Az
      

Saleh Ərşad oğlu Məmmədov

 

Məmmədov Saleh Ərşad oğlu 1958-ci ildə Azərbaycan Respublikasının Tərtər rayonunda anadan olmuşdur.

 

Ali təhsillidir. 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Sənaye və mülki tikinti” və 2015-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq”  fakültələrini bitirmişdir.

 

S.Ə.Məmmədov əmək fəaliyyətinə 06.08.1980 - 15.10.1980-ci illərdə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventar Bürosunda mühəndis kimi başlamışdır.

 

1980-1982-ci illərdə Sovet Ordu sıralarında hərbi xidmət etdikdən sonra 1982-ci ildə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Mərkəzi Texniki İnventar Bürosunda mühəndis kimi fəaliyyətini davam etdirmişdir.

 

1982-1991-ci illərdə “Yoltəmirtikinti” Baş İdarəsinin 1 saylı Yol Tikinti İdarəsində mühəndis, baş mühəndis, rəis;

 

1991-1993-cü illərdə “Azərneft” Yol Tikinti Təmir Trestinin 3-saylı Yol Tikinti İdarəsində rəis;

 

1994-1995-ci  illərdə “Azkommunkomplekttexnika ” İstehsalat  Birliyində rəis;

 

1995-2003-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinin Körpü Tikinti Trestinin rəis mavini, 1 saylı Yerli Avtomobil Yolları İdarəsinin rəisi, Siyəzən 4-saylı Yol istismar İdarəsinin rəisi, 1 saylı Yol İstismar İdarəsinin rəisi;

 

2003-2015-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəisi, daha sonra “Azəryolservis” ASC-nin 1 saylı Yol İstismar İdarəsinin rəisi;

 

19.02.2015-ci il tarixindən 28.12.2015-ci il tarixinədək Azərbaycan Respublikası Nəqliyyat  Nazirliyinin “Azəryolservis” ASC sədrinin birinci müavini, “Azəryolservis” ASC sədrinin vəzifəsini müvəqqəti icra edən vəzifələrində çalışmışdır.

 

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2015-ci il tarixli Sərəncamı ilə Saleh Ərşad oğlu Məmmədov "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-ci il tarixli Fərmanı ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır.

 

Saleh Ərşad oğlu Məmmədov hal-hazırda “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışır.

 

2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2016-cı il dekabr ayının 1-dən Azərbaycan Həndbol Federasiyasının prezidentidir. 

 

Azərbacan Respublikası Prezidentinin 22.09.2010-cu il tarixli 744 nömrəli Sərəncamı ilə  “Tərəqqi” medalı,  Azərbaycan Respublikası Prezidentinin 10.04.2012 ci il tarixli 2151 nömrəli Sərəncamı ilə “Əməkdar Mühəndis” fəxri adı ilə təltif edilmişdir.

 

Ailəlidir, 4 övladı var.