatı aparan orqana 5 gün müddətində həmin dəyişikliyin qeydə alınması məqsədi ilə sənədlər təqdim etməlidir.

 2.12. Yol təsərrüfatının əmlakını idarə edən orqan və onların tabeliyində olan müəssisə, idarə və təşkilatlar hər il dekabr ayının 31-nə qədər  qeydiyyata alınmış yol təsərrüfatı əmlakının hərəkətinə dair balanslarının surətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə təqdim etməlidir.[10]

2.13. Yol təsərrüfatının əmlakına dair məlumatların əldə edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda həyata keçirilir.[11]

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 13 dekabr tarixli, 195 nömrəli qərarı ilə

təsdiq edilmiş “Avtomobil yollarının və yol təsərrüfatının

digər daşınmaz əmlakının qeydiyyatı Qaydası”na

ƏLAVƏ

 

Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının (bundan sonra—yol  təsərrüfatının əmlakı)

QEYDİYYATI VӘRӘQӘSİ

 

Sıra №-si Yol təsərrüfatı əmlakının göstəriciləriGöstəricilərin  məzmunu

1. Yol təsərrüfatı əmlakının sərəncamında olan təsisat haqqında məlumat:

1.1.Təsisatın tam adı

1.2.Hüquqi ünvanı

1.3.Təsisat daxil olduğu şirkətin tam adı

1.4.Təsisatın əsas fəaliyyət növü

2.Yol təsərrüfatı əmlakının tərkibi:

2.1.Yol təsərrüfatı əmlakının adı (torpaq sahəsi, müəssisə, tikili, qurğu və s.)

2.2.Yol təsərrüfatı əmlakının yerləşdiyi hüquqi ünvan

2.3.Yol təsərrüfatı əmlakının mədəniyyət və tarixi abidə olub-olmaması (hə-yox)

2.4.Yol təsərrüfatı əmlakının reyestr və registr nömrəsi və texniki pasportun nömrəsi

2.5.Yol təsərrüfatı əmlakının ilkin balans dəyəri, qalıq balans dəyəri

2.6.Ümumi sahə (kv.m./mərtəbəsi)

2.7.Torpaq sahəsinin ölçüsü (hektarla) və kadastr məlumatları əsasında torpağın keyfiyyət göstəriciləri

3.Yol təsərrüfatının əmlakı barədə bağlanılan əqdlər və onun öhdəliklərlə yüklənməsi:

3.1.Əqd barədə qeydlər:

əqdin predmeti

əqdin dəyəri

əqdin əsası

əqdin şərtləri

əqdə xitam verilməsi

digər qeydlər3.2.İcarə haqqında qeydlər:

icarənin predmeti

icarənin müddəti

icarəyə verən

icarəyə götürən

icarənin əsası

icarəyə xitam verilməsi

digər qeydlər3.3.Yol təsərrüfatı əmlakının digər öhdəliklərlə yüklənməsi haqqında qeydlər:

yüklənmənin məzmunu

yüklənmənin müddəti

əmlakı yüklənən təsisat

əmlak xeyrinə yüklənən şəxs

yüklənmənin əsası

yüklənməyə xitam verilməsi

digər qeydlər

4.Yol təsərrüfatı əmlakının özəlləşdirilməsi barədə qeydlər:

4.1.Yol təsərrüfatı əmlakının özəlləşdirilmə imkanı:

əmlakın adı

əmlak barədə özəlləşdirmə imkanı

4.2.Yol təsərrüfatı əmlakının özəlləşdirilməsi barədə qərar (qərarı qəbul edən orqanın adı, qərarın tarixi və nömrəsi)

4.3.Özəlləşdirilmənin üsulu (qərarı qəbul edən orqanın adı, qərarın tarixi və nömrəsi)

4.4. Özəlləşdirmə planının təsdiqi (planı təsdiq edən orqanın adı, qərarın tarixi və nömrəsi)[12]

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №12, maddə 1228)

2.       7 noyabr 2007-ci il tarixli 175 nömrəli Azərbaycan Respublikası Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1177)

 

 

QƏRARA  EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

[1] 7 noyabr 2007-ci il tarixli 175 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1177) ilə “Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı Qaydası”nın 1.4-cü bəndində “dövlət qeydiyyatına” sözləri “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata” sözləri ilə əvəz edilmişdir.

[2] 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №12, maddə 1228) ilə “Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı Qaydası”nın 1.5-ci bəndində “140.1-ci maddəsinə uyğun olaraq” sözləri “139.3-cü maddəsinə uyğun olaraq” sözləri ilə əvəz edilmişdir.

 

 

 

[3] 7 noyabr 2007-ci il tarixli 175 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1177) ilə “Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı Qaydası”nın 1.6-cı bəndində “İqtisadi İnkişaf Nazirliyi” sözləri “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

 

[4] 7 noyabr 2007-ci il tarixli 175 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1177) ilə “Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı Qaydası”nın 2.1-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.1. Yol təsərrüfatının əmlakına hüquqların qeydə alınması üçün həmin yolun mülkiyyətçisi qanunvericiliklə müəyyən edilmiş  sənədləri—tamamlayıcı planları, çertyojları, siyahıları və s. tərtib edərək yol təsərrüfatı əmlakının qeydiyyatını aparan orqana (bundan  sonra—qeydiyyatı aparan orqan) təqdim etməlidir.

 

[5] 7 noyabr 2007-ci il tarixli 175 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1177) ilə “Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı Qaydası”nın 2.2-ci bəndi çıxarılmışdır.

 

[6] 7 noyabr 2007-ci il tarixli 175 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1177) ilə “Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı Qaydası”nın 2.6-cı bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.6. Yol təsərrüfatı əmlakının qeydə alınması üçün həmin yol təsərrüfatı əmlakını idarə edən orqan aşağıda göstərilən sənədləri təqdim  etməlidir:

        yol təsərrüfatı əmlakının qeydə alınmasına dair müraciət məktubu; 

        yol təsərrüfatı əmlakını idarə edən orqan tərəfindən öz səlahiyyətləri çərçivəsində qəbul edilmiş aktlar; 

         yol təsərrüfatının əmlakı barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış müqavilələr və digər əqdlər; 

         yol təsərrüfatı əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməsi haqqında sənədlər (şəhadətnamələr); 

         qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 

         yol təsərrüfatının əmlakı üzərində hüquqların keçməsi barədə və (və ya) onun barəsində əqdlərə dair digər sənədlər; 

          yol təsərrüfatı əmlakının göstəricilərini əks edən qeydiyyat vərəqəsi (bu Qaydaya əlavə).

 

 

[7] 7 noyabr 2007-ci il tarixli 175 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1177) ilə “Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı Qaydası”nın 2.7-ci bəndinin doqquzuncu abzasında “rəsmi xəritəsinin” sözlərindən sonra “(planının, cizgisinin, ölçüsünün)” sözləri əlavə edilmişdir.

 

[8] 7 noyabr 2007-ci il tarixli 175 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1177) ilə “Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı Qaydası”nın 2.9-cu bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.9. Yol təsərrüfatının əmlakı haqqında sənədlər qeydiyyatı aparan orqan tərəfindən qəbul olunduqdan sonra 15 gün müddətində  qeydiyyata alınmalıdır.

 Qeydiyyata alınmaq üçün təqdim olunmuş sənədlər bu Qaydanın tələblərinə uyğun şəkildə tərtib edilmədikdə, qeydiyyatı aparan orqan  həmin sənədləri 3 gün müddətində müvafiq təşkilatlara yenidən tərtib edib təqdim etmək üçün qaytara bilər.

 

[9] 7 noyabr 2007-ci il tarixli 175 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1177) ilə “Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı Qaydası”nın 2.10-cu bəndində “Yol təsərrüfatının əmlakı” sözlərindən sonra “üzərində hüquqlar” sözləri əlavə edilmişdir.

 

[10] 7 noyabr 2007-ci il tarixli 175 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1177) ilə “Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı Qaydası”nın 2.12-ci bəndində “qeydiyyatı aparan orqana” sözləri “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə” sözləri ilə əvəz edilmişdir.

 

[11] 7 noyabr 2007-ci il tarixli 175 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1177) ilə “Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı Qaydası”nın 2.13-cü bəndi aşağıdakı redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.13. Yol təsərrüfatı əmlakının qeydiyyatı açıq xarakter daşıyır və həmin əmlak barədə məlumat almaq üçün qeydiyyatı aparan orqana yazılı  surətdə müraciət edilməlidir.

 

[12] 7 noyabr 2007-ci il tarixli 175 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1177) ilə “Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı Qaydası”na Əlavə qüvvədən düşmüş hesab edilmişdir.