Az    |     Ru    |     En
      

                                                                                         Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

       (ÇIXARIŞLAR)

     (Bu Məcəllə Azərbaycan Respublikasının 30 dekabr 1999-cu il tarixli 787-IQ nömrəli Qanunu ilə təsdiq edilmişdir)

        ONUNCU BÖLMƏ

             İÇTİMAİ TƏHLÜKƏSİZLİK VƏ İÇTİMAİ QAYDA ƏLEYHİNƏ OLAN

       CİNAYƏTLƏR

       25-ci fəsil

         İÇTİMAİ TƏHLÜKƏSİZLİK ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR

Maddə 222-1. Özbaşına tikinti işləri aparma

222-1.1. Qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikmə, mövcud tikililərin konstruksiyasında dəyişiklik etmə, habelə bu tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma, yenidənqurma işlərini aparma insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda

  • iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

222-1.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda

  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

222-1.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda

  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

Maddə 222-2. Müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma

222-2.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma—

  • iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

222-2.2. Eyni əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda—

  • üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 222-3. Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməmə

Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti, yenidən planlaşdırma, yenidənqurma və mövcud tikililərin konstruksiyalarında dəyişiklik aparılması işlərinin dayandırılması barədə müvafiq dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməmə—

  • iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

29-cu fəsil

Hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər

Maddə 262. Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma

262.1. Yerinə yetirdiyi işlə və ya tutduğu vəzifə ilə əlaqədar dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs tərəfindən həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—

  • iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

262.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda —

  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

262.2. Bu Məcəllənin 262.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

  • iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

262.3. Bu Məcəllənin 262.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda—

  • beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 263. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma

263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—

  • iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

263.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda —

  • üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

263.2. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

  • üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

263.3. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda—

  • beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə «digər mexaniki nəqliyyat vasitəsi» dedikdə trolleybuslar, traktorlar, motosikllər, habelə başqa özüyeriyən maşın və mexanizmlər nəzərdə tutulur.

Maddə 264. Yol nəqliyyat hadisəsi yerindən qaçma

Bu Məcəllənin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması—

  • üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxs bu maddə ilə cinayət məsuliyətinə cəlb edilməkdən azad olunur.

Maddə 265. Nəqliyyat vasitələrini keyfiyyətsiz təmir etmə və ya onları texniki cəhətdən nasaz vəziyyətdə işə buraxma

265.1. Nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlıqlarının keyfiyyətsiz təmir edilməsi, habelə nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxs tərəfindən texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismara buraxılması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—

  • yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

265.2. Eyni hərəkətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

  • beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

265.3. Bu Məcəllənin 265.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda—

  • üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 266. Nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salma

266.1. Dağıtmaq, zədələmək və ya başqa üsulla yolların, nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlığının yararsız vəziyyətə salınması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya külli miqdarda ziyan vurulmasına səbəb olduqda—

  • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

266.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

  • iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

266.3. Bu Məcəllənin 266.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin həlak olmasına səbəb olduqda—

  • üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 267. Nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozma

267.1. Sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263 və 264-cü maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—

  • min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

267.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

  • üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

267.3. Bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin həlak olmasına səbəb olduqda—

  • üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 268. Magistral boru kəmərlərinin inşası, istismarı və ya təmir edilməsi zamanı təhlükəsizlik qaydalarını pozma

268.1. Magistral boru kəmərlərinin inşası, istismarı və ya təmiri zamanı təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya külli miqdarda ziyan vurulmasına səbəb olduqda—

  • iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

268.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

  • beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

268.3. Bu Məcəllənin 268.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda—

  • üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 269. Gəmi kapitanının fəlakətə uğrayanlara kömək göstərməməsi

Dəniz və ya sair su yolunda fəlakətə uğrayanlara gəmi kapitanı tərəfindən öz gəmisi, onun heyəti və sərnişinləri üçün ciddi təhlükə olmadan kömək edə bildiyi halda kömək göstərməməsi—

  • iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 270. Beynəlxalq uçuş qaydalarını pozma

Müəyyən edilmiş icazədə göstərilən marşrutlara, enmə yerlərinə, hava qapılarına, uçuş yüksəkliyinə riayət etməmə və ya beynəlxalq uçuş qaydalarını başqa cür pozma—

  • beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin