Az
      

                  AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI

 

          “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 394 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin razılaşdırılmış təklifini nəzərə alaraq:

 

1. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərinin icazə verilən parametrlərə uyğunluğunu müəyyən etmək məqsədi ilə xüsusi ölçü alətləri, cihazları və avtomobil tərəzilərinin quraşdırılacağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin stasionar postlarının və digər yerlərin Siyahısı" təsdiq edilsin (əlavə olunur).

 

2. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birlikdə bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş siyahıya əsasən avtomobil tərəzilərinin quraşdırılacağı yerlərdə, həmçinin yük axınlarının intensiv olduğu digər yerlərdə, o cümlədən karxanaların çıxışlarında səyyar tərəzilər və xüsusi ölçü alətləri vasitəsilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərinin icazə verilən parametrlərə uyğunluğuna nəzarətin təşkilini və aparılmasını təmin etsin.

 

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 3 iyun 2011-ci il

№ 142s

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 3 iyun tarixli 142s nömrəli sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərinin icazə verilən parametrlərə uyğunluğunu müəyyən etmək məqsədi ilə xüsusi ölçü alətləri, cihazları və avtomobil tərəzilərinin quraşdırılacağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin stasionar postlarının və digər yerlərin

 

                                                                        SİYAHISI

 

          Xüsusi ölçü alətləri, cihazları və avtomobil tərəzilərinin quraşdırılacağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin stasionar postlarının və digər yerlərin Siyahısına aşağıdakılar daxildir:

 

1. M-l Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun sağ tərəfində (67 km).[1]

2. M-l Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun sol tərəfində (84 km, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin stasionar postunda).

3. M-2 Bakı-Ələt-Qazax Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun sağ tərəfində (49 km).

4. M-2 Bakı-Ələt-Qazax Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun sol tərəfində (241 km).

5. M-2 Bakı-Ələt-Qazax Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun sol tərəfində (439 km, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin stasionar postunda).

6. M-3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun sol və sağ tərəfində (12 km).

7. M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sağ tərəfində (58 km).

8. M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun sol tərəfində (144 km).

9. M-6 Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun sol tərəfində (10 km, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin stasionar postunda).