Az
      

                 2016-cı ilin 9 ayı ərzində “Azəravtoyol” ASC-nin

yerinə yetirdiyi işlər

 

          Azəravtoyol” ASC tərəfindən 2016-cı ilin 9 ayı ərzində uzunluğu 542,7 km olan ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələri tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur.

 

- Respublika əhəmiyyətli -     299,0 km;

- Yerli əhəmiyyətli -                 180,5 km;

- Bakı şəhər yolları -               63,2  km.

 

          Bu dövr ərzində Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası olaraq Muğanlı-Yevlax-115 km, Qaraməryəm-İsmayıllı-29 km, Qobustan rayonunda Təklə-Sündü-Xilmilli-17 km, Yardımlı rayonunda Yardımlı-Deman-Arvana-46 km, Qəbələ rayonunda Nohurqışlaq-Tüntül-Yengicə-12,2 km, Biləsuvar rayonunda Əsgərabad-Muğan-Çaylı-6 km, Qusar rayonu Qusar-İmamqulukənd-Quxuroba-24,7 km, Xaçmaz rayonunda Xudat-Yalama-Zuxuloba – 24,8 km, Qazax rayonunun Qazax-Kosalar-8 km, Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun 23,4 km hissəsi, Salyanın Babazanan yaşayış massivini şəhər mərkəzi ilə birləşdirən, Kür çayı üzərində uzunluğu 201 metr, eni 14,5 metr olan yeni körpü, Bakı-Ələt-Qazax-Gürcüstan ilə  dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsi-87,8 km, Bakı şəhərində Maştağa-Bilgəh-9,0 km, Nardaran qəsəbəsi daxilində Abşeron və Nəsrulla Əsgərov küçələri-3,4 km, Nizami rayonunda Qara Qarayev prospekti-4,0 km tikilmiş və yenidən qurulmuşdur.

 

          Respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 12 yeni avtomobil körpüsü tikilmiş, 5 ədədi təmir edilmişdir. Bakı-Şamaxı yolunun Cəngi qəsəbəsindən keçən hissəsində 1 ədəd piyada keçidi tikilmiş, Bakı şəhərində isə 1 ədəd piyada keçidi təmir edilmişdir.

 

          Bakı şəhərində ümumi uzunluğu 63,2 kilometr  30-dan çox avtomobil yolu, prospekt və küçə yenidən qurulmuş və  təmir olunmuşdur.  Bunlardan Binəqədi rayonu ərazisindəki Azadlıq prospektinin yenidən qurulması, Cəfər Xəndan və Musabəyov, Cəmşid Naxçıvanski küçəsinin təmiri, Nizami rayonunda Qara Qarayev prospekti, Rüstəm Rüstəmov, Bəkir Çobanzadə, Nəsimi,  Naxçıvani küçələri, Yasamal rayonunda Əhməd Cəmil, Xiyabani, Xətai rayonunda İlqar Zülfüqarov, Sadıqcan, Nərimanov rayonunda Arif Heydərov, Vladimir Mayakovski, Ə.Orucəliyev, Nəsimi  rayonunda Hüseynbala Əliyev, Xəzər rayonunun Zirə qəsəbəsində Ağamalıoğlu, E.Babayev, Sərdarov, Mərdəkanda Sergey Yesenin, Sabunçu rayonunda Savalan qəsəbəsində Mərkəzi küçə, Pirşağı bağları avtomobil yolu, Suraxanı rayonunun Əmircan qəsəbəsində Səttar Bəhlulzadə, Hövsan qəsəbəsində Bağça, Qaradağ rayonunun Sahil qəsəbəsində Zahid Qasımov, Emin Quliyev, Rövşən Rzayev, Lökbatan qəsəbəsində İntiqam Nəbiyev və 28 May, Səbail rayonunun Badamdar qəsəbəsində Ə.Nəzərov və s. küçələrin təmirini misal göstərmək olar.

 

          Bundan əlavə, Bakı şəhərinin bütün inzibati rayonları ərazisində 247,2 min msahədə cari təmir işləri yerinə yetirilmişdir.

 

          Bu dövr ərzində ümumilikdə 708 min ton asfalt-beton istehsal edilmiş, 40,4 min ton bitum 3,5 min ton mazut istifadə edilmişdir.

 

          Asfalt-beton qarışıqlarının keyfiyyətini yüksəltmək məqsədilə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının tövsiyyəsini nəzərə alaraq,  62,2 ton bituma adgeziya qatqısı və İtaliya Respublikasından xüsusi polimer alınaraq əsasən asfalt-beton örtüyünün üst-aşınma layının tikintisində  istifadə edilmişdir.

 

          2016-cı ilin 9 ayı ərzində Azərbaycan Prezidenti İlham Əliyev 14 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak etmiş, öz dəyərli tövsiyyə və tapşırıqlarını vermişdir.

 

 

                Kəndlərarası, Bakı  və onun  qəsəbələrarası

avtomobil yolları layihələri

 

          Ölkə başçısının birbaşa göstərişi ilə 2013, 2014 və 2015-ci illərdə tikintisinə başlanılmış kəndlərarası avtomobil yollarının tikintisinin başa çatdırılması, habelə Bakı şəhəri və qəsəbələrində avtomobil yollarının tikintisi və yenidən qurulmasının davam etdirilməsi  2016-cı ildən başlayaraq “Azəravtoyol” ASC-yə həvalə edilmişdir.

 

          Cari ilin 9 ayı ərzində möhtərəm Prezidentin imzaladığı 43 sərəncama əsasən, 26 rayon və şəhər ərazisində uzunluğu 708,8 km olan 29 avtomobil yolunun tikintisi və 2 körpünün bərpası, Bakı şəhərində və onun qəsəbələrində isə uzunluğu 87,3 km olan 12 qəsəbələrarası avtomobil yollarının tikintisi və yenidən qurulması işləri müvəffəqiyyətlə davam etdirilir.

 

          Cari ilin 9 ayı ərzində uzunluğu 274,6 km olan 13 kəndlərarası avtomobil yolunun və Bakı şəhərinin uzunluğu 16,4 km olan  3 qəsəbələrarası avtomobil yolunun tikintisi və yenidən qurulması başa çatdırılmışdır.

 

          Ümumilikdə isə respublikamızın bütün şəhər və rayonları ərazisində  84 kəndlərarası avtomobil yolu  layihəsinin tikintisinin həyata keçirilməsi planlaşdırılır.    

  

          Tikiləcək və yenidən qurulacaq  kəndlərarası  avtomobil  yollarının ümumi uzunluğu 2101,2 km təşkil edir. Onlardan 1149,7 km yeni kəndlərarası avtomobil yollarıdır. 

 

          Bu layihələrin həyata keçirilməsi 1,6 milyon əhalinin yaşadığı 859 yaşayış məntəqəsini əhatə edəcək, onların rahat avtomobil yollarından istifadə edərək tədarük etdikləri kənd təsərrüfatı məhsullarını (pambıq, barama, tütün və.s) və meyvə-tərəvəzi sürətlə və qısa vaxt ərzində istədikləri ünvanlara çatdırmağa imkan verəcəkdir.

 

 

                             Daxili İnvestisiya hesabına yerinə yetirilən layihələr

 

          Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 19 may tarixli, 291s nömrəli sərəncamına əsasən, müxtəlif yol layihələrinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitdən Bakı şəhəri və qəsəbələrdə yerləşən Qala-Pirallahı, Zığ-Hövsan, “Ağ şəhər”, 4-cü Qapı, Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil körpüsünün tikintisi, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel yeni yolun tikintisi (II mərhələ), Xocasən - Lökbatan avtomobil yolunun 11-19 km hissəsinin yenidən qurulması və s. üçün, həmçinin regionlardakı avtomobil yolları və yol qurğularının tikintisinin davam etdirilməsinə yönəldilmişdir.

 

 

                                    Xarici investisiya ilə maliyyələşdirilən layihələr  

 

          Bu gün respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşları ilə yanaşı beynəlxalq maliyyə institutlarından və digər kreditor qurumlardan cəlb olunan kreditlər hesabına irimiqyaslı layihələr həyata keçirilir. Bu layihələr haqqında qısa məlumat vermək istərdim.

 

1. Gəncə regionunda (Ağstafa – Poylu – Gürcüstan Respublikası ilə 

dövlət sərhədi avtomobil yolunda (R-24) dörd ədəd körpünün

layihələndirilməsi və tikintisi layihəsi

 

          Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşdirilən bu layihə, Ağstafa rayonu ərazisində inşaası planlaşdırılan ümumilikdə 4 ədəd körpünün tikintisini əhatə etməklə, 3 ədəd körpünün R-24 Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda və 1 ədəd körpünün Y-05-08 Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunda inşaasından ibarətdir. Tikinti işlərini Azərbaycan Respublikasının “Körpü-Bina-Tikinti” MMC və “Gəncə-Körpü-Tikinti-2” MMC şirkətlərinin yaratdığı konsorsium aparır. Məsləhətçi isə İtaliyanın “IRD Engineering” şirkətidir. Körpülər aşağıdakı maneələr üzərində yerləşir: Kür çayı, Ağstafaçay, Acıdərəçay və dəmir yolu.

 

          Layihə üzrə faktiki yerinə yetirilmiş işlərin faizlə göstəricisi  – 45,53 %

 

 

2. Bakı – Şamaxı – Yevlax avtomobil yolunun (M-4) Bakı – Şamaxı avtomobil yolunun

4 zolağa genişləndirilməsi layihəsi

    

          Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının Kredit Sazişinə  əsasən, Bakı – Şamaxı avtomobil yolunun 101 km   hissəsinin (km 15-116) 4 zolağa genişləndirilməsi nəzərdə tutulur. Bakı – Şamaxı avtomobil yolunun 4 zolağa genişləndirilməsi 15 – 45 km, 45 – 67 km, 67 – 91 km, 91 – 107 km hissələri üzrə yerinə yetirilir.

          “Bakı-Şamaxı avtomobil yolunun km 15-45 hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi” üzrə Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankı arasında Kredit Sazişi 2010-cu il 11 avqust tarixində imzalanmışdır.                    

          Bakı-Şamaxı avtomobil yolunun km 15-45 hissəsinin tikintisini  14 oktyabr 2015-ci il tarixinədək “Azərinşaatservis” MMC yerinə yetirmiş,           29 iyul 2016-cı il tarixindən isə “Polat Yol Yapı Sanaye və Ticarət” A.Ş. davam etdirir. Tikintiyə texniki nəzarət işlərini isə müvafiq olaraq Almaniya Federativ Respublikasının “Kocks”  şirkəti yerinə yetirmiş, hal-hazırda isə İtaliyanın “İRD” şirkəti davam etdirir.

 

          Layihə üzrə faktiki yerinə yetirilmiş işlərin faizlə göstəricisi  – 70,19 %

 

          “Bakı – Şamaxı avtomobil yolunun km 44,6-67,5 hissəsinin   4 zolağa genişləndirilməsi” layihəsi Dünya Bankının krediti hesabına maliyyələşdirilir. Yolun tikintisini Türkiyənin “Polat Yol Yapı” şirkəti, tikintiyə texniki nəzarət işlərini isə Cənubi Koreyanın “Pyunghwa Engineering” şirkəti yerinə yetirir.

 

          Layihə üzrə faktiki yerinə yetirilmiş işlərin faizlə göstəricisi  – 83,91 %

 

 

          “Bakı-Şamaxı avtomobil yolunun km 67,5-91,0 hissəsinin 4 zolağa genişləndirilməsi” layihəsi Dünya Bankının krediti hesabına maliyyələşdirilir.  Yolun tikintisini Türkiyənin “Polat Yol Yapı” şirkəti, tikintiyə texniki nəzarət işlərini isə Cənubi Koreyanın “Pyunghwa Engineering” şirkəti yerinə yetirir. 23.5 km uzunluğunda olan yolun tikintisinə 2013-cü ilin dekabr ayının 5-də başlanılmışdır.

 

          Layihə üzrə faktiki yerinə yetirilmiş işlərin faizlə göstəricisi  – 63,57 %

 

          “Bakı-Şamaxı avtomobil yolunun km 13,29-15,14 hissəsinin  4 zolağa genişləndirilməsi” layihəsi Dünya Bankının krediti hesabına maliyyələşdirilir. Yolun tikintisini Azərbaycanın “Körpü Bina Tikinti” MMC, tikintiyə texniki nəzarət işlərini isə Cənubi Koreyanın “Pyunghwa Engineering” şirkəti yerinə yetirir. 1,85 km uzunluğunda yolun tikintisinə 2016-cı ilin avqust ayının 3-də başlanılmışdır.

 

 

3. Mingəçevir-Bəhramtəpə  avtomobil yolunun (R-18) Mingəçevir-st. Mingəçevir, 

Lot 1, 16.48 km (km 0-16.48) hissəsinin yenidən qurulması layihəsi

 

          Avropa Yenidənqurma və İnkişaf Bankının Kredit Sazişi hesabına həyata keçirilən R-18 Mingəçevir – Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulması layihəsi 3 hissəyə bölünərək icra olunacaqdır:

Hissə 1 Mingəçevir-st.Mingəçevir 16.48 km (0-16.48);

Hissə 2 Qarağacı-Bəhramtəpə 111.9 km (26-137.9);

Hissə 3 Aran-Qarağacı 26.0 km (0-26).

          Hİssə 1 üzrə podratçı Azərbaycanın “AzVirt” MMC, məsləhətçi şirkət – Almaniyanın “Kocks Consult GmbH”dır.

          Layihə üzrə faktiki yerinə yetirilmiş işlərin faizlə göstəricisi  – 24,5 %

 

          Hissə 2 və 3 üzrə podratçı Türkiyənin “Polat Yol Yapı Sanaye ve Ticaret” A.Ş., məsləhətçi şirkət – Almaniyanın “Kocks Consult GmbH”dır.

 

          Layihə üzrə faktiki yerinə yetirilmiş işlərin faizlə göstəricisi  – 4,83 %

 

4. M3, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu layihəsi

 

          Mövcud yolun uzunluğu 243 km-dir. Yeni trassa üzrə I dərəcəli, 4 zolaqlı yolun uzunluğu 39 km azalmaqla 203.9 km olması nəzərdə tutulur.  54,4 km yolun tikintisi, Salyan şəhərində Kür çayı və Lənkərənçay üzərindəki körpülərin tikintisi başa çatdırılmışdır. 149,5 km yolun tikintisi isə davam etdirilməkdədir.

 

 

                                             Yenikənd – Şorsulu avtomobil yolu üzrə:

 

          Yenikənd – Salyan, 23.41 km (km 31.0 – 54.41) və Salyan-Şorsulu, 24.8 km (km 55.80 – 80.60) hissələri üzrə Podratçı-“Evrascon-AzVirt” birgə müəssisəsidir. Tikintiyə texniki nəzarət işlərini Almaniya Federativ Respublikasının “Kocks  GmBH  Consulting” şirkəti yerinə yetirir. Qeyd olunan layihələr Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilir.

 

          Layihə üzrə faktiki yerinə yetirilmiş işlərin faizlə göstəricisi  – 55,44 %

 

                                                       Şorsulu – Masallı avtomobil yolu üzrə:

 

          Şorsulu - Cəlilabad, 30.1 km (km 80.60  - 110.70) Podratçı - “Kolin İnşaat, Turizm, Sanaye ve Ticaret” A.Ş. - 01.10.2016-cı il tarixinə Layihə üzrə faktiki yerinə yetirilmiş işlərin faizlə göstəricisi  – 20,04 %

 

          Masallı-Cəlilabad, 32.2 km (km 110.70 – 142.90) Podratçı - “Kolin İnşaat, Turizm, Sanaye ve Ticaret” A.Ş. - 01.10.2016-cı il tarixinə Layihə üzrə faktiki yerinə yetirilmiş işlərin faizlə göstəricisi  – 80,33 %

 

          Tikintiyə  texniki nəzarət  işlərini müvafiq olaraq  ABŞ-ın “TERA İnternational Group” və İtaliyanın “İRD Engineering” şirkətləri yerinə yetirir.

 

                                               Masallı-Astara avtomobil yolu üzrə:

 

          A hissəsi, 22.15 km (km 0 – 22.15) Podratçı - əvvəlcə “Azərinşaatservis” MMC, 8 iyul 2016-cı il tarixindən isə - “Kolin İnşaat, Turizm, Sanaye ve Ticaret” A.Ş. olmuşdur.

 

          Layihə üzrə faktiki yerinə yetirilmiş işlərin faizlə göstəricisi  – 79,7 %

 

          B hissəsi, 19.35 km (km 22.15 – 41.5) Podratçı -  “Özgün Yapı, Sanaye ve Ticaret” A.Ş. - 01.10.2016-cı il tarixinə Layihə üzrə faktiki yerinə yetirilmiş işlərin faizlə göstəricisi  – 70,67 %

 

          C hissəsi, 19.9 km (km 41.5 – 61.4) Podratçı - “Polat Yol Yapı Sanaye ve Ticaret” A.Ş.-dir.

 

          Layihə üzrə faktiki yerinə yetirilmiş işlərin faizlə göstəricisi  – 64,11 %

 

Hər 3 layihə üzrə tikintiyə texniki nəzarəti “Nippon KOEİ UK” şirkəti yerinə yetirir.

 

 

                    Nəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə bağlı

həyata keçirilən tədbirlər

 

          “Azəravtoyol” ASC-nin əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.

 

          Bakı şəhərindən ölkəmizin şimal və şimal-qərb hissəsinə çıxış və girişini təmin edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və Bakı-Şamaxı-Yevlax  avtomobil yollarının müxtəlif hissələrində nəqliyyatın hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan yerlər mütəxəssislərimiz tərəfindən aşkar edilmiş və öz gücümüzlə bu maneələr aradan qaldırılmışdır.

 

          Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-22 km hissəsində, magistralın yaşayış məntəqələrindən keçən sahələrində piyadalar üçün  17,6 min m2 səki tikilmiş, 10,9 min pm səki daşları quraşdırılmış, avtobusların dayanması üçün 3 ədəd “cib”lər tikilmiş, yağış sularının nizamlı axınını təmin etmək məqsədilə yolboyu lazım olan hissələrdə  490 pm yağış-kanalizasiya xətti tikilmişdir. Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən hissədə ayırıcı zolaqda uzunluğu 9 km olan dəmir-beton təhlükəsizlik sədləri quraşdırılmış və xüsusi siqnal dirəkləri ilə təmin edilmişdir.

 

          Bakı şəhərinə girişdə 20 yanvar tunelinin yan yoluna “Şamaxinka” adlanan əraziyə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə daxil olmasını təmin etmək məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunun giriş hissəsində yerləşən torpaq təpəciyinin bir hissəsinin sökülməsi və tunelin sonunda çıxış yolunun genişləndirilməsi işləri aparılmışdır. Nəticədə yolun hərəkət hissəsi sözügedən hissədə 6-7 m enində genişləndirilmişdir. Artıq avtonəqliyyat vasitələri manevr etmədən “Şamaxinka” deyilən əraziyə birbaşa daxil ola bilirlər. Bu isə həmin hissədə nəqliyyat vasitələrinin sıxlığının azalmasına müsbət təsir etmişdir.

 

          Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu km-də (yerüstü piyada keçidinə çatmamış), yolun kənarında 150 metr uzunluğunda, 15 m enində olan süni təpəciyin sökülməsi və yolun genişləndirilməsi işləri də başa çatdırılmışdır. Nəticədə magistralın bu hissəsində yol daha 3 hərəkət zolağı enində genişləndirilmişdir.

 

          Eyni zamanda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu kilometrliyində yerləşən (“Xırdalan” dairəsi yaxınlığında) mövcud yerüstü piyada keçidinin dayaqları sökülərək keçidin  7 m uzadılması işləri başa çatdırılmışdır. Bunun nəticəsində həmin hissədə yol 7 metr genişlənmış, yolun hərəkət hissəsi isə əlavə 2 hərəkət zolağı enində genişləndirilərək 5 hərəkət zolağına çatdırılmışdır.

 

          Magistralın 6-cı km-dən Xırdalan tunelinədək (11-ci km) yolun ayırıcı  zolağında olan metal təhlükəsizlik sədləri daha təhlükəsiz və alt hissəsində “təkərqaytaran” maili elementi və hündürlüyü 87 sm olan 3,6 km uzunluğunda dəmir-beton sədlərlə əvəz edilmişdir.

 

           Paytaxtın şimal girişində, Moskva prospektində kompleks halda atılmış addımların məntiqi davamı olaraq prospektdən şəhərə giriş hissədə “20 Yanvar dairəsi”nə doğru genişləndirilmişdir.

 

           Məqsəd Sumqayıt şəhərindən və Bakının şimal istiqamətindən şəhərə daxil olan avtonəqliyyat vasitələrinin rahatlıqla “20 Yanvar” dairəsinə çıxışını təmin etməkdir. Bundan öncə Moskva prospektindəki tunelin sonunda şəhər istiqamətinə gələrək körpüyə çıxmadan sağa - “20 Yanvar dairəsi"nə tərəf hərəkət etmək üçün bir zolaqdan ibarət şaxələnmə yeri mövcud idi. Aparılan işlər nəticəsində həmin şaxələnmə yeri genişləndirilərək iki hərəkət zolaqlı edilmiş, nəticədə, tuneldən çıxaraq “20 Yanvar” dairəsinə tərəf hərəkət etmək istəyən sürücülərin həmin şaxələnmə yeri qarşısında yaratdığı tıxac və ləngimə əhəmiyyətli dərəcədə aradan qaldırılmışdır.

 

          Əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 17 və 115-ci kilometrlərində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədilə “Azəravtoyol” ASC tərəfindən uyğun olaraq 250 metr uzunluğunda, 12,5 metr enində və 440 metr uzunluğunda, 14 metr enində yeni geriyədönmə yol qovşaqları tikilmişdir.

 

         2016-cı ilin 9 ayı ərzində 2985 ədəd yol nişanı və məlumatverici lövhə, 11 115 ədəd siqnal dirəyi,  3860 ədəd siqnal bayraqları, 25 137 p.m   əyrixətli tirlər quraşdırılmış və bərpa edilmiş, 685,8 min m2 həcmində yolların xətlənməsi işləri yerinə yetirilmişdir.

 

 

Yol təsərrüfatına dəymiş ziyan 

 

          Görülən tədbirlərə baxmayaraq, 2016-cı ilin 9 ayı ərzində  respublikanın avtomobil yollarında və Bakı şəhər yollarında 494 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6783,1 p/m əyrixətli tirlər, 12 ədəd işıq dirəyi, 12 p/m səsboğucu qurğu, 139 metr dəmir-beton sədlər, 30 p/m körpü məhəccəri, 31 p/m istinad divarı və 29 ədəd yol nişanı yararsız hala düşmüşdür. Ümümilikdə yol təsərrüfatına 593 238,0 manat məbləğində maddi ziyan dəymiş, bundan 294 871,0 manat (49,7%) ödənilmişdir.

 

          Dəymiş ziyanın ödənilməsi məqsədilə, 334 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunmuş, 51 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət olunmuş, 105 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunmuşdur.

 

                   

                                                  Maddi-Texniki bazanın gücləndirilməsi

 

          “Azəravtoyol” ASC-nin maddi-texniki bazasını gücləndirmək məqsədilə 3 ədəd buldozer, 1 ədəd 14 tonluq vərdənə və 10 ədəd hidravlik çəkic alınmışdır.

 

          Hesabat dövrü ərzində Cəmiyyətin “Bakı 2 №-li Yol İstismarı” MMC-nin nəzdində Almaniya Federativ Respublikasından alınmış Lintex-3000 markalı, məhsuldarlığı 240 ton/saat olan asfalt-beton və emulsiya zavodları quraşdırılaraq istismara verilmişdir. Asfalt-beton  zavodunun ərazisində hər biri 100 ton olan 11 ədəd bitum çəni də qoyulmuşdur ki, bunlardan 2 ədədi xüsusi kimyəvi qatqı qatılaraq yüksək keyfiyyətə malik polimer asfalt-beton qarışığı istehsalı üçün nəzərdə tutulmuşdur. Zavod həm mavi yanacaq, həm də dizel yanacağı ilə çalışır. Bunun üçün ərazidə 35 tonluq dizel çəni quraşdırılmış, qaz təminatı üçün 4 km-ə yaxın yüksək təzyiqli qaz xətti çəkilmişdir.

 

          “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası olaraq “Azəravtoyol” ASC tərəfindən elektron xidmət bölməsi yaradılmış və istifadəyə verilmişdir.

 

 

                                                          Ekologiya və yaşıllaşdırma

 

          “Azəravtoyol” ASC-nin Yol Yaşıllaşdırma Məhdud Məsuliyyətli Cəmiyyətləri 1 600 km magistral avtomobil yolunun, 1 824 km isə respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə 3 424 km avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərir. Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 194 987 ədəd, o cümlədən 956 638 ədəd çoxillik ağac mövcuddur.

 

       2016-cı ilin 9 ayı ərzində avtomobil yollarının təhkim zolağında 97 532 ədəd, müxtəlif növ ağac və kol bitkisi əkilmişdir.

 

          "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri tərəfindən respublikanın avtomobil yollarının mühafizə zolağında davamlı olaraq ağacəkmə aksiyaları keçirilir. Belə ki, Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri tərəfindən özlərinin tinglik sahələrində yetişdirilmiş ağaclardan istifadə etməklə Hacıqabul-Kürdəmir yolunun kənarında 6000 ədəd, Ələt-Astara avtomobil yolunun Salyan və Biləsuvar rayonlarının ərazisindən keçən hissəsinin kənarında 1 000 ədəd, Gəncə-Samux, Gəncə-Şəmkir, Yevlax-Bərdə avtomobil yollarının kənarında 3000 ədəd, Şəki, Qax Balakən, Zaqatala, Oğuz sahəsində 3 000 ədəd, Şəmkir-Tovuz-Ağstafa 11 500 ədəd, Göygöl-Yevlax-Bərdə avtomobil yolunun kənarında 7 000 ədəd, ümumilikdə 31 500 ədəd eldar şamı, iydə, ağcaqayın, aksiya, sərv və  digər müxtəlif növ ağac əkilmişdir.

 

          “Azəravtoyol” ASC-nin yeni təsdiq edilmiş strukturuna uyğun olaraq tabeli qurumların inzibati binaları və istehsalat sahələrində təmir və yenidən qurma işləri aparılir.  Hal-hazırda 2 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması MMC üçün inzibati binanın tikintisi tamamlanmaq üzrədir. İsmayıllı və Salyan MMC-nin inzibati binalarında isə əsaslı təmir işləri başa çatdırılmışdır.

 

          Yol Yaşıllaşdırma MMC-ləri tərəfindən 8,9 hektar ərazidə yaradılmış  7 tinglik sahəsində 86 730 ədəd müxtəlif növ ağac və kol bitkisi əkin üçün istifadə edilmişdir. Hal-hazırda bu tinglik sahələrində 91 920 ədəd ağac və kol bitkisi yetişdirilir.

 

          Yol Yaşıllaşdırma MMC-ləri Bakı şəhərində 95,9 hektar yaşıllıq sahəsinə, o cümlədən 13,5 hektar qazon sahəsinə, 96 786 ədəd müxtəlif növ ağac və kol bitkisinə xidmət göstərirlər. Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri tərəfindən Bakı şəhərinin Zığ dairəsi-Hava Limanı avtomobil yolu və Bakı Dairəvi avtomobil yollarının mühafizə zolağında 6000 ədəd eldar şamı əkilmişdir. Bu yaşıllıq sahələrinə su xəttləri çəkilmiş, damla üsulu ilə suvarma sistemləri quraşdırılmışdır.

 

 

     Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına

əməl edilməsinin vəziyyəti barədə

 

        Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərin yoxlanılması müvafiq normativ-hüquqi sənədlərin tələblərinə uyğun qaydada təşkil edilmişdir. Əməyin mühafizəsi üzrə biliklərin yoxlanılması barədə müəyyən edilmiş formada vəsiqələrin verilmiş, üç pilləli nəzarət sistemi təşkil edilmişdir. Müəssisələrdə işçilərin sağlamlığının təminatı, iş qabiliyyətinin saxlanılması, o cümlədən, əmək haqqı və ona əlavələrin hesablanması və vaxtında ödənilməsi, digər ödənişlərin verilməsi, işçilərin növbəti məzuniyyətə buraxılması işləri müvafiq norma və qaydalara uyğun təşkil edilmişdir.

 

          Bütün işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması barədə “Qala-Həyat” Sığorta Şirkəti ASC ilə müqavilə bağlanmışdır və müqavilə şərtlərinə əməl edilir.

 

 

                                2016-2017 ci illərin Payız-qış mövsümünə hazırlıq

 

          “Azəravtoyol” ASC-nin balansında olan avtomobil yollarının, körpülərin, yol qurğularının, həmçinin tabelikdə olan Məhdud Məsuliyyətli Cəmiyyətlərin istehsalat bazalarının və idarə binalarının 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında başa çatdırılması məqsədi ilə  Cəmiyyət üzrə 2016-cı il 27 sentyabr tarixli 70 nömrəli əmr imzalanmışdır.

 

          Bu əmrə əsasən “Azəravtoyol” ASC-nin mərkəzi aparatında Qərargah yaradılmış və Tədbirlər Planı təsdiq edilmişdir.

 

          Tədbirlər Planının icrası olaraq Cəmiyyətin mərkəzi aparatında sutkalıq növbətçilik yaradılmış, yollarının və yol qurğularının istismar vəziyyəti barədə məlumatlar toplanması təmin edilmişdir.

 

          “Azərduz” ASC ilə bağlanmış müqaviləyə uyğun olaraq ilkin olaraq 2000,0 ton duz alınaraq tabeli müəssisələrə paylanması təşkil edilmişdir.

 

     Cəmiyyətin tabeliyindəki Məhdud Məsuliyyətli Cəmiyyətlərə tapşırılmışdır:

 - payız-qış mövsümündə vəziyyətə operativ nəzarəti təmin etmək məqsədilə qərargah yaratsınlar;

- qış mövsümündə Məhdud Məsuliyyətli Cəmiyyət üzrə sutkalıq növbətçiliyin yaradılmasını təmin etsinlər;

- yol texnikasının, maşın-mexanizmlərin və avtomobil nəqliyyatı vasitələrinin saz vəziyyətə gətirilməsini təmin etsinlər;

- körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpasını və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi işlərini aparsınlar;

- yol nişanlarının, yol avadanlıqlarının, siqnal dirəklərinin avtomobil dayanacaqlarının texniki vəziyyətinə baxış keçirsinlər və mövcud nöqsanları aradan qaldırsınlar;

- xidmət etdikləri avtomobil yollarında cari təmir, çiyinlərin bərkidilməsi, suötürücü boruların giriş-çıxış hissələrinin və küvetlərin təmizlənməsi işlərini vaxtında başa çatdırsınlar;

-  yol fəhlələrinin, sürücü və mexanizatorların xüsusi geyimlərlə təchiz olunmasını təmin etsinlər;

- tələb olunan miqdarda qum, texniki duz və yanacaq-sürtgü materialları ehtiyatını yaratsınlar;

-  mailliyi böyük olan sahələrdə və sərt döngələrdə səpilməsi üçün yığılmış qum və duz ehtiyatlarından səmərəli istifadə etsinlər;

-  tədbirlər planında nəzərdə tutulmuş hazırlıq işlərinin 2016-cı il 15 oktyabr tarixədək başa çatdırsınlar;

-  yerinə yetirilən işlər barədə məlumatları Cəmiyyətin Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsinə təqdim etsinlər.