Az
      

  "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi      istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və                            istismarı üçün xərclənməsi Qaydaları" nın təsdiq edilməsi haqqında

 

                 AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

          "Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində "Avtomobil yolları " Məqsədli Büdcə Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamının 4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. "Avtomobil yolları " Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar  2007-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri    A. RASİZADƏ

 

 

Bakı şəhəri, 25 yanvar 2007-ci il

№13

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2007-ci il 25 yanvar tarixli 13 nömrəli qərarı ilə

 

                                                        TƏSDİQ EDİLMİŞDİR

 

 

 

          "Avtomobil yolları " Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi

 

                                                             QAYDALARI

 

1.ÜMUMİ MÜDDƏALAR

 

1.1.  Bu Qaydalar "Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində "Avtomobil yolları " Məqsədli Büdcə Fondunun yaradılması haqqında "Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamının 4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının "Avtomobil yolları haqqında" 1999-cu il 22 dekabr tarixli 778-IQ nömrəli və "Büdcə sistemi haqqında" 2002-ci il 2 iyul tarixli 358-IIQ nömrəli qanunlarına, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq hazırlanmışdır və "Avtomobil yolları " Məqsədli Büdcə Fondunun (bundan sonra - Fond) vəsaitlərinin istifadəsi mexanizmini müəyyən edir.

1.2.  Fondun əsas məqsədi Azərbaycan Respublikasında ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları şəbəkəsinin səmərəli istismarını və qənaətbəxş vəziyyətdə saxlanılmasını təmin etməkdir.

1.3.  Fond dövlət büdcəsinin tərkibində yaradılır və onun vəsaitinin xərclənməsi "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa və Dövlət Xəzinədarlığının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilir.

 

2. FONDUN VƏSAİTLƏRİNİN FORMALAŞDIRILMASI MƏNBƏLƏRİ

 

    2.1. Fondun vəsaitləri aşağıdakı dövlət büdcəsinin mənbələri hesabına formalaşır:

2.1.1. yol vergisi;

2.1.2. mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi;

2.1.3.     idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər ;

2.1.4. idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu;

2.1.5.  Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu;

2.1.6.  nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınların, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu.[1]

 

2.2.  Fondun mövcud qanunvericiliyə uyğun hazırlanmış büdcə layihəsi cari il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir. Bu zaman həmin layihəyə vahid büdcə təsnifatına uyğun olaraq, aidiyyəti gəlir və xərc maddələri üzrə məbləğlər göstərilməklə ümumi illik smeta əlavə olunur.

2.3.  Fond üzrə daxilolmalar və xərclər dövlət büdcəsinin gəlir və xərc hissələrində ayrıca göstərilməklə, müvafiq maliyyə əməliyyatları xəzinədarlıq vasitəsilə həyata keçirilir.

 

3. FONDUN VƏSAİTLƏRİNİN XƏRCLƏNMƏSİ QAYDASI

 

3.1.        Fondun vəsaiti Azərbaycan Respublikasında avtomobil yollarının və onlarla   əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsi, saxlanılması və istismarı ilə bağlı aşağıda göstərilən istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilir:

3.1.1. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərini respublikanın şəhərləri, rayon mərkəzləri, şəhər tipli qəsəbələri, hava, dəniz və çay limanları, dəmiryol stansiyaları, qoruq və istirahət zonaları, həmçinin xüsusi obyekt və müəssisələrlə birləşdirən respublika  əhəmiyyətli avtomobil yollarının saxlanılması və istismarına;

3.1.2. rayonlararası və kənd və qəsəbələri şəhər və rayon mərkəzləri ilə birbaşa birləşdirən yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması və istismarına;

3.1.3. ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması, və istismarı ilə bağlı digər işlərin maliyyələşdirilməsinə.

 

3.2.  Fondun xərclərinin istiqamətlər üzrə maliyyələşdirilməsi hər büdcə ili üçün tərtib   olunan, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılan və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilən xərclər smetası çərçivəsində həyata keçirilir.

3.3.  Fondun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyidir.

3.4. Fondun vəsaiti hesabına maliyyələşdirilmə dövlət büdcəsindən maliyyələşən idarə,   müəssisə və təşkilatların maliyyələşdirilməsi üzrə mövcud qaydalara uyğun həyata keçirilir və sənədləşdirilir.

3.5.                 Fondun vəsaiti həmin Fonda faktiki daxilolmalar dairəsində xərclənir.

3.6. Fondun hesabına daxil olan vəsaitlər ilk növbədə "Büdcə sistemi haqqında"   Azərbaycan Respublikası  Qanununun 7.1.1 - 7.1.3-cü maddələrində nəzərdə tutulmuş müdafiə olunan xərc maddələrinin ödənilməsinə yönəldilir.

3.7.   Fondun vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onun başqa məqsədlər üçün xərclənməsinə yol verilmir.

3.8.   Fondun hesabında ilin sonuna qalan vəsait növbəti ildə onun gəlirlərinə daxil edilir.

 

4. HESABAT VƏ NƏZARƏT

 

4.1.  Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi Fondun vəsaitlərinin istifadəsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rüblük və illik hesabatlar təqdim edir.

4.2.  Fondun vəsaitinin xərclənməsi üzərində nəzarət mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

 

5. MƏSULİYYƏT

 

Bu Qaydaların tələblərini pozan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 fevral 2008-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 125)

2.       21 avqust 2013-cü il tarixli 226 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 sentyabr 2013-cü il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1024)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

[1] 13 fevral 2008-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 125) ilə «Avtomobil yolları» Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları»nın 2.1.6-cı bəndində «motonəqliyyat vasitələrinin,» sözlərindən sonra «traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınların, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələrinin,» sözləri əlavə edilmişdir.

21 avqust 2013-cü il tarixli 226 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 sentyabr 2013-cü il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1024) ilə 2.1.6-cı yarımbəndində “illik texniki baxışdan” sözləri “qanunla müəyyən edilmiş hallarda texniki baxışdan” sözləri ilə əvəz edilmişdir.