Az    |     Ru    |     En
      

"Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası"nın, "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri"nin və "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki                                    parametrləri"nin təsdiq edilməsi haqqında

 

                                   AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

 

          "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları  ilə  iriqabaritli  və  ağırçəkili  nəqliyyat  vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası"nın, "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili  avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri"nin və "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri"nin təsdiq edilməsi haqqında

 

          "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1.  "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası", "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri" və "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri" təsdiq edilsin (əlavə olunur)

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının  Baş naziri  A.Rasi-zadə  

 

 

          Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarı                                                                         ilə təsdiq edilmişdir

 

          Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi

                                                                     QAYDASI

 

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası (bundan sonra - Qayda) "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununa, "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin avtomobil yollarında dövlətlərarası daşımaları həyata keçirən nəqliyyat vasitələrinin kütlə və ölçüləri haqqında" Sazişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa  və digər normativ hüquqi aktlarına, habelə bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qayda iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları, o cümlədən hərəkət marşrutuna daxil edilmiş və Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollarına müvafiq qaydada aid edilmiş yaşayış məntəqələrinin yolları, prospektləri və küçələri (bundan sonra - avtomobil yolları) ilə hərəkətini və onların avtomobil yolları ilə hərəkətinə dair xüsusi icazənin verilməsi qaydasını tənzimləyir.

1.3. Qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır.

1.4. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə bu Qaydanın 1.9-cu bəndində göstərilən hallar istisna olmaqla,  hərəkət marşrutu göstərilmiş xüsusi icazə əsasında yol verilir.

1.5. Beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən nəqliyyat vasitələri ilə iriqabaritli və (və ya) ağırçəkili, bölünən və ya bölünməsi mümkün olmayan yüklərin daşınması müvafiq qanunvericiliyin, habelə bu Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilir.

1.6. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması bu Qaydaya, habelə Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.

1.7. Beynəlxalq avtomobil daşımalarını həyata keçirən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə daxil olmasına və tranzit keçidinə yalnız hərəkət marşrutu göstərilmiş xüsusi icazə əsasında yol verilir.

1.8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir.

1.9. Bu Qaydanın müddəaları müdafiə ehtiyacları, ictimai asayişin qorunması və fövqəladə halların aradan qaldırılması ilə əlaqədar olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinə şamil olunmur. Bu halda hərəkət marşrutu haqqında Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə operativ qaydada məlumat verilir, nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkəti və süni qurğulardan keçməsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin məlumatları nəzərə alınmaqla həyata keçirilir.

 2. Avtomobil yolları ilə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi qaydası

2.1. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə xüsusi icazənin rəsmiləşdirilməsi və verilməsi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir.

2.2. Xüsusi icazə daşınmadan əvvəl alınmalı, sürücüdə və ya yükü müşayiət edən şəxsdə olmalıdır.

2.3. Digər nəqliyyat vasitələrinin hərəkətinə maneçilik və ya ətrafdakılar üçün təhlükə yaradan əlverişsiz yol-iqlim şəraitində, habelə yol hərəkətinin intensiv olduğu hallarda iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələri ilə daşımaların həyata keçirilməsinə yol verilmir.

2.4. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsi yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq həyata keçirilir.

2.5. Aşağıda göstərilən hallardan biri mövcud olarsa, bu Qaydanın 1.9-cu bəndində göstərilən hallar istisna olmaqla, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə hərəkət intensivliyinin ən aşağı dövrlərində icazə verilir:

2.5.1. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin ümumi kütləsi 44 tondan artıq olduqda;

2.5.2. yüklə birlikdə nəqliyyat vasitəsinin hündürlüyü 4 metrdən artıq olduqda;

2.5.3. yüklə birlikdə nəqliyyat vasitəsinin eni 2,55 metrdən artıq olduqda;

2.5.4. yüklə birlikdə nəqliyyat vasitəsinin uzunluğu 20 metrdən artıq olduqda.

2.6. Aşağıdakı hallarda iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələri hökmən müşayiət edilir:

2.6.1. mühafizə avtomobili ilə:

2.6.1.1. nəqliyyat vasitəsinin eni 2,55 metrdən artıq olduqda;

2.6.1.2. nəqliyyat vasitəsinin hündürlüyü 4 metrdən artıq olduqda;

2.6.1.3. nəqliyyat vasitəsinin uzunluğu 24 metrdən artıq olduqda;

2.6.1.4.  nəqliyyat vasitəsinin ümumi kütləsi 50 tondan artıq olduqda;  

2.6.2. müşayiət avtomobili ilə:

2.6.2.1. nəqliyyat vasitəsinin eni 3,5 metrdən artıq olduqda;  

2.6.2.2. nəqliyyat vasitəsinin avtoqatarın uzunluğu 30 metrdən artıq olduqda;

2.6.2.3. nəqliyyat vasitəsinin ümumi kütləsi 80 tondan artıq olduqda;

2.6.2.4. hərəkət zamanı nəqliyyat vasitəsi əks istiqamətdəki hərəkət zolağını qismən tutduqda;

2.6.2.5. daşınma prosesində iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin maneəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə yol hərəkətinin tənzimlənməsi üzrə əlavə tədbirlərin həyata keçirilməsinə zərurət olduqda.

2.7. Mühafizə və ya müşayiət avtomobili iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin qarşısında və ona nisbətdə qismən sol tərəfə çıxmaqla hərəkət etməlidir.

2.8. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (bundan sonra - BDYPİ) patrul xidməti avtomobili ilə müşayiət edilməsinin təmin olunması üçün həmin nəqliyyat vasitəsinin sahibi (istifadəçisi) rəsmiləşdirilmiş xüsusi icazəyə malik olmalıdır. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin sahibi (istifadəçisi) həmin nəqliyyat vasitəsinin BDYPİ ilə razılaşdırılmış müddətdə hərəkətə başlamasını təmin etməlidir.

2.9. Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin BDYPİ patrul avtomobili ilə müşayiət olunması üçün daşıyıcı ilə şəhərdaxili (rayondaxili) hərəkət marşrutları üzrə BDYPİ-nin müvafiq ərazi bölməsi, şəhərlərarası (rayonlararası) hərəkət marşrutları üzrə isə BDYPİ arasında müqavilə bağlanılır və qanunvericiliklə müəyyən olunmuş xidmət haqqı ödənilir.

2.10. Mühafizə avtomobilinin ekipajı iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsini süni qurğuların altından və ya üzərindən xüsusi icazədə göstərilmiş qaydada keçməsini təmin etməlidir. Mühafizə avtomobili ilə müşayiət olunmayan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin süni qurğuların altından və ya üzərindən keçməsi xüsusi icazədə göstərilmiş şərtlər nəzərə alınmaqla, daşıyıcı tərəfindən təmin edilir.

2.11. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin süni qurğuların altından və ya  üzərindən keçməsi onların faktiki üfüqi və şaquli aralıqları nəzərə alınmaqla həyata keçirilir. Daşınma zamanı müşayiət olunmayan yükün üzərindən süni qurğu konstruksiyasına qədər ehtiyat məsafə 50 santimetr, avtomobil yolu sahibinin nümayəndəsinin iştirakı ilə həyata keçirilən daşınma zamanı isə ehtiyat məsafə 15 santimetrdən az olmamalıdır.

2.12. İriqabaritli və (və ya) ağırçəkili yüklərin daşınmasını həyata keçirən nəqliyyat vasitəsi texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə və müvafiq standartlara uyğun olmalıdır.

2.13. İstehsalçı zavod tərəfindən müəyyən edilmiş texniki xarakteristikalara uyğun olmayan nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. 

 

3. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə dair xüsusi icazənin verilməsi qaydası

3.1. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə dair xüsusi icazəni almaq üçün həmin nəqliyyat vasitələrinin sahibləri (istifadəçiləri) tərəfindən Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə aşağıdakı sənədlər təqdim edilir:

3.1.1.  ərizə (bu Qaydanın 1 nömrəli əlavəsində göstərilmiş formada);

3.1.2.  avtoqatarın sxemi (daşınmada iştirak edən bütün nəqliyyat vasitələri, onların oxlarının və təkərlərinin sayı, oxlar üzrə yüklənmənin  paylanması təsvir edilməklə);

3.1.3. yükün ayrı-ayrı hissələrə bölünməzliyini təsdiq edən sənədlər.

3.2. Bu Qaydaya əsasən təqdim edilməsi tələb olunan bütün sənədlər ərizəyə əlavə olunur.

3.3. Ərizə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə daxil olduğu gündən qeydiyyata alınır və təqdim edilən məlumatların dürüstlüyü aşağıdakı qaydada yoxlanılır:

3.3.1. məlumatların tam olması;

3.3.2. nəqliyyat vasitəsinin, o cümlədən yedək avtomobilinin və qoşqunun (yarımqoşqunun) daşınması nəzərdə tutulan yükün texniki xarakteristikasına uyğun olması;

3.3.3. daşıyıcı tərəfindən təqdim edilən marşrut üzrə hərəkətin mümkün olması.

3.4. Ərizədə düzəlişlər və natamam məlumatlar olduqda və ya yükün bölünməzliyi sənədlərlə əsaslandırılmadıqda, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ərizənin qeydiyyata alındığı gündən 5 iş günü müddətində daşıyıcıya müvafiq sorğu ilə müraciət edir.

3.5. Daşıyıcı 15  gün müddətində  tələb olunan məlumatları təqdim edə   bilməzsə, ərizəyə baxılması dayandırılır.

3.6. Nəqliyyat vasitəsinin istehsalçı zavod tərəfindən müəyyən edilmiş texniki xarakteristikası ərizədə göstərilən iriqabaritli və (və ya) ağırçəkili yükün daşınmasına imkan vermirsə, habelə həmin nəqliyyat vasitəsinin daşıyıcı tərəfindən təqdim olunan marşrut üzrə hərəkət etməsi mümkün deyildirsə, daşıyıcıya xüsusi icazənin verilməsindən imtina edilməsi barədə məlumat verilir.

3.7. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin hərəkətinə xüsusi icazənin alınması barədə ərizəyə aşağıdakı hallarda operativ qaydada baxılır:

3.7.1. xüsusi icazə verilmiş nəqliyyat vasitəsi nasaz olduqda, onun dəyişdirilməsi  ilə əlaqədar yeni xüsusi icazənin rəsmiləşdirilməsi zəruri olduqda;

3.7.2. yükgöndərən və yaxud yükalan tərəfindən daşınma marşrutu dəyişdirildikdə.

3.8. Ərizəçi fiziki şəxs olduqda, ərizə onun soyadı, adı, atasının adı və ünvanı  göstərilməklə, şəxsi imzası ilə təsdiq edilməli, şəxsiyyət vəsiqəsinin surəti ərizəyə əlavə olunmalıdır. Ərizə hüquqi şəxs tərəfindən verildikdə, hüquqi şəxsin adı, hüquqi ünvanı və ya olduğu yer göstərilməklə, onun rəhbərinin və ya səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilməlidir.

3.9. Xüsusi icazəni rəsmiləşdirərkən, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən hər bir halda hərəkət marşrutunun razılaşdırılmalı olduğu qurumların siyahısı müəyyən edilir.

3.10. Zəruri hallarda daşınma aşağıdakı qurumlarla razılaşdırılır:

3.10.1. marşrut üzrə yolun və ya yol qurğularının texniki parametrlərindən asılı olaraq və yükün hündürlük üzrə qabariti icazə verilən həddi aşdıqda - elektrik,  rabitə, su, qazpaylayıcı, neft-qaz idarə və təşkilatları ilə;

3.10.2. daşınma marşrutu dəmir yolu xətləri ilə bir səviyyədə kəsişərkən nəqliyyat vasitəsinin yüklə və ya yüksüz eni 2,55 metri, hündürlüyü yolun səthindən 4 metri, uzunluğu bir qoşqu (və ya yarımqoşqu) ilə 30 metri, habelə nəqliyyat vasitəsinin ümumi kütləsi 44 tonu keçdikdə və ya  hərəkət sürəti saatda 8 kilometrdən az olduqda - dəmir yolunun müvafiq qurumları ilə;

3.10.3. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələri bu Qaydanın 2.5.1-2.5.4-cü bəndlərində göstərilən hədləri aşdıqda və onların hərəkət marşrutuna daxil olan şəhər və digər yaşayış məntəqələrinin yolları, prospektləri və küçələri ilə hərəkət etdikdə - şəhər və digər yaşayış məntəqələrinin yollarının, prospektlərinin və küçələrinin mülkiyyətçiləri ilə;

3.10.4. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi üçün mühafizə və ya müşayiət avtomobili ilə müşayiət edilməsi tələb olunduqda  - şəhərdaxili (rayondaxili) hərəkət marşrutları üzrə BDYPİ-nin müvafiq ərazi bölmələri ilə, şəhərlərarası (rayonlararası) hərəkət marşrutları üzrə isə BDYPİ ilə.

3.11. Bu Qaydanın 3.10.1 - 3.10.4-cü yarımbəndlərində göstərilən qurumlar hərəkət marşrutunu iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin sahibləri (istifadəçiləri) və ya onların səlahiyyətli nümayəndələri tərəfindən bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun formada olan razılaşdırma vərəqinin təqdim edildiyi andan  5 iş günü müddətində razılaşdırmalıdırlar.

3.12. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin hərəkət marşrutu daşınmanın təhlükəsizliyinin təmin edilməsi üçün avtomobil yollarının və yol qurğularının texniki parametrləri nəzərə alınmaqla müəyyənləşdirilir.

3.13. Ərizədə göstərilən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin müvafiq marşrut üzrə hərəkətinə marşrut müayinə edilmədən icazə verilməsi mümkün olmadıqda, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən ərizənin daxil olduğu gündən 5 iş günü müddətində marşrut boyu yolda müayinə aparılmasının zəruriliyi haqqında ərizəçiyə məlumat verilməlidir.

3.14. Aşağıda göstərilənlərdən ən azı biri olduqda, hərəkət marşrutu müayinə edilməlidir:

3.14.1. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin hər hansı parametri qanunvericiliklə müəyyən edilmiş hədlərdən artıq olduqda;

3.14.2. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin ümumi kütləsi hərəkət marşrutunda yerləşən süni qurğuların yükgötürmə qabiliyyətindən artıq olduqda.

3.15. Aparılmış müayinənin nəticəsinə əsasən yol qurğularının gücləndirilməsinə dair layihənin tərtib edilməsi zəruriliyi müəyyən edilir. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin seçilmiş marşrut üzrə normal hərəkətinə şərait yaradılması üçün tərtib edilmiş layihə və digər əlavə işlər daşıyıcının (yükgöndərənin, yükalanın) vəsaiti hesabına həyata keçirilir.

3.16. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin hərəkətinə dair xüsusi icazə aşağıdakı şərtlər yerinə yetirildikdən sonra,  5 iş günü ərzində bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun formada nəqliyyat vasitəsinin sahibinə və ya onun səlahiyyətli nümayəndəsinə verilir:

3.16.1. hərəkət marşrutu və hərəkət şərtləri əlaqədar qurumlarla razılaşdırıldıqdan sonra;

3.16.2. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin keçməsi üçün xüsusi layihənin hazırlanması tələb olunarsa, layihədə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirildikdən sonra.

3.17. Xüsusi icazə qüvvədə olma müddəti 30 təqvim günü müəyyən edilməklə, yalnız bir daşınmanın həyata keçirilməsi üçün verilir.

3.18. Eyni növlü yüklərin müəyyən edilmiş marşrut üzrə daşınması zamanı daşınmanın həcmi və digər hallar nəzərə alınmaqla, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən müvafiq müddət ərzində gedişlərin bir neçə sayı üçün xüsusi icazə verilə bilər. Bu halda iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin sahibləri (istifadəçiləri) tərəfindən hər gedişdə xüsusi icazədə qeydlər (getmə tarixi, təşkilatın rəhbərinin imzası və möhürü) aparılmalıdır. Göstərilən qeydlər olmayan xüsusi icazə etibarsız hesab edilir.

3.19. Xüsusi icazəyə bu Qaydanın 4 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada buraxılış vərəqəsi əlavə olunur. Həmin vərəqə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin qabaq şüşəsinin aşağı sağ hissəsində yerləşdirilir.

3.20. Xüsusi icazə blankları və buraxılış vərəqələri Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin sifarişi ilə mətbəə üsulu ilə çap edilir və xüsusi qoruyucu nişanlara malik olmalıdır. Xüsusi icazə blanklarının və buraxılış vərəqələrinin saxlanılması, qeydiyyatı və hesabatının aparılması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

 

4. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət

4.1. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

4.2. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçülərinin yoxlanılması xüsusi ölçü alətləri və cihazları,  ümumi kütləsinin və oxlara düşən ağırlığının təyin edilməsi isə stasionar və daşına bilən xüsusi avtomobil tərəziləri vasitəsilə avtomobil yollarının istənilən sahəsində və nəzarət postlarında (məntəqələrində) Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi  tərəfindən həyata keçirilir.

4.3. Xüsusi ölçü alətlərinin, cihazlarının və tərəzilərin standartlara uyğun olmaları  barədə sertifikatları olmalıdır.

4.4. Bu Qaydanın pozulması hallarında Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən səlahiyyətləri daxilində pozuntuya yol vermiş hüquqi və ya fiziki şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməklə, aşağıdakı tədbirlər görülür:

4.4.1. xüsusi icazə olmadan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin hərəkət etməsi aşkar edildikdə, daşınma dayandırılır, nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılır, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin   hərəkətinə görə onun faktiki qət etdiyi  marşrut boyu yola və yol qurğularına vurulmuş ziyan müəyyən edilərək, yükgöndərən (daşıyıcı) tərəfindən dövlət büdcəsinə ödənilməsi təmin edilir və xüsusi icazə alındıqdan sonra  daşınma bərpa olunur;

4.4.2. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsi ilə bölünən yüklərin daşınması zamanı qabarit və çəki parametrlərinin pozulması halı aşkar edildikdə, daşınma dayandırılır, nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılır, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin   hərəkətinə görə onun faktiki qət etdiyi  marşrut boyu yola və yol qurğularına vurulmuş ziyan müəyyən edilərək, yükgöndərən (daşıyıcı) tərəfindən dövlət büdcəsinə ödənildikdən və yükgöndərən (daşıyıcı) tərəfindən Azərbaycan Respublikasının ərazisində ümumi istifadədə olan avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkəti üçün icazə verilən qabarit və (və ya) çəki parametrlərinə uyğun olaraq nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılması təmin edildikdən sonra xüsusi icazə verilmədən daşınma  bərpa edilir;

4.4.3. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin xüsusi icazədə göstərilən hər hansı parametrinin aşması faktı aşkar edildikdə, daşınma dayandırılır, nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılır və iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin   hərəkətinə görə onun faktiki qət etdiyi  marşrut boyu yola və yol qurğularına vurulmuş ziyan müəyyən edilərək, yükgöndərən (daşıyıcı) tərəfindən dövlət büdcəsinə ödənilməsi təmin edilir və xüsusi icazə  alındıqdan sonra daşınma bərpa edilir; 

4.4.4. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin xüsusi icazədə göstərilən hərəkət marşrutundan kənara çıxması halı aşkar edildikdə, daşınma dayandırılır, nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılır, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin   hərəkətinə görə onun faktiki qət etdiyi  marşrut boyu yola və yol qurğularına vurulmuş ziyan müəyyən edilərək, yükgöndərən (daşıyıcı) tərəfindən dövlət büdcəsinə ödənilməsi təmin edilir və təkrar xüsusi icazə  alındıqdan sonra daşınma bərpa edilir;

4.4.5. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin hərəkəti zamanı xüsusi icazədə göstərilən müddətlərdən kənara çıxması halı aşkar olunduqda, daşınma dayandırılır, nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılır, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin   hərəkətinə görə onun faktiki qət etdiyi  marşrut boyu yola və yol qurğularına vurulmuş ziyan müəyyən edilərək, yükgöndərən (daşıyıcı) tərəfindən dövlət büdcəsinə ödənilməsi təmin edilir və təkrar xüsusi icazə  alındıqdan sonra daşınma bərpa edilir.

4.5. Yükgöndərən (daşıyıcı) avtomobil yoluna və yol qurğularına vurulmuş ziyanı ödəməkdən imtina etdikdə, dəymiş ziyanın ödənilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edilir və nəqliyyat vasitəsinin hərəkətinə yalnız bundan sonra icazə verilir.

4.6. Bu Qaydanın 4.4.1- 4.4.5-ci bəndlərində nəzərdə tutulmuş hallarda xüsusi icazə alınanadək və ya müvafiq pozuntular aradan qaldırılanadək yol hərəkətindən kənarlaşdırılmış iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin hərəkətinin qarşısının alınması üçün Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən səlahiyyətləri daxilində zəruri tədbirlər görülür.

4.7. Xüsusi icazə olmadan iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə görə və ya bu Qaydanın digər tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada  məsuliyyət daşıyırlar.

 

 

QƏRAR № 104

Bakı şəhəri, 7  iyul  2009-cu il

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin