Az    |     En
      

          “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti  Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərir, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirir.

 

          28 dekabr 2015-ci il tarixində prezident İlham Əliyev “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzaladı.

          

          Sərəncama əsasən, Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi ölkənin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidən qurulmasına güclü təkan vermişdir. Qəbul olunmuş proqramlar çərçivəsində Bakıda, habelə ölkənin digər şəhər və rayonlarında yeni avtomobil yollarının salınması, nəqliyyat qovşaqlarının və körpülərin tikintisi geniş vüsət almışdır. Göstərilən məsələlərin həlli istiqamətində görülən işlərin səmərəliliyinin artırılması, habelə ölkənin nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi məqsədilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarıldı.

        

          Ölkə başçısının 28 dekabr 2015-ci il tarixində imzaladığı digər bir sərəncamı ilə Saleh Ərşad oğlu Məmmədov "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edildi.

 

          “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti haqqında Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-cı il tarixli Fərmanı ilə  “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırıldı.

 

          01.01.2015-ci il vəziyyətinə görə, Azərbaycan Respublikası "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin balansında ümumi istifadədə olan 17529 km uzunluqda avtomobil yolu var ki, onun da 4385 km-i Respublika əhəmiyyətli, 13158 km-i isə Yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir. Bu yollardan 2670 kilometri hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalıb. Cəmiyyətin balansında 1299 ədəd körpü var. 160 körpü işqal olunmuş ərazilərdə yerləşir.