Az    |     Ru    |     En
      

 

                                                                                              Azərbaycan Respublikasının Mülki Məcəlləsi

                                                                       (28 dekabr 1999-cu il tarixli, 779-IQ nömrəli Qanun ilə təsdiq edilmişdir)

                                                                                                                       Ümumi hissə

                                                                                                                      Üçünçü bölmə

                                                                                                            ƏMLAK VƏ ƏŞYA HÜQUQU

                                                                                                                            6-cı fəsil.

                                                                                                Mülkiyyət hüququnun ümumi müddəaları

Maddə 157. Mülkiyyətin müdafiəsi

157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

157.3. Çıxarılmışdır.

157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa, vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.

10-cu fəsil.

Mülkiyyət hüququnun xüsusi növləri

§ 3. Torpağa mülkiyyət hüququnun xüsusiyyətləri

Maddə 238. Torpaq mülkiyyət hüququnun obyekti kimi

238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

238.2. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir.

238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.

238.4. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir.

Maddə 240. Torpaq sahəsində tikinti

240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.

240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.

240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir.

Maddə 241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları

241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər.

241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.

241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər.

241.4. Hüquqi şəxs yenidən təşkil edilərkən ona mənsub torpaq sahəsindən istifadə hüququ onun hüquq varisinə keçir.

Maddə 242. Torpaq sahəsinə sahiblik və ondan istifadə

242.1. Çıxarılmışdır.

242.2. İstifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər.

Maddə 245. Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi

Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. (12)

Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması

246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir.

246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır.

246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir.

246.4. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alqı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirir:

246.4.1. mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir;

246.4.2. torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür;

246.4.3. satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir.

246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir.

246.6. Torpağın alınmasından imtina hesab edilən hallarda, imtina edilmiş alınmanın obyekti olan torpağın ən azı 3 (üç) il ərzində alınmasına təkrar başlanıla bilməz.

246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Maddə 247. Torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən kompensasiya

247.1. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır:

247.1.1. torpağın bazar qiymətinin müəyyən edilməsi;

247.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə, bərpa qiymətinin müəyyən edilməsi.

247.2. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən dövlət ehtiyacları üçün alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən, aşağıdakı amillər nəzərə alınır:

247.2.1. iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin;

247.2.2. ödəniləcək kompensasiya qiymətləndirilərkən, mövcud inflyasiya;

247.2.3. torpağın (tikilinin) «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş bazar qiyməti;

247.2.4. alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər;

247.2.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər;

247.2.6. alınma nəticəsində şəxs yaşayış, sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər.

247.3. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən dövlət ehtiyacları üçün alınan torpağa veriləcək kompensasiyanın məbləği müəyyən edilərkən, aşağıdakı amillər nəzərə alınmır:

247.3.1. alınmaya səbəb olan təcililiyin dərəcəsi;

247.3.2. alınmanın təsirinə məruz qalan şəxsin torpaqdan çıxmaqdan boyun qaçırması;

247.3.3. torpağın gələcəkdə istifadəsindən irəli gələ biləcək qiymətinin azalması;

247.3.4. torpağın gələcəkdə istifadəsindən irəli gələ biləcək qiymətinin artması;

247.3.5. alınan torpaqda hər hansı tikilinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri olan yenidən qurulmasına və kənd təsərrüfatı məqsədləri üçün torpaqda məhsulun davamlı becərilməsinə vəsait qoyuluşu halları istisna olmaqla, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq siyahıya alınma tarixindən sonra alınan torpağa sərf edilən yenidənqurma və digər əlavələrlə bağlı xərclər.

247.4. Dövlət ehtiyacları üçün alınan torpaqlara görə kompensasiya aşağıdakı formalarda ödənilir:

247.4.1. itirilmiş torpaqla müqayisə ediləcək keyfiyyətə, ölçüyə, istehsal potensialına malik olan torpaq sahəsi;

247.4.2. itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili;

247.4.3. kənd təsərrüfatı torpaqları itirildikdə, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan torpaqdan əlavə kənd təsərrüfatı torpağında istifadə etmək üçün bitkilər və toxumlar;

247.4.4. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş ümumi istifadədə olan əmlakla bağlı təminatlar;

247.4.5. torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq, müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi;

247.4.6. yerdəyişmə nəticəsində azalmış və ya itirilmiş gəlirin təmin edilməsi və ya əvəz edilməsi üçün müəyyən müddətə ödənişlər;

247.4.7. itirilmiş torpaqda əldə edilən qida məhsullarının və ya əvvəllər belə qida məhsullarını əldə etmək üçün istifadə olunmuş itirilmiş gəlirin əvəzinə müəyyən müddət ərzində qida məhsulları ilə mütəmadi təchizat;

247.4.8. yerdəyişmə nəticəsində itirilmiş iş imkanlarının əvəz edilməsi məqsədi ilə iş əldə etmək üçün alınmanın təsirinə məruz qalan şəxslərə yeni vərdişləri aşılamaqla və ya torpağın alınması layihəsi nəticəsində açılan iş imkanlarından istifadə etməklə əlaqədar təlimin təmin edilməsi;

247.4.9. alınmanın təsirinə məruz qalan şəxslərlə alan orqan arasında müəyyən edilən və ya razılaşdırılan digər kompensasiya formaları.

247.5. Alınmanın təsirinə məruz qalan şəxs ona ödənilməli kompensasiyanın bir və ya daha çox növünü seçə bilər.

Maddə 248. Məhkəmə təsdiqi

248.1. Alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər.

248.2. Alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir:

248.2.1. torpağın alınmasının «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının;

248.2.2. alınan torpağa sahibliyin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının;

248.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin.

248.3. Torpağının alınmasına, torpağının üzərində sahibliyin əldə olunmasına və ya təklif olunan kompensasiyaya etiraz edən alınmanın təsirinə məruz qalan şəxs aşağıdakı əsaslardan biri və ya bir neçəsi ilə məhkəməyə ərizə verə bilər:

248.3.1. torpağın alınmasının «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olması;

248.3.2. torpağın alındığı layihənin həyata keçirilməsi üçün lazım olmaması;

248.3.3. təklif olunan kompensasiyanın ədalətli olmaması;

248.3.4. alan orqanın müvafiq səlahiyyətlərə malik olmaması;

248.3.5. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş prosedurlara riayət edilməməsi və ya düzgün və ədalətli riayət edilməməsi.

248.4. Torpaq üzərində hüquqların alınma prosedurlarını başa çatdırmaq üçün tələb olunan hər hansı hərəkətlərlə əlaqədar alınmanın təsirinə məruz qalan şəxsin üzərinə heç bir xərc, ödəmə, yaxud başqa maliyyə tələbləri qoyula və ya alına bilməz.

Maddə 249. Torpağın alınması barədə qərarın hüquqi qüvvəsi

249.1. Torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən:

249.1.1. həmin torpaq alınan torpaq kimi tanınır;

249.1.2. alınan torpaqda yaşayan və ya ondan istifadə edən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən siyahıya alınmış şəxslər alınmanın təsirinə məruz qalan hesab edilir;

249.1.3. alan orqan alınan torpağın alınması ilə bağlı tələb olunan tədbirləri yerinə yetirmək öhdəliyini daşıyır;

249.1.4. köçürülmə planı və (və ya) təlimatı tələb olunan hallarda, alan orqan onların alınmanın təsirinə məruz qalan şəxslərlə məsləhətləşməklə ağlabatan müddətdə hazırlanmasını təmin etmək öhdəliyini daşıyır;

249.1.5. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara ödəniləcək kompensasiyanın müəyyən edilməsi məqsədi ilə alınan torpağın və həmin torpaqda yerləşən tikililərin (inşası başa çatdırılmamış tikililər də daxil olmaqla), məhsulun, bitkilərin, bütün digər təbii əşyaların və tikilmiş əmlakın qiymətləndirilməsində qiymətləndirmə komissiyasına kömək etmək öhdəliyini daşıyır;

249.1.6. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslərə və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır;

249.1.7. alan orqan kompensasiyanın ödənilməsi məqsədi ilə aidiyyəti dövlət orqanlarından vəsait almaq üçün zəruri sənədləri hazırlamaq öhdəliyini daşıyır.

249.2. Torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən dövlətin hüquqları alınmamış hər hansı torpağın alınmasından imtina etdiyi hallar və torpağın alınmasından imtina hesab edilən hallar istisna olmaqla, bu hüquq qanunla müəyyən olunmuş qaydada digər şəxslərə keçə bilər.

249.3. Müvafiq icra hakimiyyəti orqanı torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra alınan torpaqda başlanılmış tikintinin (inşaat işlərinin) dayandırılması və (və ya) tikilinin sökülməsi məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirləri həyata keçirə bilər.

249.4. Alan orqan torpağın alınması haqqında qərarın və həmin qərarın hüquqi qüvvəsinə dair arayışın surətini alınmanın təsirinə məruz qalan şəxslərin diqqətinə çatdırmaq vəzifəsini daşıyır.

XÜSUSİ HİSSƏ

VII. MÜQAVİLƏLƏRDƏN

ƏMƏLƏ GƏLƏN ÖHDƏLİKLƏR

 

46-cı fəsil

Daşıma

§ 1. Sərnişin daşınması

Maddə 842. Sərnişin daşınması müqaviləsi

842.1. Sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

842.2. Sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır.

842.3. Əgər bu Məcəllənin bu paraqrafından ayrı qayda irəli gəlmirsə, sərnişin daşınması haqqında müqaviləyə tapşırıq müqaviləsi haqqında göstərişlər tətbiq edilir.

Maddə 843. Sərnişin daşınmasının qiyməti

843.1. Əgər daşıma üçün müəyyən qiymət təyin edilməyibsə, daşımanın tarif qiyməti, tarif olmadıqda isə həmin nəqliyyat vasitəsində gediş üçün daşımanın müvafiq hissəsində tutulan adi haqq şərtləşdirilmiş haqq sayılır.

843.2. Daşımanın dəyəri daşıyıcının tələbi ilə, lakin ən geci sərnişin nəqliyyat vasitəsindən düşənədək ödənilməlidir.

Maddə 844. Sərnişinin başqa şəxslə əvəz edilməsi

Daşıma başlayanadək sərnişin gedişdə onun əvəzinə başqa şəxsin (üçüncü şəxsin) iştirak etməsini xahiş edə bilər. Əgər üçüncü şəxs daşımanın xüsusi tələblərinə uyğun gəlmirsə və ya onun iştirakına qanuni göstərişlər mane olursa, daşıyıcı onun iştirakına etiraz edə bilər. Daşıyıcı sərnişindən üçüncü şəxsin gedişi ilə əlaqədar yaranmış əlavə xərclərin əvəzini ödəməyi tələb edə bilər.

Maddə 845. Sərnişin daşınması müqaviləsinin daşıma başlayanadək ləğvi

845.1. Daşıma başlayanadək istənilən vaxt sərnişin müqavilənin ləğv olunduğunu bəyan edə bilər.

845.2. Müqavilənin ləğvi ilə daşıyıcı şərtləşdirilmiş haqqı almaq hüququnu itirir. Lakin o, ağlabatan kompensasiya tələb edə bilər. Kompensasiyanın miqdarı daşıyıcının qənaət etdiyi xərclərin və gediş hüququnu başqa şəxsə satmaqdan əldə edə biləcəyi gəlirin dəyəri çıxılmaqla gedişin dəyəri ilə müəyyənləşdirilir.

845.3. Adətən qənaət edilən xərclər və gedişin başqa şəxslərə satılması nəticəsində adətən əldə olunan mümkün gəlir nəzərə alınmaqla, müqavilədə hər nəqliyyat növü üçün kompensasiya kimi daşımanın dəyərindən faiz dərəcəsi müəyyənləşdirilə bilər.

Maddə 846. Sərnişin daşınmasının həyata keçirilməsi və daşıyıcının məsuliyyəti

846.1. Daşıyıcı daşımanı müqaviləyə, sərnişinlərin müdafiəsi üçün qüvvədə olan göstərişlərə və sərnişin nəqliyyat vasitələrinin istismarı qaydalarına uyğun həyata keçirməlidir. Əgər daşıma müqaviləsində xüsusi müddəalar yoxdursa, adi nəqliyyat növləri üçün yolun həmin hissəsində qüvvədə olan adi şərtlər razılaşdırılmış şərtlər sayılır. Əgər daşıma bu tələbləri təmin etmirsə, qüsurla həyata keçirilmiş sayılır.

846.2. Daşıma hər hansı qüsurla həyata keçirildikdə, sərnişinin, əgər o həmin qüsur barəsində dərhal daşıyıcıya bildiriş vermişsə və daşıyıcı qüsuru dərhal aradan qaldırmamışsa, aşağıdakı hüquqları vardır:

846.2.1. daşımanın dəyərinin ağlabatan dərəcədə aşağı salınmasını tələb etmək;

846.2.2. əgər daşıma qüsur nəticəsində xeyli pisləşmişsə və ya bu qüsura görə daşıyıcı üçün aşkar olan vacib əsaslar üzrə sərnişinə məqbul deyildirsə, gələcək üçün daşıma müqaviləsinin ləğv olunduğunu bəyan etmək.

846.3. Əgər müqavilə bu Məcəllənin 846.2.2-ci maddəsinə uyğun ləğv edilərsə, sərnişin özünü təhlükəyə məruz qoymayacağı ən yaxın yerdə nəqliyyat vasitəsini tərk edə bilər. Bu halda daşıyıcı daşımanın şərtləşdirilmiş dəyərinin daşımanın icra edilməmiş hissəsinə uyğun qismini almaq hüququnu itirir. Əgər göstərilmiş nəqliyyat xidmətləri müqavilənin ləğvi nəticəsində sərnişin üçün maraq doğurmursa, daşıyıcı daşımanın qalıq dəyərini almaq hüququnu da itirir.

846.4. Əgər daşıyıcıya bildirilmiş daşıma qüsuru daşıyıcının cavabdeh olduğu hallardan irəli gəlmişdirsə, sərnişin daşıma müqaviləsinin icra edilməməsi nəticəsində dəyən zərər üçün əlavə kompensasiya tələb edə bilər.

Maddə 847. Sərnişin daşınmaları zamanı qarşısıalınmaz qüvvə

847.1. Əgər daşıma müqaviləsinin bağlandığı məqamda qabaqcadan nəzərdə tutulması mümkün olmayan, nəqliyyat vasitəsinə texniki xidmət və onun istismarı ilə qarşılıqlı surətdə bağlı olmayan və ağlabatan ehtiyatlılıq şəraitində rəf edilməsi mümkün olmayan qarşısıalınmaz qüvvə ilə bağlı hadisənin kənarda baş verməsi nəticəsində daşıma xeyli çətinləşərsə, təhlükəyə məruz qalarsa və ya pisləşərsə, müqavilə həm daşıyıcı, həm də sərnişin tərəfindən ləğv edilə bilər.

847.2. Müqavilənin ləğv edildiyi halda sərnişin özünü təhlükəyə məruz qoymayacağı ən yaxın yerdə nəqliyyat vasitəsini tərk edə bilər, daşıyıcı isə daşımanın şərtləşdirilmiş dəyərinin daşımanın icra edilməmiş hissəsinə uyğun qismini almaq hüququnu itirir. Müqavilənin iştirakçıları geriyə daşıma üçün əlavə xərcləri yarıbayarı çəkirlər. Qalan əlavə xərcləri sərnişin çəkir.

Maddə 848. Sərnişinin pretenziyalarının ödənilməsi

Sərnişin bu Məcəllənin 846-cı maddəsinə əsasən pretenziyaları daşıyıcıya müqavilədə nəzərdə tutulan daşımanın qurtarmasından ən geci bir ay keçənədək verməlidir. Müddət keçdikdən sonra sərnişin pretenziyaları yalnız həmin müddəti öz təqsiri olmadan gözləyə bilmədiyi halda verə bilər. Daşıyıcı sərnişinin pretenziyalarını qəbul etmədikdə onlar daşımanın qurtarmasından altı ay keçənədək ödənilir, bir şərtlə ki, məhkəmə qaydasında bundan da tez ödənilmiş olmasın.

Maddə 849. Daşıyıcının məsuliyyətinin məhdudlaşdırılması

849.1. Əgər daşıyıcının ayrı-ayrı və ya bütün nəqliyyat xidmətlərinə qanuni və ya rəsmi göstərişlər və ya beynəlxalq konvensiyalar tətbiq edilirsə və bu göstərişlərə və konvensiyalara görə zərərin əvəzinin ödənilməsi hüququ yalnız müəyyən şərtlər və ya məhdudiyyətlər olduqda əmələ gəlirsə və ya həyata keçirilə bilirsə, yaxud müəyyən şərtlər olduqda istisna edilirsə, daşıyıcı sərnişin qarşısında həmin göstərişlərə yalnız onları yerinə yetirdiyi halda istinad edə bilər.

849.2. Bütün digər hallarda daşıyıcı sərnişinlə razılaşmaya əsasən öz məsuliyyətini daşımanın dəyərinin üç misli ilə məhdudlaşdıra bilər, bu şərtlə ki, sərnişinə zərər qəsdən və ya kobud ehtiyatsızlıq üzündən vurulmasın və ya sərnişin üçün yaranmış zərərə görə daşıyıcı yalnız onun xidmətində olmayan başqa şəxsin təqsiri nəticəsində məsuliyyət daşısın.

§ 2. Yük daşınması

Maddə 850. Yük daşınması müqaviləsi

850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı əşyaları haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduqları yerdən təyinat yerinə daşımağı (yola salmağı), yola salan və ya yükü alan isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

850.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.

Maddə 851. Yük göndərən və yük alan

Yük göndərən daşımanın təşəbbüsçüsü olan və daşıyıcı ilə müqavilə bağlayan şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər.

Maddə 852. Ekspeditor. Nəqliyyat komisyonçusu

852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsi ilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

852.2. Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir.

852.3. Ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərinin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir.

852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər:

852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu);

852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd.

852.5. Ekspeditor yük göndərənin göstərişlərindən bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir.

Maddə 853. Yük göndərənin zəruri məlumatları

853.1. Yük göndərən daşıyıcıya aşağıdakıları dəqiq göstərməlidir:

853.1.1. yük alanın ünvanı;

853.1.2. çatdırılma yeri;

853.1.3. yük yerlərinin miqdarı, qabı, tərkibi və brutto çəkisi;

853.1.4. göndərmə müddəti və nəqliyyat növü;

853.1.5. qiymətli obyektlər olduqda—onların dəyəri;

853.1.6. habelə xüsusi təhlükəli və potensial təhlükəli yüklər olduqda—təhlükənin konkret növü və belə hallarda qəbul edilməli ehtiyat tədbirləri.

853.2. Yük göndərən bü məlumatın olmaması və dəqiqsizliyi nəticəsində dəyən zərərin əvəzini ödəyir.

Maddə 854. Qaimə

854.1. Yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir:

854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə;

854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması;

854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi;

854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd-şərtlər;

854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ;

854.1.6. daşıyıcının yükə girov hüququ.

854.2. Qaimənin üç orijinalında yük göndərənin və daşıyıcının imzaları və ya ştempelləri olmalıdır. Qaimənin birinci nüsxəsi yük göndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir, üçüncü nüsxəsi isə daşıyıcıya verilir.

854.3. Qaimədə aşağıdakı məlumatlar göstərilməlidir:

854.3.1. bu Məcəllənin 853-cü maddəsində göstərilən məlumatlar;

854.3.2. qaimənin tərtib edildiyi yer və tarix;

854.3.3. yük göndərənin adı və ünvanı;

854.3.4. daşıyıcının adı və ünvanı;

854.3.5. yükləmənin yeri və tarixi;

854.3.6. yük yerlərinin adı və nömrələri;

854.3.7. daşımanın qiyməti (yük daşınması üçün haqq, əlavə xərclər);

854.3.8. zərurət olduqda daşımanın şərtləri barəsində yük göndərənin xüsusi göstərişləri.

854.4. Zərurət olduqda qaimədə aşağıdakı əlavə məlumatlar da göstərilə bilər:

854.4.1. yükün boşaldılıb başqa nəqliyyat vasitələrinə yüklənməsinin qadağan edilməsi;

854.4.2. yük göndərənin öz hesabına qəbul etdiyi və ya yükü alana avansını verdiyi xərclər;

854.4.3. yük alanın daşıyıcıya ödədiyi dəyər (yükə əlavə edilmiş, yük təhvil verilərkən icra olunmalı ödənişin məbləği);

854.4.4. yükün dəyəri;

854.4.5. yük göndərənin sığorta barəsində təlimatı;

854.4.6. yükün daşınması üçün şərtləşdirilmiş müddətlər;

854.4.7. daşıyıcıya yüklə birlikdə verilmiş sənədlərin siyahısı.

854.5. Yük göndərən qaimədəki məlumatların dəqiqliyi və tamlığı üçün daşıyıcı qarşısında məsuliyyət daşıyır.

854.6. Əgər yük göndərən bu Məcəllənin 854.3.2, 854.3.4-854.3.8 və ya 854.4-cü maddələrində nəzərdə tutulan məlumatları yanlış və ya natamam vermişdirsə, bununla əlaqədar bütün zərər üçün daşıyıcı qarşısında məsuliyyət daşıyır.

854.7. Qaimənin tərtib edilmədiyi, yaxud yanlış və ya natamam tərtib edildiyi, yaxud itirildiyi halda da yük daşınması müqaviləsi qüvvədə olur. Müqavilənin iştirakçıları yük daşınması haqqında şərtləşdirdikləri müqavilənin mövcudluğunu və məzmununu sübuta yarayan hər bir vasitə ilə sübut edə bilərlər.

Maddə 855. Yükün qablaşdırılması

855.1. Yük göndərən yükün lazımınca qablaşdırılmasını təmin etməlidir. O, qablaşdırmanın zahirən görünməyən qüsurları üçün məsuliyyət daşıyır.

855.2. Öz növbəsində daşıyıcı yükü daşımaya qeyd-şərtsiz qəbul edərkən mövcud olmuş zahirən görünən qüsurların nəticələri üçün məsuliyyət daşıyır.

Maddə 856. Yükə dair sərəncam vermək hüququ

856.1. Nə qədər ki yük hələ daşıyıcıdadır, yük göndərənin daşıyıcıya onun xərcləri və zərərləri üçün kompensasiya ödəyərək, yükü geri qəbul etmək və ya çatdırma yerini və yük alanı dəyişdirmək hüququ vardır. Bu müddəalar aşağıdakı hallarda tətbiq edilmir:

856.1.1. yük daşınması müqaviləsində və ya qaimədə yükə dair sərəncam verməyə yalnız yük alanın ixtiyarının çatdığı müəyyənləşdirildikdə;

856.1.2. qaimənin birinci nüsxəsi yük alana verildikdə;

856.1.3. yük təyinat yerinə gəldikdən sonra yük alan yükün çatdırılmasını tələb etdikdə və ya daşıyıcı qaimənin ikinci nüsxəsini yük alana verdikdə;

856.1.4. yük göndərən yükün alınması barədə daşıyıcıdan qəbz aldıqda və onu qaytara bilmədikdə.

856.2. Bu Məcəllənin 856.1.1-856.1.4-cü maddələrində nəzərdə tutulan hallarda daşıyıcı yük alanın göstərişlərinə şərtsiz əməl etməlidir. Bu Məcəllənin 856.1.4-cü maddəsində nəzərdə tutulan halda, yük təyinat yerinə gələnədək daşıyıcı bunu etməyə yalnız yükün alınması barədə yük alana qəbz çatdırıldıqda borcludur.

Maddə 857. Yükün gəlməsi haqqında bildiriş

Daşıyıcı yükün çatdırılma yerinə gəlməsi barədə yük alana dərhal bildiriş verməlidir.

Maddə 858. Yükün çatdırılması zamanı maneələr

858.1. Əgər yük qəbul edilmirsə və ya yük üzrə ödənişlər həyata keçirilmirsə və ya yük alanı müəyyənləşdirmək mümkün deyilsə, daşıyıcı yük göndərənə bu barədə məlumat verməli və yük göndərənin riski və hesabı ilə yükü müvəqqəti saxlamaya götürməli və ya saxlama üçün üçüncü şəxsə verməlidir. Əgər yük göndərən və yük alan şərait nəzərə alınmaqla ağlabatan müddət ərzində yükə dair zəruri sərəncamlar verməzlərsə, ekspertin köməyi ilə daşıyıcı eynilə komisyonçu kimi yükü ixtiyarlı şəxsin xeyrinə sata bilər.

858.2. Əgər yük tez korlanandırsa və ya onun ehtimal edilən dəyəri xərcləri ödəmirsə, daşıyıcı ləngimədən bu faktı rəsmən təyin edilmiş ekspertin köməyi ilə müəyyənləşdirməli və yükü çatdırılma zamanı maneələrin olduğu haldakı kimi eyni qaydada satmalıdır. Yükün satılmasına dair sərəncam verilməsi barədə iştirakçılara imkan daxilində bildiriş verilir.

858.3. Daşıyıcı yüklə rəftar üçün ona verilmiş səlahiyyətlərin icrası zamanı mülkiyyətçinin mənafelərini maksimum müdafiə etməyə borcludur. Bu vəzifələri öz təqsiri üzündən pozduqda o, zərərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıyır.

Maddə 859. Yük daşıyıcısının məsuliyyəti

859.1. Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır.

859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.

859.3. Əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir:

859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı;

859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi;

859.3.3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar.

859.4. Daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsi ilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır.

859.5. Daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. Bu müddəa aşağıdakı hallarda tətbiq edilmir:

859.5.1. daşıyıcı qəsd və ya kobud ehtiyatsızlıq üçün məsuliyyət daşıyırsa;

859.5.2. əgər iddialar yükün zahirən görünən zədələrinə əsaslanırsa, yük alan bunları şərait nəzərə alınmaqla onun üçün mümkün və yolverilən müddət ərzində aşkar etdikdə və bu barədə daşıyıcıya zədələr aşkar edildikdən sonra dərhal, lakin çatdırılmadan ən geci səkkiz gün keçənədək bildiriş verdikdə.

Maddə 860. Yükə girov hüququ

860.1. Daşıyıcı ona çatası daşıma haqqına və xərclərin kompensasiyasına əsasən yükə girov hüququna malikdir. Yükə girov hüququnun əldə edilməsinə bu Məcəllənin 182-ci maddəsinin müddəaları şamil edilir. Yük göndərənin yükün mülkiyyətçisi olmadığı, lakin həmin yük barəsində yük göndərənin yükün mülkiyyətçisindən sərəncam vermək səlahiyyəti olması ilə əlaqədar daşıyıcının vicdanlı olduğu hallarda da, yükə girov hüququ əldə edilir.

860.2. Əgər daşıyıcı öz girov hüququnu həyata keçirirsə, yükün çatdırılması yalnız mübahisəli məbləğin məhkəmədə depozitə qoyulduğu halda tələb edilə bilər. Bu məbləğ fraxt verənin girov hüququ barəsində yükü əvəz edir.

860.3. (Çıxarılıb)

Maddə 861. Yüklərin daşınması zamanı iddia müddətləri

Daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. Etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir.

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin